AZ EN RU

Hörümçək torunun qurbanları

Hazırda inkişaf edən və etməkdə olan dövrümüzü internetsiz təsəvvür etmək olduqca çətindir. Gün ərzində hər kəs azı bir elektron cihazdan istifadə edərək vaxtının çox hissəsini “elektron hörümçək toru” adlandırdığımız internet resurslarında  keçirir.

İnkişaf edən texnologiyalar varsa, deməli, inkişaf etmək və məlumat toplamaq arzusu ilə yaşayan insanlar da var. Şübhəsiz ki, dərslərimizi, ofis işlərimizi asanlaşdıran, istədiyimiz məlumatı dünyanın istənilən yerinə ötürmək və qəbul etmək imkanını bizə təqdim edən internetdən bəzən başqa məqsədlər üçün də istifadə olunur. O zaman həm şəxsi məlumatlarımıza, həm də büdcəmizə ciddi şəkildə ziyan dəyə bilər. Bu fikri ümumiləşdirsək kibercinayətin qurbanına çevrilə bilərik. 

Bəs bu işin peşəkarları olan kompüter mütəxəssisləri kibercinayətin qurbanları olmamağımız üçün bizə hansı məsləhətləri verirlər? Gəlin bu sualların cavabını ətraflı şəkildə informasiya texnologiyaları üzrə mütəxəssis İsmayıl Şirzadovdan öyrənək.

O deyir ki, “niyə kibercinayətin qurbanına çevrilirik?”, sualına nəzər saldıqda görərik ki, günahı tək kibercinayəti edən insanlarda deyil, bunun qurbanına çevrilən şəxslərdə də görmək olar.

Bəzən insanlar asan yoldan pul qazanmaq istəklərinə məğlub olurlar və nəticədə, müxtəlif mərc saytlarına üz tuturlar. Bir nüansı unutmamalıyıq ki, bank məlumatlarımız bizim şəxsi məlumatlarımız sırasına daxildir. Onu bütün mərc saytlarında gördüyümüz “kartınızı daxil edin” yazılan hər yerə daxil etmək olmaz. Hətta siz bəzən kartınıza gələn təsdiq kodu ilə də mərc saytlarına yazdığınız kart nömrəniz ilə orada istənilən əməliyyatın aparılmasına icazə verirsiniz. Çox insan özü icazə vermədiyi halda kartından cüzi məbləğlərin çıxıldığını qeyd edir. Bunu da unutmayaq ki, elə saytlar var ki, artıq o sizdən növbəti dəfə məbləğinizdən çıxarış etmək barədə icazə istəməyə və nəticədə, sizin bank hesablarınızı asanlıqla boşalda bilər.

Sosial şəbəkələrdə gəzinərkən hər kəsin qarşısına şablon reklamlar çıxa bilər. Bu reklamlardan ən populyarı isə X bir bankın bütün xalqa 200 manat dəyərində pul mükafatı verməsidir.  Sonra isə ardınca sizi bir linkə yönləndirəcək və kart məlumatlarınızı daxil edərək pulu əldə edə biləcəyinizi söyləyəcək. Axı bir düşünün cüzi bir məbləği belə faizlə verən X bir bank niyə hər kəsə hədiyyə pullar dağıtsın? Adından istifadə olunan bankın bu məlumatdan xəbəri olmadığı təqdirdə insanlar bu məlumatlara asanlıqla inanırlar.

Saxta linklərin olması da dövrümüzün aktual məsələlərdən birinə çevrilmişdir ki, bunlara “fishing linklər” deyilir. Bunların nəticəsində də biz kibercinayətin qurbanına çevrilirik.

Elə məhz buna görə də balıq ovu mənasını verən “FİSHİNG” ifadəsi bu sahədə məşhurlaşmışdır. Burada əsas məna isə ortaya cüzi bir yem ataraq balıq ovuna bənzər bir ovu reallaşdırmaqdır.

Müsahibim onu da qeyd etdi ki, linklər və kart hesablarında diqqətli olmaqla yanaşı, tanımadığınız elektron poçtların, şəkil və videoların açılması da bəzən sizin zərərinizə ola bilər. Bu göndərilənlərin açılması və qəbul edilməsi belə sizin şəxsi məlumatlarınızı ələ keçirməklərinə imkan verə bilər. Sonra isə bunlar digər bir məşhur hadisə ilə, şantajla nəticələnə bilər.

44 günlük Vətən müharibəsində hərbi sirrin qorunması məqsədilə internet resurslarına məhdudiyyətlər qoyulduğunu, yəqin ki, hər birimiz xatırlayırıq. Bəs bunun kibertəhlükəsizliklə əlaqəsi nədən ibarətdir? İnternetə məhdudiyyət tətbiq edilən zaman insanların daxilindən gələn maraqlar onları müxtəlif yollarla internetdəki qadağaları VPN-lər vasitəsilə ortadan götürmə, bəzən, hətta məhdudlaşdırılmayan bəzi sosial şəbəkələrdə belə VPN-lərin yüklənməsi üçün müxtəlif reklamlar ilə qarşılaşırdıq. Elə məhz bu proqramların bəzilərinin təminatçısı düşmən mövqe olurdu. Onlar sosial şəbəkələrə müxtəlif məbləğdə pullar ödəyərək Azərbaycan reklam səhifələrinə daxil olaraq bizim qarşımıza çıxır və bizim yükləməyimiz nəticəsində isə bəzən şəxsi məlumatlarımız qarşı tərəfə ötürülə bilirdi.

Heç hər hansı proqrama daxil olarkən icazələrlə qarşılaşmısınız? Gəlin bir düşünək. Nə üçün musiqi dinləmək üçün daxil olduğumuz proqramın kontaktımızda olan nömrələrlə əlaqə yaratması üçün icazə verək? Bir proqram təminatı ki, öz funksiyasından başqa bir məqsəd üçün icazə istəyir, buna qəti şəkildə icazə vermək olmaz. 

Hətta bəzən bu icazələri mobil telefonlarda olan blutuz funksiyası vasitəsilə hər hansı bir cihaza musiqi dinləmək üçün daxil olduğumuz zaman da görə bilərik. Mobil telefonlarda olan mövqe (location) funksiyası və yaxud da bank kartlarının NFC (Near Field Communication) vasitəsilə mobil telefon ilə uzaqdan ödəniş etmə funksiyası da bəzən bizə baha başa gələ bilər. Ona görə də bu funksiyaların istifadə məqsədi bitdikdən dərhal sonra söndürülməsi məsləhət görülür. 

İsmayıl Şirzadov deyir ki, mobil oyunlar və digər proqramlardan istifadə edərkən də bəzən sındırılmış versiyalara üz tutaraq onları yükləyirik. Bəs bu bizim üçün nə dərəcə təhlükəlidir? Bəzən oyun oynayarkən öz yoldaşlarımızı ötüb keçmək istəyərkən hər hansısa bir oyunun və yaxud da kiminsə göndərdiyi yazını gizli şəkildə oxumaq istəyi ilə “Whatsapp” kimi bir neçə proqramın sındırılmış versiyalarına üz tuturuq. Amma bunları yükləyən zaman, bayaq qeyd etdiyimiz, icazələrə diqqət edək. Düşünün ki, sizin şəxsi yazışmalarınız və digər məlumatlarınız 3-4 nəfərin bir yerə toplaşıb ərsəyə gətirdiyi proqramdan istifadə zamanı şəxsi məlumatlarımız həmin şəxslərə ötürülə bilər. Ona görə də bu kimi proqramların təsdiqli şəkildə PlayStore və AppStore kimi proqramlardan yüklənməsi məsləhət görülür.

Bir məqamı da qeyd edək, sosial media hesablarınızda vaxt keçirərkən Amerika, Çin, İngiltərə və sair kimi ölkələrdə yaşayanların sizə hər hansı bir xarici bankda babanızdan və yaxud da başqa bir şəxsdən miras qaldığı ilə bağlı mesajlar göndərənlərlə, şübhəsiz ki, bəziləriniz qarşılaşıb. Burada isə, nəticədə, onlar pulu bankdan çıxartmaq üçün sizdən müəyyən bir məbləğ istəyib gözdən itəcəklər.

Elektron cihazlar hər kəsdə varsa, deməli, problem də buradan yaranacaq. Həmin cihazın kimin əlində olması və nə məqsədlə istifadə etməsi bizə məlum deyil. Günümüzün böyük bir hissəsini mobil telefonlarla elektron hörümçək torunda keçiririksə, ehtiyat etmək lazımdır. Axı o torda öz şikarını gözləyən hörümçəklər və yaxud da, saxta linklərlə ova çıxan balıq ovçuları da ola bilər.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 15.04.2024 22:04