AZ EN RU

“Heydər Əliyevlə müsahibə”ni çap etdirdiyinə görə işdən “öz ərizəsilə” azad edilən jurnalistlə üz-üzə

Mərkəzi hakimiyyət bu müsahibəyə görə mənim ən sərt formada cəzalanmağımı göstəriş vermişdi...

(Əvvəli qəzetin 29 noyabr
 2023-cü il tarixli sayında)
    ...Bəli, sabahkı gün görüşə getdim və onu ilk gördüyümdə gözlərimə inana bilmədim. İlahi, bu o nəhəng, bütün dünyanın tanıdığı, səsini hər zaman televizordan eşitdiyim insandırmı? 
    “Xoş gəlmisiniz, cavan oğlan. Saatlıda nə var, nə yox?” – deyəndə sanki yuxudan ayıldım. Bəli, bu, O idi! Qəribə hisslər keçirirdim. Xoşbəxtliyin elə bir dərəcəsini yaşayırdım ki, bunu sözlə ifadə etmək mümkün deyil. Mən, sözün əsl mənasında, uca bir zirvə ilə üz-üzə, nəfəs-nəfəsə idim...
    ...Biz arxa otağa keçdik, içəri çox səliqəli idi. Çay süfrəsi də hazırlanmışdı. Otaqda qızı Sevil xanım və nəvələri idi. Ulu Öndər müsahibənin tamamilə audioyazıya köçürülməsini istədi. Mən də bu cür edəcəyimi dedim. Amma inanın ki, hələ həyəcanım getməmişdi. Bu yerdə yenə də dahi şəxsiyyət köməyimə çatdı və mənə Saatlıda xeyli adamı tanıdığını bildirdi. Sonra isə qayıtdı ki, sənin familiyan mənə çox tanış gəlir. Kimlərdənsən? – deyə soruşdu. Dedim ki, siz respublikaya rəhbərlik edən dövrdə rayonda M. B. Qasımov adına kolxozun sədri işləyən Mansur Ağamirzəyevin oğluyam. Sonra Heydər Əliyev bir anlıq dayanıb nəyi isə xatırladı və mənə tərəf dönərək yenidən əlimi sıxdı. Tanıdım, – dedi, hətta atamı vaxtı ilə təltif etdiyi orden və medalların adlarına qədər sadaladı (Mansur Ağamirzəyev Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə “Şərəf nişanı”, “Əməkdə fərqləndiyinə görə” medalı, “Beşilliyin qalibi” döş nişanı, SSRİ və Azərbaycan Ali sovetlərinin fəxri fərmanları ilə mükafatlandırılmışdır). Sonra iki pambıqçılıq briqadiri haqqında xatirələrini danışdı. Atam başda olmaqla hamısına salamlarını çatdırmağımı xahiş etdi. Sözün həqiqi mənasında, şoka düşmüşdüm. İlahi, bu dahi insan nə qədər qeyri-adi yaddaşa malik idi. 
    Bütün bunlardan sonra daha ürəklənmişdim, həyəcanım da bir az getmişdi və artıq müsahibəyə başlamaq olardı. 
    – Və başladınız sualları verməyə...
    – Bəli, mən suallarımı verir, Ulu Öndər də ona ünvanladığım suallara aydın, əhatəli cavab verirdi. Suallarım çoxşaxəli idi. Qarabağ məsələsi, respublikanın düşdüyü ağır ictimai-siyasi vəziyyət, latın əlifbasına keçid, dahi şəxsiyyətin özü haqqında mətbuatda gedən böhtan xarakterli yazılaradək xeyli məsələlərə toxunduq. Soruşdum ki, Moskvadan qayıtdıqdan sonra jurnalistlərdən onunla görüşən olubmu? Dedi ki, Naxçıvana gəldikdən sonra ancaq muxtar respublikanın jurnalistləri ilə görüşü olub. Təəssüflə qeyd etdi ki, Bakıdan heç bir jurnalist onunla görüşə gəlməyib. Moskvada dərc olunan qəzetlərdən bir neçəsi onun Naxçıvana qayıtmağını yazıblar. “Arqumentı i faktı” qəzeti Əliyevin Naxçıvanda əhali tərəfindən böyük izdihamla qarşılandığını yazmışdı. Amma mənə qədər Azərbaycandan heç bir rəsmi media qurumunun nümayəndəsi onunla görüşməmişdi. Hətta özü bildirdi ki, mərkəzi televiziyanın “Zaman” xəbərlər redaksiyasının Azərbaycan üzrə müxbiri Mais Məmmədov mənə zəng edərək bildirdi ki, ona göstəriş var ki, mənimlə görüşsün, televiziyaya material hazırlasın. Mən də razılığımı verdim ki, gəlsin. Dedi o zaman sabah gəlirəm Naxçıvana. Amma gəlmədi. Düşündüm ki, burada nə isə bir səbəb var. Çünki bu onun təşəbbüsü deyildi. Fikirləşdim ki, gəlmədi, gəlməsin, eybi yoxdur. Ardınca da dedi ki, Litvadan, Estoniyadan mənim yanıma gələn jurnalistlər olub, sonra da bir neçə dəfə Moskvadan bir-iki jurnalist telefon vasitəsilə ondan müsahibə almışdı. 
    – Bu günlərdə mən həmin müsahibəni yenidən oxudum. Çox maraqlı, əhatəli müsahibə idi, düşünürəm ki, Ulu Öndərin o zaman söylədiyi bir çox dəyərli fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır.
    – Bəli, elədir. Bunu da əlavə edim ki, Ulu Öndərimiz müsahibənin yazıldığı audiokasetin üzərinə yaşadığı evin telefon nömrəsini də yazıb mənə vermişdi ki, lazım gələrsə, onunla əlaqə saxlayım. Elə oldu ki, müsahibədən iki gün sonra mən yenidən zəng edib onunla görüşə getdim. Çünki müsahibədə iki sualın cavabı lent yazısında aydın eşidilmirdi. Bu dəfə getdiyimdə Heydər Əliyev milis zabiti forması geyinmiş qohumu Bəylər müəllimə tapşırdı ki, həmin hissələri yenidən köçürsün. Yeri gəlmişkən, həmin audiokaset hazırda Heydər Əliyev Fondunda saxlanılır. Ulu Öndərin vəfatından bir il sonra 2004-cü ildə bu kaseti və müsahibənin dərc olunduğu qəzetin orijinalını həmin fonda təqdim etdim. Bu arada isə Heydər Əliyev məni otağa dəvət edərək onunla görüşə gəlmiş qonağı ilə tanış etdi. Bu, rəhmətlik Səfəralı müəllim idi. Səhv etmirəmsə, sinif yoldaşı idilər (coğrafiyaşünas alim Səfəralı Babayev S.H.). Beləliklə, üçümüz çay içə-içə xeyli söhbət etdik. 
    – Həmin görüşdən sonra yenə də görüşdünüz Ulu Öndərlə, yoxsa Saatlıya qayıtdınız?
    – Yox, həmin görüşdən sonra mən “Təbriz” mehmanxanasında qalmadım, getdim Şərura, gecəni orada qaldım. Çünki artıq əməlli-başlı izləndiyimi hiss edirdim. Ertəsi gün artıq rayona qayıtmalıydım. Düşündüm ki, yenidən görüşüb sağollaşım, sonra gedim. Beləliklə, yenə həmin ünvana getdim. Səhər vaxtı idi. Təzəcə həyətə keçmişdim ki, oğlu İlham Əliyevlə görüşdüm. Bildirdi ki, Heydər Əliyev səhər yeməyi yeyir. Elə həyətdəcə onunla bir xeyli söhbət etdik. Bu söhbət zamanı İlham Əliyevin dünyagörüşü, məsələlərə yanaşma tərzi, intusiyası məni, sözün həqiqi mənasında, heyran etdi. Bir az sonra Ulu Öndərimizlə də qısa görüşdən sonra Bakıya, oradan da rayona gəldim. Saatlıya qayıtdıqdan sonra kollektivin də köməyi ilə həmin müsahibəni qəzetə yerləşdirib böyük tirajla çap etdik. Müsahibə qəzetdə çap olunduqdan sonra artıq Bakıda xəbər tutdular və bundan sonra raykom katibi bizi yanına çağırdı. Xeyli sorğu-sual, müzakirə, ən sonda da belə qərar qəbul olundu ki, mən işdən azad olunmalıyam. Çünki Mütəllibov hakimiyyəti jurnalistin ən sərt formada cəzalandırılması göstərişini vermişdi. Beləliklə, mən “öz ərizəm ilə” işdən azad olundum. Hətta məndən “bir daha əlinə qələm almamaq şərtilə” yazılı bir iltizam da alınmışdı. Və bütün bunlar sənədləşdirilərək Bakıya göndərildi və əlavə olaraq qeyd edildi ki, bu istiqamətdə lazımi tədbirlər davam etdirilir. Beləliklə, bu müsahibə mənim “Dönüş” qəzetində son yazım oldu.
    – Bəs ailənizdə bu hadisə necə qarşılandı?
    – Səbuhi müəllim, inanın, başqa bir məsələ olsa idi, bəlkə də, mənə təsir edərdi. Amma dahi Heydər Əliyevə görə bu cəzanı mən də, ailə üzvlərimizin hər biri də başucalığı, şərəf kimi qəbul etdik. Bu hadisədən sonra Heydər Əliyevi sevən insanlar mənə daha yaxın, sevməyən və yaxud qorxaq, bir tikə çörəyin əsiri olanlar məndən, atamdan, qardaşlarımdan da uzaq gəzməyə başladılar. Amma bir müddət sonra həmin riyakar insanların çoxu onun Bakıya – ali hakimiyyətə qayıdışını səbirsizliklə gözləməyə başladılar. 
    – Bundan sonra işlər hansı məcrada davam etdi? Ulu Öndərlə hər hansı bir əlaqəniz oldumu, sizin işdən azad olunmağınızdan xəbəri oldumu?
    – Bu hadisədən sonra mən yenə Heydər Əliyevlə əlaqə saxlayırdım. Çox vaxt da axşam saat 10-dan sonra danışırdıq. Yəni özü belə istəyirdi. Ancaq bir neçə zəngdən sonra rayon ATS-dən Naxçıvanla əlaqə yaratmaqdan imtina etdilər. Bizim növbəti görüşümüz müsahibədən tam 1 il sonra 1991-ci ilin yay aylarında oldu. Naxçıvana getdim. Artıq Heydər Əliyev Ali Məclisin sədri seçilmişdi. Həmin gün Ali Məclisin də iclası gedirdi. İclasın bitməsini gözləyirdim. Elə oldu ki, fasilə zamanı biz foyedə görüşməli olduq. Məni görən kimi, böyük sevinclə görüşüb hal-əhval tutmağa başladı. Bu vaxt yaxınlıqda olan Namiq Əhmədovu da yanına çağırdı. Sonra da mənə tərəf dönüb dedi ki, gözəl jurnalistdir, “Azərinform”un Naxçıvan üzrə müxbiridir. Qayıtdı ki: “Namiq bəy, tanış ol, Fəxrəddin Ağamirzəyev də jurnalistdir, onu oğlum qədər çox istəyirəm”. Namiq də dedi ki, yoldaş Əliyev, mən Fəxrəddini çoxdan tanıyıram, bir yerdə oxumuşuq. Bu zaman Heydər Əliyev ucadan gülərək dedi ki, “Deyirəm axı, sənin xətrini niyə çox istəyirəm...”
    – İşdən çıxarılmağınız haqqında heç nə demədiniz?
    – Yox, demədim. Onsuz da Heydər Əliyev taleyüklü məsələlərin həlli ilə məşğul idi, bəzən gec saatlara qədər işdə olurdu. İstəmirdim ki, işdən çıxarılmağımı bilsin. Mən həmin ilin payızında növbəti dəfə Naxçıvanda Heydər Əliyevlə görüşdüm. Dedi çoxdandır, görmürəm səni, bildirdim ki, ikinci ali təhsil üçün Moskvada Ümumittifaq Hüquq İnstitutuna qəbul olduğumdan başım dərslərə qarışıb. Bu zaman böyük qayğıkeşliklə, ata nəvazişi ilə mənə İlham Əliyevin telefon nömrəsini verdi ki, bir ehtiyacım olarsa, onunla əlaqə saxlayım. Amma mən birinci kursdan Bakı Dövlət Universitetinə köçürülmə etdiyimə görə buna ehtiyac olmadı. Bunu da əlavə edim ki, mən 1992-ci ilin payızında da Naxçıvana gəldim, amma həmin vaxt Heydər Əliyev Türkiyədə olduğundan onunla görüşə bilmədim. Növbəti gedişim isə 1993-cü ilin may ayına təsadüf edirdi. Daha dəqiqi mayın 21-i idi. Bu dəfə yenə Ali Məclisə getdim, öyrəndim ki, Ulu Öndər məni axşam saat 2300-da qəbul edəcək. Elə oldu ki, işin çoxluğundan rəhbərlə görüşümüz, təxminən, gecə saat 100 radələrində oldu. Yorğun olduğuna baxmayaraq, mənimlə çox böyük səmimiyyət və mehribanlıqla görüşdü, ailə üzvlərimi xəbər aldı. Dedi ki, özüm bilərəkdən səni gec saatlaradək saxladım ki, günümü mənalı başa vurum. Bildirdi ki, bu gün həm də nəvəmin ad günüdür və bu günün xatirəsi mənim üçün çox əzizdir. Çünki bu nəvəmə mərhum həyat yoldaşımın adını vermişəm. Söhbətimiz yenə də maraqlı və əhatəli oldu. İşlərimlə maraqlandı, indi hansı qəzetdə işlədiyimi soruşdu. Bunu da deyim ki, 1990-92-ci illərlə müqayisədə Ulu Öndər Naxçıvanda artıq bir çox taleyüklü məsələlərin həllinə nail olmuş, bir sıra çətinliklər arxada qalmışdı, hiss edirdim ki, indi artıq gümrahlığı da əvvəlkindən çox-çox yaxşıdır. Ona görə də bu dəfə artıq işdən çıxarılmağımı dedim. Sonra bir az oradan-buradan söhbət edib, getmək üçün icazə istədim. Çünki gecə olmasına baxmayaraq hələ də qəbul üçün gözləyənlər var idi. O isə zarafatla: “Yəqin, özün yorulmusan, get istirahət et”, – deyərək məni hörmətlə yola saldı. Bu görüşdən sonra mən daha tez rayona qayıtmaq istəyirdim. Çünki məni intizarla gözləyənlərə daha çox sözüm var idi... 
    – Deyəsən, bu, son görüşünüz olmuşdu...
    – Bəli, bundan bir az sonra artıq Ulu Öndər Bakıya qayıtdı və bu qayıdışdan sonra görüşmək imkanımız olmadı. Mən isə hüquq üzrə ali təhsil aldıqdan sonra artıq bu sahədə çalışmağa başladım və hazırda da bu sahədə fəaliyyətimi davam etdirirəm. 
    – Fəxrəddin müəllim, Ulu Öndərlə bağlı xatirələriniz bizim üçün maraqlı oldu. 
    – Bu haqda xatirələrim zəngindir. Amma dediyim kimi, jurnalist dostlarımızın təkidi ilə 21 il sonra mən daxilimdə yaşatdıqlarımı, arxivimdə saxladığım bütün qiymətli sənədləri kitab halında çıxarmağa razı oldum və “Dönüşdən Qurtuluşa” kitabında həmin müsahibə və digər yazılar, o cümlədən xatirələr Azərbaycan, rus və ingilis dillərində nəşr olundu. 
    – Müsahibəyə görə sağ olun, işlərinizdə uğurlar arzulayırıq.
    – Sağ olun. Mən də sizin vasitənizlə “Şərq qapısı” qəzetinin kollektivinə uğurlar arzu edirəm.

Səbuhi HƏSƏNOV
Naxçıvan-Bakı-Naxçıvan

Nəşr edilib : 01.12.2023 17:23