AZ EN RU

Heydər məscidi kompleksində tikinti işləri yekunlaşmaq üzrədir

    Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, fərqli zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına və inkişafına mühüm töhfələr verib. Bununla yanaşı, diqqətə çatdırmalıyıq ki, Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin uğurlu davamıdır ki, ölkəmizdə, eləcə də muxtar diyarımızda dini dəyərlərin qorunması istiqamətində mədəniyyət ocaqlarının, pir və imamzadə komplekslərinin, ziyarətgahların bərpası, məscid və digər dini-mədəni yerlərin inşası üstünlük təşkil edir. Muxtar respublikada 200-dən artıq məscid və 18 dini icmanın fəaliyyət göstərməsi də məhz buna əyani sübutdur. 
    Hazırda muxtar respublikamızda 214 məscid fəaliyyət göstərir ki, onlardan ən böyük və ehtişamlı sayılanı şəhərimizin görkəmli yerlərindən birində ucaldılan və yaxında tikintisi başa çatacaq Heydər məscidi kompleksidir. Eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi kompleks 6 min 400 kvadratmetr sahəni əhatə edir. Bununla belə iki minarəli 15 günbəzli məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalı və mədrəsə olacaq. Naxçıvan və Şərq memarlıq məktəbi üslubunda tikilən məscidin minarələrinin hündürlüyü 40, günbəzlərinin hündürlüyü isə 12 metrdir. Həmçinin kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər otaqlar, mərasim evində isə qadın və kişilər üçün ayrıca bölmələr, eləcə də dəstəmazxanalar olacaq. Hazırda məscid kompleksində işlərin böyük bir hissəsi yekunlaşıb. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 03.04.2023 19:20