AZ EN RU

Heydər Əliyevlə müsahibə

    Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 20-də böyük maneələri aşaraq Moskvadan Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana qayıtmışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldiyi ilk günlərdən bir çox yerli və xarici ölkələrin mətbuat orqanlarına müsahibələr vermiş, bu müsahibələrdə dövrün ictimai-siyasi proseslərinə münasibətini açıqlamışdır. Azərbaycanın ovaxtkı siyasi rəhbərliyi tərəfindən informasiya blokadasına salınan dahi şəxsiyyətin ən geniş və ölkədə böyük rezonans doğuran müsahibələrindən biri də həmin dövrdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin və Xalq Deputatları Sovetinin rəsmi orqanı olan “Dönüş” qəzetinin 1990-cı il 23, 25, 28 avqust tarixlərində dərc olunan müsahibə idi. Mütəllibov hakimiyyətinə güllə kimi dəyən bu müsahibənin dərcindən sonra müəllif Fəxrəddin Ağamirzəyev “öz ərizəsilə” işdən azad edilmiş, bir daha əlinə qələm almamaq şərtilə dilindən yazılı iltizam alınmışdır. “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə “Heydər Əliyevlə müsahibə”ni oxucularına təqdim edir.   

(Əvvəli qəzetin 5,6,7 dekabr 2023-cü il
 tarixli nömrələrində)
    – Mümkünsə Şimali və Cənubi Azərbaycanın gələcəyi haqqında fikriniz. Və onu necə görmək istərdiniz?
    – Bu, çox mürəkkəb məsələdir. Bu məsələ məni uzun illər mühüm məsələlərdən biri kimi narahat edibdir. Mən bu məsələ haqqında da daim düşünmüşəm və xüsusən Azərbaycan Respublikasının rəhbəri olduğum dövrdən sonra daha da yaxından bu məsələ ilə tanış olmaq, bu məsələni özümçün aşkar etmək cəhdində olmuşam. Belə fikrə gəlmişəm ki, vaxt­ilə, keçən əsrin əvvəlində Azərbaycan xalqı onun öz iradəsindən asılı olmayaraq parçalanıb iki yerə bölünüb. Şimali Azərbaycan Rusiyanın tərkibinə keçib. Cənubi Azərbaycan İranın tərkibində olubdur. Demək, Azərbaycanın iki hissəsi ayrı, cürbəcür inkişaf yolu keçib və şimalda yaşayan azərbaycanlıların aqibəti bir cür olubdur, Cənubda yaşayanlarınkı başqa cür. Mən Cənubda yaşayan azərbaycanlıların nümayəndələri ilə də çox görüşmüşəm, söhbətlərim olubdur. Belə fikrə gəlmişəm, özü də çoxdan, Azərbaycan xalqı birləşməlidir. Xalq bir olmalıdır! Ancaq bunun həyata keçirilməsi yolları heç də asan deyil. Gəlin ümid bəsləyək ki, gələcəkdə xalq bir olacaq.
    – Respublikamızda əlifbanı dəyişmək, latın əlifbasına qayıtmaq üçün işlər görülür. Bu tədbirə münasibətiniz.
    – Mən belə fikirləşirəm ki, bu tədbiri çoxdan görmək lazım idi. Mən özüm orta məktəbi Azərbaycan dilində latın əlifbası ilə qurtarmışam. Ona görə də mən latın əlifbasını ilk təhsil aldığım illərdən yaxşı bilirəm. Mən belə fikirdəyəm ki, latın əlifbası Azərbaycan dili üçün daha da əlverişli əlifbadır. Vaxtilə bunun 40-cı ildə dəyişilməsi böyük səhv olubdu, bu səhvi nə qədər tez düzəltsək o qədər Azərbaycan xalqı üçün mənfəətli olar.
    – Sizi Naxçıvan camaatı Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd göstərib və bu məqsədlə doğma diyara gəlmisiniz. Bu müddət ərzində hansı rayonlarda olmusunuz?
    – Mən Naxçıvana gələndən indiyə qədər – iyul ayının 22-də gəlmişəm – hər gün Naxçıvan MSSR-in kəndlərindən, qəsəbələrindən, şəhərlərindən cürbəcür, necə deyərlər, təbəqələrin nümayəndələri, cürbəcür yaşlı adamlar, qadınlar və kişilər mənim yanıma gəlirlər. Demək olar ki, mənim bütün günüm səhərdən ta gecəyə qədər bax belə adamlarla görüşlərdə keçir. Ona görə mənim burada yaşadığım müddətdə hər günüm çox səmərəlidir, çox da mənalıdır. Çünki bu söhbətlərdən, danışıqlardan özümçün yeni nəticələr çıxarıram və bir insan kimi özümü daha da yaxşı hiss edirəm. Çünki bu adamlar hamısı sadə adamdırlar, azərbaycanlıdırlar, doğma torpağın adamlarıdır və bunlarla görüşüb söhbət etmək mənim üçün həmişə çox xoşdur.
    Bununla yanaşı, burada olduğum müddətdə bir çox yerlərdə görüşlərim olub. Məsələn, mən gələn gün tamamilə heç təşkil olunmadan Naxçıvan vilayətinin hər yerindən Naxçıvan şəhərinin mərkəzi meydanına böyük izdiham toplaşmışdı. Mən gedib orada onlarla görüşüb öz sözlərimi demişəm. Onlar da mənə öz məhəbbətlərini bildirmişlər. Ordubad rayonunun mərkəzində ordubadlılarla görüşmüşəm. Culfa rayonuna gedib rayon mərkəzində culfalılarla görüşmüşəm. Əylis kəndinə getmişəm. Orada kəndin bir qrup adamları ilə görüşmüşəm. Naxçıvan şəhərində gənclərin xahişi ilə mədəni-maarif evində onların nümayəndələri ilə görüşmüşəm. Burada Cəmşid Naxçıvanskinin ev-muzeyi təşkil olunubdur. Və bu günlərdə Cəmşid Naxçıvanskinin 95 illik yubileyi qeyd olundu. Ona görə də o muzeyə gedib orada da Naxçıvan şəhərinin bir qrup ziyalıları ilə görüşüb söhbət etmişəm.
    – Bir az da xahiş edirəm öz şəxsi həyatınız haqqında söyləyəsiniz.
    – Şəxsi həyatım (gülümsəyir) belədi ki, mən ailəmlə yaşayıram, ailəm deyəndə ki, uşaqlarımla – qızım və onun uşaqları, oğlum və onun uşaqları ilə. Həyat yoldaşım 5 il bundan qabaq vəfat edibdir. Ona görə mən ancaq öz uşaqlarımla yaşayıram... Ailə həyatımda başqa elə bir dəyişikliklər yoxdur. Həmişə ailəmi, öz uşaqlarımı sevmişəm. Həmişə, lap gənc yaşlarımdan ailəpərəst olmuşam. Ona görə də uşaqlarım və nəvələrim indi bütün hər günümü sevinclə doldururlar, bu barədə heç bir narahatçılığım yoxdur.
    – Respublikaya qayıdandan sonra jurnalistlərlə çoxmu görüşünüz olub? Daha çox hansı jurnalistləri maraqlandırmısınız?
    – Naxçıvana qayıdandan daha çox, əsasən, Naxçıvan Muxtar Respublikasının jurnalistləri ilə görüşüm olub. Təəssüf ki, Bakıdan olan jurnalistlərin heç birisi mənim yanıma gəlməyib. Mən bura gələndən bir neçə gün sonra Moskva qəzetlərinin bir neçəsi mənim Naxçıvanda olmağımı və burada olan böyük izdihamlı görüşüm haqqında məlumat vermişdilər. O cümlədən “Arqumenti i faktı” qəzetində yazılmışdır ki, Əliyev yenidən siyasətə qayıtmışdır, onun Naxçıvanda əhali ilə görüşü olmuşdur, görüşdə 30 min nəfərə qədər adam iştirak etmişdir. Bundan xeyli çox adam olmuşdur əslində. Ancaq belə bir qısa məlumat olmuşdur. Bakıdan bir-iki azad qəzetlərin jurnalistləri gəlib mənimlə görüşüblər. Ancaq rəsmi mətbuat orqanlarının jurnalistləri mənim yanıma gəlmirlər. Mərkəzi televiziyanın “Zaman” xəbərlər redaksiyasının Azərbaycan respublikası üzrə müxbiri Mais Məmmədov mənə zəng etdi və çatdırdı ki, Moskvadan ona göstəriş var ki, mənimlə görüşsün, mərkəzi televiziyaya material hazırlasın. Mən də razılığımı verdim ki, o gəlsin. O dedi ki, onda sabahları mən gəlirəm Naxçıvana sizinlə görüşməyə. Ancaq ondan sonra o gəlmədi. Mənə belə gəlir ki, burada nəsə bir səbəb var. Çünki bu onun özünün təşəbbüsü deyildi. Bu mərkəzi televiziyanın təşəbbüsü idi. Gəlmədi gəlməsin, eybi yoxdur.
    Bundan başqa, Litvadan, Estoniyadan mənim yanımda jurnalistlər olmuşlar. Sonra Moskvadan bir-iki jurnalist telefon vasitəsilə məndən müsahibə almışdır.
    – “Durğunluq illəri” – bu terminə münasibətiniz.
    – Mənə belə gəlir ki, bu termin haqqında daha ədalətli söhbət aparmaq lazımdır, indi adət olmuşdur, əsaslı da, əsassız da durğunluq illərini tənqid edirlər. Hər dövrün özünə görə nailiyyətləri də var, şübhəsiz ki, nöqsanları, səhvləri də. Mən, ümumiyyətlə, bu barədə öz fikrimi demək istəmirəm. Ancaq Azərbaycanda mənim fikrim belədir ki, 70-ci illərdə durğunluq illəri olmayıbdır. O illər Azərbaycanın iqtisadiyyatı, sosial sahəsi, mədəniyyəti yüksək templərlə inkişaf etmişdir və Azərbaycan respublikası o illərdə çox böyük nailiyyətlər əldə etmişdir. Bu o demək deyildir ki, o illər qüsursuz olubdur. Heç bir dövr qüsursuz ola bilməz. Ancaq hər şey müqayisə ilə qiymətləndirilə bilər. Götürün 70-ci illərdə Azərbaycanın 9-cu, 10-cu və yaxud on birinci beşilliyi, indi götürün bu son beşilliyi. Müqayisə edin. Onda sizin üçün aydın olar. Nə vaxt durğunluq olub, nə vaxt inkişaf. Mən hesab edirəm ki, o vaxtlar Azərbaycan inkişaf dövrü keçirib. İndi isə durğunluq dövrü keçirir. Mən bu yaxınlarda qəzetlərdə oxuyuram ki, Azərbaycan Mərkəzi Komitəsinin bürosunun məruzəsində yazılıb ki, ötən dörd ildə Azərbaycanın sənayesi cəmisi 5-6 faiz inkişaf edibdir 4 ildə. Ancaq 9-cu beşillikdə, onuncu beşillikdə hər ildə Azərbaycanın sənayesi 8, yaxud 9 faiz inkişaf edirdi. Doqquzuncu beşillikdə Azərbaycanın sənayesi 50 faiz artmışdır. Onuncu beşillikdə 47 faiz artmışdır. Amma bu son dövrdə 5-6 faiz. Əgər o dövrdə bir ildə Azərbaycanın sənayesi bax bu dörd ildə indiki səviyyəyə qalxmış olsaydı, biz özümüz özümüzü ittiham eləyərdik. Bax indi özünüz görün, havaxt durğunluq olub, havaxt inkişaf. Hər şey həqiqətdə olmalıdır, yoxsa elə, sözlə olmaz ki.
    – Birinci katib olduğunuz illərdə aşağıların sizi tənqidlərinə münasibətiniz necə olub?
    – Mən həmişə tənqidin və özünütənqidin inkişafı üçün çalışmışam. Heç vaxt mənim fəaliyyətimə tənqidi münasibətə qarşı pis rəftarda olmamışam. Çünki hər bir tənqiddən gərək rəhbər özü üçün nəticə çıxara.
    – Respublikamızda yeni yaranan partiyaların, Xalq Cəbhəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
    – İndi, ümumiyyətlə, bizim ölkədə, Sovet İttifaqında, o cümlədən Azərbaycanda çoxpartiyalılıq prinsipi artıq həyata keçir. Əgər bu prinsipi biz həyata keçiririksə, demək, yeni yaradılan partiyalar, yaxud da ki, siyasi qüvvələrin mövcud olması tamamilə təbiidir. Və mənim hərəkatların hamısına münasibətim müsbətdir.
    – Sizin yaddaşınıza, xüsusilə rayonumuzda həmişə qibtə olunub. Əmək qabaqcıllarının, demək olar ki, əksəriyyətinin adını, dəqiq iş yerini bir dəfə görüb-eşitməklə yadınızda saxlayırsınız. İndi rayonumuzdan yadınızda qalan varmı?
    – Saatlı rayonu Azərbaycanın bütün guşəsi kimi, mənim üçün doğmadır, əzizdir. Mən Saatlı rayonunda dəfələrlə olmuşam. Və məhz 70-ci illər dövründə Saatlı rayonunun iqtisadiyyatı çox yüksək templərlə inkişaf eləyirdi. Mənim xatirimdədir ki, Saatlı rayonunda, təxminən, 70-ci illərin əvvəllərində iyirmi min tondan artıq pambıq istehsal olunmurdu. Ancaq 70-ci illərin axırlarında  – 80-cı illərin əvvəllərində Saatlı rayonunda, mənə belə gəlir ki, 55-60 min tona qədər pambıq istehsal olunurdu. Bax, bu mənim yadıma gəlir. Demək, pambıq istehsalı üç dəfəyə yaxın artmışdır. Demək, bu, rayona xeyli gəlir gətirmişdir. Rayonun iqtisadiyyatını artırmışdır. Təkcə pambıq deyil, Saatlı rayonunda taxıl istehsalı da o dövrdə çox inkişaf eləmişdi. Heyvandarlıq sahəsində də nailiyyətlər var idi. Saatlıda kəndlərin, qəsəbələrin, rayon mərkəzinin abadlaşması məsələsi də həmişə məni maraqlandırırdı. Mən sizin rayona gələndə hər dəfə təsərrüfatlarda olurdum, kolxoz, sovxoz rəhbərləri ilə, briqadirlərlə, adi təsərrüfat adamları ilə görüşüb söhbət edirdim. Onların çoxu indi də mənim xatirimdədir. Mən indi bir-bir hamısının adını sizə demək istəmirəm, çünki ola bilər ki, birinin adını deyim, o birisini deməyim. Onda biri desin ki, Əliyev məni yadında saxlayıb, o birisini yadında saxlamayıb. Ancaq saatlılılara mənim həmişə hörmətim olub və xüsusən Saatlı rayonunun, ümumiyyətlə, pambıqçılıq rayonlarının zəhmətkeş qadınlarına, çoxuşaqlı analarına böyük hörmətim olubdur. Mən belə böyük hörmət hissilə Saatlı rayonunun sakinləri ilə görüşlərimi xatırlayıram və bu fürsətdən istifadə edərək sizdən xahiş edirəm ki, onların hamısına mənim salamımı və xoş arzularımı çatdırasınız.

(Ardı var)
Fəxrəddin AĞAMİRZƏYEV
“Dönüş” qəzeti, 1990-cı il 

Nəşr edilib : 07.12.2023 17:11