AZ EN RU

Hörmətli məktub

Culfa rayonunun Yaycı kəndindən Füzuliyə uzanan 
şərəfli yolun qəhrəman şəhidi Məzahir Nəcəfovun əziz xatirəsinə

 Salam, mənim yasəmən ətirli anam. Bilirəm ki, sənə 1994-cü ilin yanvarında göndərdiyim məktubu hələ də saxlayırsan. Hər gün oxuyub gözyaşı tökürsən, o məktubun son olduğunu düşünüb. Amma elə deyil, mənim kefim həmin ildən bu yana heç açılmırdı, əlim gəlmirdi sizə yazım. Nə yazardım axı uçulan saraylardan, xarabaya çevrilən məscidlərdən, məzarları dağıdılan soydaşlarımızın narahat ruhundan, ya düşmən tapdağında inləyən torpaqdan?

Yaza bilmirdim, ana, bunları sizə deyə bilmirdim. Səbirlə gözləyirdim bizim davamçılarımızın gəlib ruhumuzu azad edəcəyi günü. Qardaşımın balası dünyaya gələndə çox sevindim. Adımı ona verdiyiniz üçün sağ olun. Arzu edirdim ki, o gəlib ruhumu azad edənlərdən olsun. Mənim haqqımda danışdığın nağıllarla böyütdün Məzahiri. O böyüyüb əyninə hərbi forma geyinəndə mən onu şərəflə göylərdən izlədikcə ruhum ağ göyərçinə dönüb qapımıza gəldi. Həsrətlə gözləyirdim onu Füzuli torpağında əlində üçrəngli bayraqla görəcəyim günü. Düz 26 il gözlədim, amma ümidimi itirmədim. Və həmin gün gələndə, düşmən postlarına atılan mərmilərin səsini eşidəndə, illərdir, öz doğmalarının həsrətini çəkən torpaqda irəliləyən tankların izlərini görəndə bildim ki, azad olur narahat ruhlarımız. Sinəsindən vurulan  şəhid oğulların dostlarının çiynində necə daşındığını, əsgərinə “ardımca”, – deyən zabitləri görəndə, Vətən müharibəsində Məzahirin qəhrəmanlığına şahid olanda bir daha anladım ki, illərdir, bu xalq bu günü necə səbirsizliklə gözləyirdi. Mən günlərlə Məzahirin başı üstündə dolanıb onu izlədim və o, evimizə sağ-salamat qayıdanda çox sevindim. Ana, ürəyin bir dəfə yanmışdı axı. Ona görə dua edirdim ki, Məzahir sağ qayıtsın evimizə. Vətən savaşı qələbə ilə başa çatanda mənim illərdir, nigaran olan ruhum da dincəldi. Mənim Yasəmən anam, ürəyin sızlamasın ki, mənim məzarım yoxdur. Sən hər şəhid məzarını mənim məzarım bil. Onların hər birini mən hesab elə. Bil ki, mənim məzarım bir ovuc Vətən torpağıdır. Dağlarda lalələr, həyətimizdə ağaclar çiçək açanda bil ki, mən gəlmişəm. Hər an səni duyuram, unutma, ana. Ağlama mən şəhid oldum deyə, ürəyin yananda adıma salınan bulağın sərin suyundan iç, kədərlənəndə qarşısına büstüm qoyulan məktəbə get, oradakı firavan, azad Vətənin uşaqlarına bax. Əmin ol ki, bu Vətənin körpələri azad və bütöv Azərbaycanın övladları kimi böyüdükcə bizim adımız da yaşayacaq, sanımız bulaqların gözündən axan su kimi olacaq. 
26 il mənim narahat ruhum gəzdi, dolaşdı bu Vətənin göylərində. Amma üç ildir, ruhum şaddır. Sevinirəm, çünki uğrunda canımdan keçdiyim Vətən torpağında öz balalarımız dolanır. Həyat yenidən qayıdır Qarabağa, bax indi kefim yüz biri vurur. İllərdir, düşmən tapdağında olan yurdumuz indi yenidən dirçəlir. Bu torpağın sahibləri var olduqca, qurub-yaratdıqca bizim də ruhumuz şad olacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 31.03.2024 19:00