AZ EN RU

Hörümçəklərin ilmə-ilmə tor atdığı memarlıq abidələrimiz

Qobustandan Gəmiqayaya kimi silinməz izlərlə həkk olunmuş qədim, çoxəsrlik Azərbaycan mədəniyyəti hər dövrdə sivilizasiyanın beşiyinə çevrilmişdir. Tarixboyu abidələrimizin başına nə oyunlar gətirilsə də, tarixi izlər silinməyə çalışılsa da, Əcəmi Əbubəkr oğlu kimi dünya şöhrətli memarlarımızdan miras qalan mədəniyyətimizin zərif və nümayişkəranə göstəricisi olan abidələrimiz tarixin qıy vuran səsindən haray salaraq bizi öz ağuşuna səsləyir, sinəsinin necə dağlandığını, bağrının necə yandığını küçə-küçə, dalan-dalan qışqırır. Sanki yuxudan səksənib oyanırıq, İlahi! Bizim əslimizə, nəslimizə şahid olub, tarix qoxan bu abidələrə etinasız yanaşmaq bizə üzüqaralıqdan başqa heç bir fayda verməz.

 Zaman-zaman müəyyən siyasətlərin, fəsad dolu qonşuların, xüsusən də imperializmin qurbanına hədəflənmiş Azərbaycan tarixi sanki müstəqillik əldə etdikdən sonra yenidən nəfəs almağa başladı. Cansız dediyimiz daşlar, tikililər və digər maddi mədəniyyət nümunələri çiçəklənmə dövrünə qədəm qoydu. Aparılan tədqiqatlara, araşdırmalara imkan yaradıldı ki, tarixi köklərimizin dövlət səviyyəsində yenidən öyrənilməsi istiqamətində layiqincə işlər görülsün. Müstəqil dövlətin Azərbaycançılıq kimi böyük ideoloji prinsipinə hesablanmış bu həssaslıq, dövlətin öz ölkəsinə və xalqına ən böyük töhfəsidir. Hər birimiz atacağımız addımımızda dövlətimizin bu ənənəsinə sadiq qalaraq kök salmış izlərimizə yenidən ayaq basıb, görünən və görünməyən tərəfləri aydınlatmaq prinsipində olmalıyıq. 
    Müstəqilliyimizə qədər hər dönəmdə tariximiz, mədəniyyətimiz kimi dini inanclarımızı yaşatmaq, ibadətgah yerlərimizə üz tutmağımız müəyyən basqılara və təqiblərə məruz qalmağımızla nəticələnmişdir. Lakin bunlara baxmayaraq, xalqımızın tarixboyu apardığı ən ağır mübarizələrdən biri də sədaqətlə öz maddi-mənəvi irsinə sahiblənərək bu ali dəyərləri qoruyub saxlamaq missiyasını özlərinə borc bilməsi olub. 
    Qədim yurd yeri, tarixi izləri özündə ehtiva edən Culfa rayonunun Xanəgah kəndi... O kənd ki əsrlərin sınağına meydan oxuyaraq tarixi qala rolunu oynamış, düşmənlərə sinə gərərək bugünkü günümüzdə də mərdlik, mübarizlik simvolumuza çevrilmişdir. Xanəgah kəndi, adından da göründüyü kimi, dini ritualların keçirildiyi və dini elmlərlə bağlılığı olan kəslərin ibadətgahına çevrilmiş müqəddəs bir məkandır. Kəndə daxil olarkən Əlincəqalanın əzəməti, yamaclardan Günəş kimi parlayan Şeyx Nəiminin türbəsi, səfalı havası və insanları oraya üz tutan qonaqları nağıllardakı kimi xeyirxahlıqla salamlayır. Kəndi addım-addım gəzdikcə tarix sanki insanı hər qarışda keçmişə boylanmağa vadar edir. “Səni bu hüsni-camal ilə, kamal ilə görüb, qorxdular həqq deməyə, döndülər insan dedilər”, – deyən haqq şairimiz ölməz Nəsiminin ustadı Fəzlullah Nəiminin izləridir kəndin hər köşəsi... 
    Orta əsrlər dövründə Azərbaycanın bir çox bölgəsində, o cümlədən adını xüsusi qeyd etdiyimiz Culfa rayon Xanəgah kəndində İslam ayinləri özünü əyani olaraq göstərməkdədir. Maddi-memarlıq abidələri olan daş tikililərimizin bir çoxu bunun ən bariz göstəricisidir. Belə ki, həmin dövrlər təsəvvüf və irfan olduqca nüfuzlu bir dini-ideoloji, ictimai-tarixi, əxlaqi-mənəvi və əqli-məfkurəvi cərəyan olmaqla təzadlı, özünəməxsus çoxşaxəliliyi ilə mürəkkəb irəliləmə yoluna cığır açmışdır. Elmi-fəlsəfi baxış nöqteyi-nəzərindən kəskin mübahisə və mücadiləyə baxmayaraq, bu yoldan mənəvi qida alan İslam alimləri zəngin bir irfan məktəbinin təməlini qoymuşlar. Xanəgah kəndi, demək olar ki, Azərbaycanda çox yayılmış dini cərəyanlardan olan Hürufilik fəlsəfəsinin əsas dayanıqlı məkanlarından biri kimi özünəməxsus bir məktəb rolunu oynamışdır. Bəlkə də, budur Xanəgah kəndinin insan ruhuna mənəvi rahatlıq gətirən ab-havası... Bu doğma diyarı gəzdikcə tarixi tikililərlə sanki canlı ünsiyyət qurub söhbət edirsən.
    Kəndi qədəm-qədəm gəzdikcə orta əsrlərə aid xırda günbəzli bir tarix-memarlıq abidəsi ilə qarşılaşdıq. Qədim yurd yerinin ən yaşlı sakinləri buranın adını “Xan hamamı” kimi bildiklərini nəzərimizə çatdırdı. Lakin elmi mənbələrə, alim və tədqiqatçılarımızın araşdırmalarına nəzər saldıqda məlum olur ki, 1978-ci ildə torpağın altından aşkar edilmiş bu abidə vaxtilə burada yaşamış dərviş təriqətlərinə mənsub olub. Əlincəqalanın gündoğan hissəsindən bir az aralıda yerləşən bu qədim tikili, planda dördkünc formada olmaqla yan tərəflərdən divarla əhatələnərək üstü bişmiş qırmızı kərpicdən günbəzlə bağlanmışdır. Şərq memarlıq xüsusiyyətlərini özündə əxz edən binanın günbəzinin orta hissəsi də özünəməxsus, fərqli formadadır. Belə ki, bəhs etdiyimiz tarixi tikilinin günbəzi üzərində həm havalandırma, eləcə də Günəş işığının içərini daha da aydınlatması üçün nəzərdə tutulmuş kiçik bir dördayaqlı balaca günbəz yerləşir. Qeyd edək ki, bir çox qədim hamamların günbəzlərinin üzərində bu cür tikiliş formasına rast gəlindiyindən yerli sakinlər də buranın hamam olduğunu düşünürlər. Hətta yaşlı sakinlərlə danışıq zamanı onu da bildirdilər ki, həmin dövrdə abidənin yer döşəməsi hansısa səbəbdən sökülmüş, içəri və çöl tərəfindən su boruları çıxarılmışdır. Bəlkə də, bu səbəbdəndir ki, yerli kənd sakinləri oranın hamam olduğu qənaətindədirlər. 
    Memarın xüsusi sənətkarlıq məharəti və ali memarlıq məktəbinə mənsubluğu abidənin kvadrat əsasdan günbəzə keçid sistemində daha aydın görünür. Memar binanın daxilindən bu quruluşu künc trompları vasitəsilə həll etməklə bu adi trompların daxili quruluşunun mükəmməl və estetik baxımdan da gözoxşayan interyerin ərsəyə gəlməsinə nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər memar tərəfindən olduqca orijinal halda stalaktitə bənzər forma almışdır. Abidənin taxta qapısı üzərində və sol tərəf divarında baştağı üçkünc formalı olan pəncərə yerləşir. Digər iki divarda isə eyni formalı baştağlar qapalı formada yer alır. Həmin bu iki qapalı baştağın aşağı hissəsində isə dördkünc formada taxçalar yer almaqdadır. Alimlərin araşdırmalarına görə, bu tip xüsusi günbəzli tikililər orta əsrlərin “Təkyə” və eləcə də “Zaviyə” adlandırılan dini müəssisələr qrupunu təmsil edirmiş. Buna əsaslanaraq da qeyd etmək olar ki, dərviş təriqətinə mənsub olan şəxslər bu və bunun kimi tikililərdə ömürlərini ibadətə həsr ediblər. 
    Əməkdar elm xadimi, memar, professor Əbdülvahab Salamzadə və sənətşünaslıq doktoru, professor Kamil Məmmədzadənin birgə tədqiqləri zamanı da bu memarlıq abidəsinin XIV əsrə aid olması ehtimalını xüsusi olaraq qeydlərində göstərmişlər. 
    Təəssüf ki, bu binanın kitabə və bu kimi məlumat mənbəyi olan digər ünsürlərinin günümüzə kimi gəlib çatmaması abidənin dəqiq tarixinin müəyyənləşdirilməsinə imkan vermir. Lakin bu kimi hallarda alim və tədqiqatçılarımız günbəzin dayaq sisteminin təşkilinin yuxarıda şərh olunmuş xüsusiyyətlərinə istinad edərək onun tarixini təxminən də olsa, müəyyənləşdirməyə çalışmışlar. 
    Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin 70 il sovetlər birliyinin tərkibində bu ideologiyanın təsirinə məruz qalması bütün sahələrdə özünü göstərdiyi kimi, tarix-memarlıq abidələrimizdən, o cümlədən insanların dini inanclarından da yan keçməmişdir. Yerli kənd camaatı ilə söhbətimiz zamanı onu da öyrəndik ki, “təkyə” kimi bilinən tarixi tikilinin yaxınlığında, təqribən, eyni ölçüdə həmin abidəyə bənzər bir tikili də olub. Son zamanlara kimi uçub dağılmış formasının bir hissəsi qalsa da, biganə və laqeyd münasibət üzündən orada yaşayan sakinlər tərəfindən tamamilə məhv edilərək, tarixin dolanbac küçələrində izini itirərək yaşadıqları evlərin həyətyanı sahələrinə əlavə etmişlər. 
    Təəssüf hissi ilə qeyd edək ki, ölkə əhəmiyyətli bu cür tarix-memarlıq abidəsi hələ də qapısı bağlı halda, incə toxunuşlarla bərpasını gözləmək ümidi ilə kənd sakinlərinin xeyir-duası nəticəsində ayaqda durub. Bu qədər incə və həssas, Şərq üslubunda tikilmiş əzəmətli memarlıq abidəsi tarixi çətinliklərə, təbii hadisələrə, siyasi çaxnaşmalara məkan olmuş, sinə gərib gövdə verərək ayaqda durmuşdur. Bu tarix saçan incimiz yarasına məlhəm olmağımızı gözlədiyi halda, adi qara suvaqla abidəyə yamaq vurularaq yarası qanadılmış, lakin bağrı yansa da, çatlasa da, Əlincəqaladan aldığı məğrurluqla bir an olsun öz duruşunu itirməmişdir. Divarları nəm çəkmiş, açılmayan qapısında hörümçəklərin ilmə-ilmə tor atdığı bu abidə ümid edirik ki, dövlət qayğısından bəhrələnərək ora üz tutan yerli və əcnəbi turistlərin sevimli məkanına çevriləcək. Bu qapını açıb tarixə ümidlə boylanmaq da “Şərq qapısı”nın şanlı tarixinə jurnalist qələmindən süzülən həssas duyğularla yazıldı. Abidənin yenidən bərpasınının xəbərini yazmaq arzusuyla da oradan ayrıldıq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 21.08.2023 15:52