AZ EN RU

Heydər Əliyevlə müsahibə

    Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 20-də böyük maneələri aşaraq Moskvadan Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana qayıtmışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldiyi ilk günlərdən bir çox yerli və xarici ölkələrin mətbuat orqanlarına müsahibələr vermiş, bu müsahibələrdə dövrün ictimai-siyasi proseslərinə münasibətini açıqlamışdır. Azərbaycanın ovaxtkı siyasi rəhbərliyi tərəfindən informasiya blokadasına salınan dahi şəxsiyyətin ən geniş və ölkədə böyük rezonans doğuran müsahibələrindən biri də həmin dövrdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin və Xalq Deputatları Sovetinin rəsmi orqanı olan “Dönüş” qəzetinin 1990-cı il 23, 25, 28 avqust tarixlərində dərc olunan müsahibə idi. Mütəllibov hakimiyyətinə güllə kimi dəyən bu müsahibənin dərcindən sonra müəllif Fəxrəddin Ağamirzəyev “öz ərizəsilə” işdən azad edilmiş, bir daha əlinə qələm almamaq şərtilə dilindən yazılı iltizam alınmışdır. “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə “Heydər Əliyevlə müsahibə”ni oxucularına təqdim edir.  

    (Əvvəli qəzetin 5,6,7,8 dekabr 2023-cü il tarixli nömrələrində)

    – Çekistliyiniz və respublikanın rəhbəri olduğunuz dövrdən, yəqin ki, Mesxeti türklərinin acı taleyi, stalinizmin onları düçar etdiyi didərginlikləri ilə tanışsınız. Onlar elə o dövrdə də Gürcüstandakı torpaqlarına qayıtmaq uğrunda ardıcıl mübarizə aparırdılar.
    İndi də vaxtilə Orta Asiyaya köçürülmüş mesxetilər oradan da qovulub respublikamızda sığınacaq tapmışlar. Rayonumuzda əvvəllərdən yaşayan minlərlə Mesxeti türklərinin sayı bu didərginlər hesabına daha 8 min nəfərə qədər artmışdır.
    Əgər mümkünsə, deyin, – o dövrdə mesxetilərin haqq səsinə münasibətiniz necə olub və indi necədir? Bir ağsaqqal kimi onlara məqsədləri uğrunda mübarizədə nə məsləhət verərdiniz?
    – O dövrdə mən Mesxeti türklərinə, Azərbaycanda yaşayan Mesxeti türklərinə həmişə böyük hüsn-rəğbətlə yanaşmışam. Onların ədalətsiz olaraq başlarına gətirilən bu faciə məni həmişə narahat edib, hiddətləndirib və həmişə bu barədə düşünmüşəm. Eyni zamanda fəaliyyət göstərmişəm. Sizin Saatlı rayonunda, Sabirabad rayonunda Mesxeti türklərinin yaratdığı təsərrüfatlarda dəfələrlə olmuşam. Onlarla görüşmüşəm, söhbətlər aparmışam. Və onları heç vaxt azərbaycanlılardan seçməmişəm. Hətta mən çox vaxt onlara demişəm ki, siz də azərbaycanlısınız. Diliniz də bizim dildəndi, dininiz də bizim dindəndi. Burada da işləyirsiniz, yaxşı yaşayırsınız. Yaxşı təsərrüfatlar yaratmısınız. Fürsətdən istifadə edib demək istəyirəm ki, onlar çox çalışqan, çox işgüzar adamlardır. Özlərinə məxsus onların da cürbəcür keyfiyyətləri var. Özü də çox müsbət keyfiyyətləri var. Ona görə mən onlara həmişə ehtiramla, böyük hüsn-rəğbətlə yanaşmışam. Eyni zamanda onların öz doğma torpaqlarına qayıtması fikirləri ilə həmişə şərik olmuşam. Ona görə yox ki, onlar Azərbaycandan getsinlər və yaxud da ki, bizim torpaqları boşaltsınlar. Yox! Biz onlara sığınacaq vermişik və onların daim Azərbaycanda yaşamasına, mənə belə gəlir ki, heç bir azərbaycanlı etiraz etməz. Necə bir azərbaycanlı kimi hesab edirəm ki, onlar da xalqın bir hissəsidir. Ancaq onların özlərinin arzularının yerinə yetirilməsini mən həmişə başa düşmüşəm və onların bu fikirlərinə etiraz etməmişəm. Onların öz torpaqlarına qayıtması haqqında bəzi tədbirlərinə, hətta kömək etməyə çalışmışam.
    Mənim xatirimdədir ki, 1981-ci ildə bu Mesxeti türklərinin, xüsusən Orta Asiyada-Özbəkistanda, bizim Azərbaycanda və Şimali Qafqazda, xüsusən Kabardin-Balkariya Muxtar Respublikasında yaşayan Mesxeti türklərinin bir çox belə tələbləri Moskvaya, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə çatmışdı. O vaxt orada bir komissiya yaratdılar ki, bu məsələyə baxılsın. Bu komissiyanın tərkibinə Sov.İKP MK-nın katibi Kapitonov, Özbəkistanın Mərkəzi Komitəsinin birinci katibi Rəşidov, Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi Şevardnadze, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliyev, Kabardin-Balkariya Vilayət Partiya Komitəsinin birinci katibi Malbaxov və bir neçə başqa məsul yoldaşlar daxil oldular. Biz Moskvada bu məsələni müzakirə etdik. Mən də, Malbaxov da, Rəşidov da tam qətiyyətlə dedik ki, Mesxeti türkləri öz vətənlərinə qayıtmalıdırlar. Ancaq, təəssüf ki, Şevardnadze – Gürcüstanın rəhbəri bu barədə tam etirazını bildirdi. Komissiyaya sədrlik edən Kapitonov da, təəssüf ki, bu məsələnin həll edilməsini təmin etmədi, belə fikir söylədi ki, bir halda ki, biz razılığa gəlmədik, gəlin sonra bu məsələyə baxaq. Sonra da bu məsələyə baxılmadı. Mən orada tam qətiyyətlə dedim ki, Mesxeti türkləri vaxtilə heç bir əsas olmadan, əsassız olaraq, ədalətsiz olaraq öz torpaqlarından sürgün olunmuşlar, indi də onların öz torpaqlarına qaytarılması hüquqları bərpa olunmalıdır. Mənim fikrim belədir.
    O ki qaldı indi, onlar əgər, doğrudan da, öz torpaqlarına qayıtmaq istəyirlərsə mübarizə etməlidirlər. Və nail olmalıdırlar buna. Nə üçün qayıtmasınlar öz torpaqlarına? Burada mənə belə gəlir ki, Gürcüstan Respublikasının rəhbərləri düz mövqe tutmurlar. Mənim fikrim belədir.
    – Yerlərdə, elə bizim rayonumuzda hazırkı həyat tərzinizlə çox maraqlanırlar. Məsələn, indi nə qədər təqaüd alırsınız və sizə hansı imtiyazlar verilib?
    – Mənim indiki həyat tərzim adi bir vətəndaşın həyat tərzidir. Heç bir imtiyazım yoxdur. Bax, mənim həyat tərzim belədir.
    – Yəni sizə heç bir imtiyaz verilməyib?
    – Əvvəl imtiyazlarım var idi, ancaq son illərdə bir mənə yox, ümumiyyətlə, yüksək səviyyədə olan adamlara verilən imtiyazlar ləğv edildi. Buna görə məndə də yoxdur. Adi bir vətəndaş kimi yaşayıram.
    – Daimi yaşayış yeriniz müəyyənləşibmi?
    – Mənim daimi yaşayış yerim üçün bir Moskvada mənzilim var. Heç bir yerdə ya mənzilim, ya yaşayış yerim yoxdur. Hələ ki, Moskvadadır mənim mənzilim. Ona görə də mən indi deyə bilmərəm daimi yaşayış yerim harada olacaq.
    – Gündəlik rejiminiz necədir?
    – Burada, Naxçıvanda deyirsinizsə, bayaq mən buna cavab verdim. Səhər tezdəndən gecə yarısına qədər xalqla, camaatla görüşmək, söhbət etməklə, cürbəcür suallara cavab verməklə günüm keçir. Mütaliə edirəm, mətbuata baxıram, cürbəcür yazılar oxuyuram. Bunlarla məşğulam.
    – Deyəsən, səhərlər idmanla da məşğul olursunuz.
    – Bəli, o da var.
    – Mərhum Zərifə xanımın Moskvada dəfni sizə necə təsir edir? Nə vaxtsa bu rəhmətliyin də cənazəsini Cavid kimi respublikamıza gətirmək fikriniz yoxdur ki?
    – Mürəkkəb sualdır. Mən Moskvada yaşadığım, fəaliyyət göstərdiyim dövrdə Moskva bizim ölkənin paytaxtı kimi hamı üçün doğma bir şəhər idi. O dövrdə respublikada millətlər arasında belə fərq yox idi. Mən belə hesab edirdim ki, Moskva bütün xalqlar üçün, SSRİ xalqları üçün paytaxtdır, əziz bir şəhərdir. Mən və mənim ailəmin üzvləri hamısı Moskvada yaşayır, ona görə də mənim həyat yoldaşım Zərifə xanım vəfat edəndə onun orada torpağa verilməsi məsələsi mənim üçün mübahisəli olmadı. 
    Ancaq indi vəziyyət dəyişibdir. Bunu həyat göstərər.
    O ki qaldı Cavidin qəbri məsələsi, bu başqa məsələdir. Cavid vaxtilə ədalətsiz olaraq həbs olunmuşdur, həbsxanada vəfat etmişdir. Onun sümükləri Sibirdə torpağa verilmişdi. Biz çox böyük əziyyətlə onun qəbrini tapdıq və hələ o vaxt belə məsələlərə düzgün münasibət olmadığı bir dövrdə mən təşəbbüskar oldum və mənim təşəbbüsümlə Cavidin məzarını öz doğma Vətəninə köçürdük. Buna hədsiz şadam.
    Ancaq bir şey məni incitdi: mən buraya gələn günü Cavidin qəbri üstünə getdim, onun məzarını görəndə çox kədərləndim. Çünki biz Cavidin qəbrini məhz Naxçıvana köçürəndə belə qərar qəbul etmişdik ki, məzarın üstündə – (əvvəl qərarımız belə idi ki, Cavid şəhərin mənzərəli mərkəzi yerində dəfn olunsun) Nizaminin, Vaqifin qəbri kimi böyük mavzoley yaradılsın. Təəssüf ki, artıq 8 il keçməsinə baxmayaraq, bu qərar yerinə yetirilməyibdir və məzar da istənilən səviyyədə deyildir. Bu məni çox kədərləndirir.
    – Əgər həyatınızı yenidən başlamalı olsaydınız yenə də siyasi aləmə girişərdinizmi? Əgər yenə əvvəlki yolu tutsaydınız mövqeyiniz və platformanız necə olardı?
    – Bilirsiniz, mən çox gənc vaxtlarımdan siyasi işlə məşğul olmuşam. Ona görə də siyasi iş mənim üçün peşə olubdur. Mən belə hesab edirəm ki, (gülür-A.F.) yenidən gənclik dövründən yaşamağa başlasaydım yenə də siyasətlə məşğul olardım. Başqa mən özüm üçün peşə görə bilmirəm. Tutduğum mövqe elə həmin mövqedir. Mən indi müəyyən qədər elə siyasi fəaliyyətə başlamışam. Mövqeyim indi məlumdur hamı üçün, indi bu günün tələbləri, xalqımızın yeni məqsədləri uğrunda mübarizəsi yolu ilə gedirəm. Mən həyata həmişə dialektik nöqteyi-nəzərdən yanaşmışam. O dövrün siyasi fəaliyyəti bir cür idi. Ancaq indiki dövrün siyasi fəaliyyəti başqa cürdür. Ona görə indi o dövrün üsul-idarəsini, üslubunu indiki dövrə tətbiq etmək fikrində deyiləm, indi tamamilə başqa cürdür və indiki dövrün tələblərinə uyğun olaraq müəyyən qədər siyasi fəaliyyət göstərirəm.
    – Deməli, özünüzdə belə bir qüvvə, enerji hiss edirsiniz də...
    – Deyə bilmərəm, yaş yaşdı də. Əlbəttə ki, o gənclik dövründə olan səhhətim indi yoxdur. Aydındır ki, insan yaşa dolduqca orqanizmdə müəyyən dəyişikliklər əmələ gəlir. Bəli, xalqa məhəbbətim, xalq haqqında fikirlərim, xalqın gələcəyi, xalqın bu günü – bu fikirlərlə mən yaşayıram. Mənim başqa fikrim yoxdur. Heç vaxt şəxsi həyatım məni maraqlandırmayıb. Şəxsi həyatıma görə heç bir iş görməmişəm. Şəxsi heç bir şeyim yoxdur. Həyatım həmişə xalqa bağlı olmuşdur. Ona görə də görürsünüzmü, bax gəlmişəm bura. Bax bacım rəhmətə gedib, onun balaca bir koması var. Mən burada yaşayıram. Burada yaşamağımı heç də özümə irad görmürəm. O cürə böyük şəraitlərdə yaşayan adam indi gəlib belə bir sadə şəraitdə yaşayır. Bu mənim üçün xoşdur. Çünki mən bundan pis şəraitdən çıxmışam. Bizim bax bu küçədə (bacısının evi ilə üzbəüz küçəni göstərir) evimiz var idi. Orada bir otağımız var idi. 8 adam o birotaqlı evdə yaşayırdıq, indi bura da döşəmə taxtadandır. Ancaq ovaxtkı evimizin döşəməsi də torpaq idi. Stol da yox idi, stul da. Dərslərimi dizimin üstündə hazırlayırdım. Mən 48-ci ildən buradan köçmüşəm. O vaxt elektrik işığımız da yox idi, lampa işığından istifadə edirdik. Odur ki, belə yaşayış məni narahat etmir.
    – İndiki bu qarışıq zamanda, açıq-aşkar təkləndiyimiz məqamda xalqımıza tövsiyəniz. Əlbəttə, xalqın narahatlığına səbəb amillər Sizə də aşkardır.
    – Gərək indi xalq bütün gücünü, qüdrətini bir yerə toplasın. Xalq üçün ən təhlükəli olan məsələ erməni millətçilərinin Azərbaycana təcavüzüdür. Xalq gərək bax bundan özünü qorusun. Əgər xalq özünü qoruyub, suverenliyini, ərazi bütövlüyünü təmin etmiş olsa, başqa məsələlərin hamısı xırda-xırda həll olunacaqdır.
    – Erməni millətindən olan hər hansı bir şəxslə bu gün münasibət və ya əlaqəniz varmı?
    – Heç bir erməni millətinə mənsub olan adamla mənim əlaqəm yoxdur. Vaxtilə əlaqələrim çox olubdur, ancaq indi heç birisi ilə əlaqəm yoxdur.
    – Maraqlı müsahibə üçün çox sağ olun.

Fəxrəddin AĞAMİRZƏYEV
“Dönüş” qəzeti, 1990-cı il 

Nəşr edilib : 15.12.2023 17:28