AZ EN RU

“Heydər Əliyevlə müsahibə”ni çap etdirdiyinə görə işdən “öz ərizəsilə” azad edilən jurnalistlə üz-üzə

Bu müsahibəyə görə nəinki işdən qovulmaq, jurnalistikadan getmək belə mənim üçün fəxr idi...

    Onunla indiyədək əyani tanışlığım olmamışdı. Ta ki bu günlərdə üz-üzə oturub söhbətləşməyənə qədər. Açığını desəm, doğulub boya-başa çatdığı Saatlıda, yoxsa, Bakıda yaşadığını da tam olaraq bilmirdim. Sağ olsun, “Xalq qəzeti”ndə çalışan dostlarımız Namiq Həsənova, Tahir Aydınoğluna bu haqda fikrimi deyəndə mənə çox köməkləri dəydi. Açığını desəm, müəlliflə görüşməyi çoxdan planlaşdırmışdım. Bir neçə ay bundan əvvəl Namiq Həsənovun “Xalq qəzeti”ndə Ulu Öndər Heydər Əliyevlə bağlı yazısında Fəxrəddin Ağamirzəyevin aldığı müsahibəyə bir daha toxunması məni bu fikrimdə daha qəti olmağa vadar etmişdi. Axı bu, Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan dahi şəxsiyyətin rəsmi dövlət qəzetində çap olunan ilk müsahibəsi idi. Zarafat deyildi, Azərbaycan hakimiyyətinin Naxçıvanı, xüsusilə Heydər Əliyevi tam informasiya blokadasına saldığı bir dönəmdə alınmış bu tarixi müsahibə ölkədə böyük əks-səda doğurmuş, əldən-ələ gəzmişdi. Həm də müsahibə çap edildikdən sonra jurnalist “öz ərizəsilə” işdən azad edilərək “bir daha əlinə qələm almamaq” şərtilə dilindən yazılı iltizam alınaraq çoxsaylı təqiblərə məruz qalmışdı. Mən isə “Heydər Əliyev İli”ndə bu tarixi müsahibənin müəllifinin xatirələrini oxucularımızla bir daha bölüşmək istədim. Beləliklə, 33 il bundan əvvəl peşəkar jurnalistikadan getməsinə səbəb olmuş həmin müsahibənin müəllifi jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevlə Bakıdakı mənzilində görüşüb söhbətləşirik. Müsahibimizə ilk sualımız da həmin çətin dövrdə onu Ulu Öndərdən müsahibə almağa vadar edən səbəblər haqqında olur. 

    – Fəxrəddin müəllim xoş gördük sizi. Necə olur ki, 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin rəsmi mətbuat orqanı olan “Dönüş” qəzetinin gənc şöbə müdiri bütün çətinliklərə baxmayaraq, Naxçıvana, Azərbaycan hakimiyyətinin informasiya blokadasında saxladığı dahi Heydər Əliyevdən müsahibə almağa gedir? 
    – Çox sağ olun. Əvvəlcə onu deyim ki, bizim ailədə Ümummilli Liderimiz Heydər Əliyevə hələ sovet dövründən böyük simpatiya olub. Atam sovet dövründə rayonda bir sıra məsul vəzifələrdə çalışıb, anam isə kitabxanaçı olub. Hər zaman ailəmizdə dahi şəxsiyyət Heydər Əliyevin söhbətləri gedib. 1990-cı ilin ortaları idi. O vaxt mən rayonda nəşr olunan “Dönüş” qəzetində zəhmətkeş məktubları və kütləvi iş şöbəsinin müdiri vəzifəsində çalışırdım. Bu vəzifə həm də rayon partiya komitəsinin nomenklaturası idi. Özüm də, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü idim. Bir gün eşitdim ki, bəs xalqımızın böyük oğlu Heydər Əliyev Moskvadan Bakıya qayıdır. Belə bir xəbər də gəldi ki, hakimiyyət tərəfindən ona qarşı məkrli bir plan hazırlanıb... 
    – Üzr istəyirəm, bəs bunu necə öyrənə bildiniz?
    – Bunu belə izah edim sizə. Jurnalist olduğuma görə rayonda bütün yaradıcı insanlarla geniş əlaqələrim var idi. Eyni zamanda bu əlaqələr Bakıya qədər uzanırdı. Bu insanlar içərisində şair və yazıçıları, nəşriyyat işçilərini xüsusi qeyd etmək istərdim. Ulu Öndərimizin Bakıya gələcəyini də rəhmətlik Əjdər Xanbabayevin bacısı mənə bildirmişdi. Bunu da öyrənmişdim ki, Bakıda hakimiyyətin əsas məqsədi Heydər Əliyevin Azərbaycana gəlişinə mane olmaq idi. Buna görə də heç vaxt itirmədim. Qardaşlarıma və bir neçə yaxınıma xəbər verdim ki, hava limanına getməli, xalqımızın igid oğlunu qorumaq üçün əlimizdən gələni etməliyik. Doğrusu, ora gedəndən sonra ciddi bir qarşıdurmanın olduğunu görmədik. Heç Heydər Əliyevi də görə bilmədik. Eşitdik ki, təyyarə enən kimi yaxın qohumları götürüb evlərinə aparıblar. Sonra öyrəndim ki, Ulu Öndər iki gün qardaşı Cəlal Əliyevin evində qalıb, sonra isə Naxçıvana yola düşüb. Bu zaman birdən ağlıma gəldi ki, Naxçıvana gedib onunla görüşməli, müsahibə almalıyam. Azərbaycanın bu çətin günlərində, yəqin ki, onun da vətəndaşlarımıza deyəcək sözü, tövsiyələri olacaq. Qəzet rəhbərliyinə deyəndə, təbii ki, ilk olaraq etirazla qarşılaşdım. Ətrafımda olan insanların çoxu bildirdi ki, Heydər Əliyev Mütəllibov hakimiyyətinin hədəfindədir, sən isə rəsmi dövlət qəzetində məsul işçisən. Bunun nə ilə nəticələnəcəyini yaxşı bilirsən. Mən isə fikrimdə qəti idim – sonunda ölüm də olsa, Naxçıvana getməli və Heydər Əliyevlə görüşməli idim. Və beləliklə, Naxçıvana getdim.
    – Bəs Ulu Öndərlə necə görüşdünüz, bu işdə sizə kim kömək etdi? İstərdim bu hissəni bir az detallı danışaq.
    – Açığı, Naxçıvana gedəndən sonra Ulu Öndərlə görüşmək üçün bir neçə gün çalışdım. Öyrəndim ki, bacısı qızı Sənifə xanımın evində yaşayır və çətinliklə də olsa, ev nömrəsini əldə edə bildim. Eyni zamanda vaxt tapıb həmin evin harada yerləşdiyini də öyrəndim. “Təbriz” mehmanxanasında qalırdım. Telefon nömrəsini öyrənəndən sonra mehmanxanada qaldığım otaqdan həmin nömrəyə zəng etdim, dəstəyi kimsə götürdü və Heydər Əliyevlə danışmaq istədiyimi bildirdim. Və... elə gözlədiyim möcüzə də bu zaman baş verdi. Bir neçə saniyə sonra dəstəyin o başından Heydər Əliyevin səsini eşidəndə bütün bədənim əsdi... Özümü tədqim edim, məqsədimi bildirdim. Ulu Öndər görüşümüz üçün vaxt müəyyənləşdirərkən telefon əlaqəsi kəsildi. Bundan sonra otağımdakı telefon da işləmədi. Bir az gözləyib dəhlizə çıxdım ki, dəhlizdəki növbətçinin otağından danışım. O isə mənə öz otağımdan danışmağı məsləhət gördü. Dedim ki, danışdığım zaman telefonun səsi kəsildi, indi də işləmir. Bundan sonra həmin xanım mənə danışmağa icazə verdi, amma özü də yanımda dayandı. Yenidən həmin nömrəni yığıb təkrar Heydər Əliyevlə danışmaq istədiyimi bildirdim. Elə bu zaman növbətçi xanım dəstəyi çəkib əlimdən aldı və hirslə aparatın üstünə qoydu...
    Artıq bu işlərin heç də asan olmadığını yəqin etməyə başlamışdım. Başıma nəsə gələcəyini də gözləyirdim, amma Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşüb müsahibə aldığımı düşünəndə sanki özümdə bir güc, toxtaqlıq tapırdım. Gördüm, artıq buradan alınmayacaq, getdim şəhərdəki “Böyük bağ”ın yanındakı avtomat telefon köşkündən nömrəni yığdım və... Heydər Əliyevlə danışaraq sabah üçün vaxt müəyyənləşdirdik. 
    Haşıyə: Hazırda Füzuli Rayon Məhkəməsində işləyən jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin 33 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevdən aldığı müsahibə və müsahibədənkənar xatirələri Xalq yazıçısı Anarın tövsiyəsi və jurnalist dostlarının təkidi ilə 2012-ci ildə çapdan çıxmış “Dönüşdən Qurtuluşa” kitabında əks olunmuşdur. Redaktoru Əməkdar jurnalist Tahir Aydınoğlu olan kitabda həmin hadisələr bütün təfərrüatı ilə oxuculara çatdırılır.
    – Ertəsi gün artıq görüşə getdiniz?
    – Bəli, sabahkı gün görüşə getdim və onu ilk gördüyümdə gözlərimə inana bilmədim. İlahi, bu o nəhəng, bütün dünyanın tanıdığı, səsini hər zaman televizordan eşitdiyim insandırmı? 
    “Xoş gəlmisiniz cavan oğlan. Saatlıda nə var, nə yox?” – deyəndə sanki yuxudan ayıldım. Bəli, bu O idi! Qəribə hisslər keçirirdim. Xoşbəxtliyin elə bir dərəcəsini yaşayırdım ki, bunu sözlə ifadə etmək mümkün deyil. Mən, sözün əsl mənasında, uca bir zirvə ilə üz-üzə, nəfəs-nəfəsə idim...

(ardı var)
Səbuhi HƏSƏNOV
Naxçıvan-Bakı-Naxçıvan

Nəşr edilib : 28.11.2023 18:05