AZ EN RU

Heydər Əliyevlə müsahibə

    Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 20-də böyük maneələri aşaraq Moskvadan Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana qayıtmışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldiyi ilk günlərdən bir çox yerli və xarici ölkələrin mətbuat orqanlarına müsahibələr vermiş, bu müsahibələrdə dövrün ictimai-siyasi proseslərinə münasibətini açıqlamışdır. Azərbaycanın ovaxtkı siyasi rəhbərliyi tərəfindən informasiya blokadasına salınan dahi şəxsiyyətin ən geniş və ölkədə böyük rezonans doğuran müsahibələrindən biri də həmin dövrdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin və Xalq Deputatları Sovetinin rəsmi orqanı olan “Dönüş” qəzetinin 1990-cı il 23, 25, 28 avqust tarixlərində dərc olunan müsahibə idi. Mütəllibov hakimiyyətinə güllə kimi dəyən bu müsahibənin dərcindən sonra müəllif Fəxrəddin Ağamirzəyev “öz ərizəsilə” işdən azad edilmiş, bir daha əlinə qələm almamaq şərtilə dilindən yazılı iltizam alınmışdır. “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə “Heydər Əliyevlə müsahibə”ni oxucularına təqdim edir.   

(Əvvəli qəzetin 6 dekabr 2023-cü il
 tarixli nömrəsində)
    – Son vaxtlar mətbuatda sizin haqqınızda bir sıra məqalələr verilmişdir ki, sizin dövrünüzdə respublikada pambıqçılığın inkişafı və Sumqayıt, Bakı, Gəncə və sair şəhərlərdə iri sənaye müəssisələrinin tikilməsi ekologiyaya ciddi ziyan vurmuşdur. Həm də bütün bunları birbaşa sizinlə əlaqələndirirlər.
    – Bunlar hamısı böhtandır. Onları yayan adamların əlində heç bir əsas yoxdur. Mən hər bir şəxslə, bax bu fikirləri irəli sürən şəxslə görüşüb, mübahisə aparıb və bu fikirlərin yalan olduğunu sübut etməyə hazıram.
    Pambıqçılıq Azərbaycan Respublikasının ənənəvi kənd təsərrüfatı sahəsidir. Mən respublikada fəaliyyət göstərdiyim dövrdə bu məsələlərlə çox dərindən məşğul olmuşam və pambıqçılıq Azərbaycan üçün yeni bir sahə deyildir. 70-ci illərdə pambıqçılıq Azərbaycanda böyük sürətlə inkişaf etmişdir. Bu da demək Azərbaycanın pambıq sahələrinin məhsuldarlığının artırılması və Azərbaycan kəndlilərinin rifah halının yaxşılaşdırılması üçün olan tədbirlərdir. Pambıqçılıqdan Azərbaycan kəndlisi heç bir ziyan götürməyibdir və pambıqçılıq Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük kömək edibdir. Mən pambıqçılığın Azərbaycana zərərli olduğu fikirlərlə qətiyyən razı deyiləm. Mən sizə deyə bilərəm ki, biz işlədiyimiz dövrdə pambıqçılıq sahəsində böyük ixtisaslaşma gedib. Məsələn, 1969-cu ildə pambıqçılıqla 32 rayon məşğul idi. Ancaq 1982-ci ildə pambıqçılıqla 18 rayon məşğul olmuşdur. Deməli, 14 rayondan lazımi səviyyədə səmərəli olmadığına görə pambıq bitkisini götürüb orada üzüm və başqa bitkilər əkilməsini lazım bilmişik. Ancaq 18 rayonda əlavə torpaqların istifadəyə verilməsi nəticəsində olan torpaqların məhsuldarlığının artırılması sayəsində pambıqçılıq yaxşı inkişaf etmişdir və Azərbaycan kəndlilərinə də xeyir vermişdir. O fikir yalandır.
    O ki qaldı Azərbaycanda bəzi sənaye obyektlərinin tikilməsi, guya ki, Azərbaycan ekologiyasına zərər vurub, bu fikirlə də razı deyiləm. Məsələn, siz Gəncə şəhərini yada saldınız. Gəncə şəhərində mən Azərbaycanın rəhbəri olduğum dövrdə ekologiyanı pozan heç bir sənaye müəssisəsi tikilməyib. Gəncənin ekologiyasını indiyə qədər pozan Gəncə alüminium zavodudur. Gəncə alüminium zavodu hələ 1950-ci illərdə tikilibdir. Mən işlədiyim dövrdə o zavodun texnologiyasında çox böyük dəyişikliklər əmələ gətirilib ki, alüminium istehsalı zamanı oradan tozlar çıxıb atmosferi zibilləyən maddələrin miqdarı azalsın. Hətta alüminium zavodu vaxtilə Daşkəsən rayonunda olan alunit yataqlarının əsasında tikilmişdir. Əvvəl layihə belə olmuşdur ki, o yataqlarda olan alunitləri götürüb alüminium zavodunda onları istehsal edəndən sonra qliniazion alınır. Qliniazionu da istehsal edib alüminium alırlar. Ancaq biz gördük ki, bu alunitin istehsalı Gəncənin mühitini çirkləndirir. Biz Moskvanın qarşısında məsələ qaldırdıq ki, alunit əvəzinə xaricdən oksid alıb gətirək. Bu oksidin emal olunması da alunitə nisbətən atmosferə çıxan çirklənmənin qarşısını alır. Deməli, mən təmiz vicdanla deyə bilərəm ki, işlədiyim dövrdə burada elə tədbirlər görülüb ki, o Gəncənin atmosferinin zibillənməsi ya azalsın, ya tamamilə ləğv olunsun. O ki qaldı Gəncədə tikilən başqa sənaye müəssisələrinə. Məsələn, götürək xalça fabrikini, yaxud da ki, orada elektron zavodu, yaxud orada mən işləyən dövrdə başlanan avtomobil zavodu, başqa maşınqayırma zavodları, yaxud da çini qablar zavodu – hamısı Gəncənin sənaye potensialını yaxşı artırıb, orada yeni iş yerləri yaradıb, əhalinin işləməsi üçün şərait yaradıbdır və onlar hamısı mütərəqqi sənaye sahələridir. Bunların heç birisini Gəncə üçün zərərli hesab etmirəm. Sumqayıtı götürək. Oranın atmosferini zəhərləyən və eyni zamanda Xəzər dənizinə tullantılar üçün şərait mən Mərkəzi Komitəyə işə gəlməzdən əvvəl yaranmışdır. Bizim dövrümüzdə orada belə müəssisələr yaranmamışdır. Hətta mən deyə bilərəm ki, biz işlədiyimiz dövrdə bizə məlum oldu ki, Sumqayıtda lindan istehsalı qurğusu yaratmaq qərara alınıb. Mən bunu eşidən kimi maraqlandım ki, bunu Azərbaycanın rəhbərliyinin razılığı olmadan nə üçün qərara salıblar. Aydın oldu ki, bizim respublikanın rəhbərliyinin, o cümlədən mənim və Nazirlər Sovetinin sədri – o vaxtlar İbrahimov Xəlil İsmayıl oğlunun bu məsələdən xəbəri olmamış, bunu Moskvada kimya naziri Konstandov qərara salmışdır. Və buna da, təəssüf ki, Azərbaycanın Plan Komitəsinin işçilərindən biri razılıq vermişdir. Mən bunu bilən kimi dərhal bu qurğunun Azərbaycanda tikilməsini qadağan etdim. Və Azərbaycanda işlədiyim dövrdə bu qurğu Azərbaycanda tikilməmişdir. Ancaq mən Azərbaycandan Moskvaya işə keçəndən sonra görsənir ki, Konstandovun təzyiqinə Azərbaycan rəhbərləri müqavimət göstərə bilməmişlər. Ona görə də bu lindan qurğusu məndən sonra tikilmişdir. Ona görə də mənim bu barədə, yenə də qeyd etmək istəyirəm ki, vicdanım təmizdir. Mən indi də hər bir auditoriyada bu məsələlər haqqında öz fikrimi də deyə bilərəm və istənilən adamlara izahat da verə bilərəm.
    – Məlumdur ki, sizin haqqınızda çoxlu şayiələr gəzir. Siz bunları eşidirsinizmi? Eşidirsinizsə bu məlumatları haradan alırsınız?
    – Bilirsinizmi, şayiələri, adətən, ayrı-ayrı insanlar yaradırlar. Və bəzən də onları haradansa götürüb uydururlar, heç bir əsası olmadan. Ona görə mən buna belə yanaşıram ki, rəhbər səviyyədə olan şəxslər haqqında həmişə şayiələr yaranıbdır. Mən də uzun müddət Azərbaycan Respublikasının rəhbəri olmuşam. Sonra bir neçə il Moskvada yüksək səviyyədə fəaliyyət göstərmişəm. Odur ki, haqqımda cürbəcür şayiələrin yaranıb yayılması mənim üçün o qədər də təəccüblü deyil. Çünki bu bəzi insanlara xas olan keyfiyyətdir. Mənim haqqımda böhtanlar olubdur, bu böhtanların bir hissəsi ayrı-ayrı mətbuat orqanlarında dərc olunub, bir hissəsi də ağızdan-ağıza şayiə kimi yayılıb. Mən bunların hamısına, necə deyərlər, nifrət edirəm. Çünki bunlar hamısı yalandır, uydurmadır, böhtandır və bu cürə şayiə yayanları mən şəxsiyyətsiz adam kimi qəbul edirəm.
    – Sizin tərəfdarlarınız olduqca çoxdur. Əleyhdarlarınız da var. Onlara sözünüz.
    – Mən tərəfdarlarıma öz minnətdarlığımı bildirirəm. Ancaq əleyhimə olan adamlara isə demək istəyirəm ki, onların heç birisinin ədalətli olaraq mənim əleyhimə çıxmalarına heç bir əsasları yoxdur. Mən əleyhimə söz gəzdirən, fikir söyləyən hər bir adamla görüşüb ona sübut etməyə qadirəm ki, onun mənim haqqımda yaydığı böhtanlar, yaxud da ki, mənim haqqımda pis fikirlərdə olmasına əsas yoxdur. Mən respublikanın rəhbəri olmuşam, özü də həmişə prinsipial mövqe tutmuşam. Xalqın mənafeyi üçün çalışmışam, xalqın hər bir sadə adamının hüquqlarını qorumaq üçün çalışmışam. Və belə bir gərgin, mübariz işdə, şübhəsiz ki, ayrı-ayrı adamlar istədiyi mövqelərdən uzaqlaşıblar, bəzən də, məsələn, istədiyi niyyətləri həyata keçirə bilməyiblər. Onlar buna görə məndən narazıdırlar. Ancaq onlar özləri-özlərinə ədalətlə yanaşsalar, onlarda özünütənqidi keyfiyyət olsa, onlar bu öz xırda insani hisslərindən bir az yuxarıya baxsalar, gərək, mənim əleyhimə olmasınlar.
    – Son 70 ildə Azərbaycan tarixində hələ açılmamış səhifələr var ki, bu, xalqımız üçün bir sirdir. Sizin bu barədə sözünüz.
    – Bəli, mən də belə fikirdəyəm ki, Azərbaycan xalqının tarixində hələ açılmamış səhifələr çoxdur. Mən Azərbaycan Respublikasına rəhbərlik etdiyim dövrdə Azərbaycanın tarixi ilə daim maraqlanmışam. Bir çox tarixi məlum olmayan materiallarla arxivdən öyrənib tanış olmuşam, ona görə də Azərbaycanın elə bu 70 illik tarixində açılmayan səhifələrin olduğu mənə hələ indi yox, bir çox illər bundan qabaq da məlum idi. Və bizim işlədiyimiz dövrdə də hələ xalq üçün tamamilə aşkar olmayan faktlar vardır. Azərbaycan Respublikasının vəziyyəti, ona olan cürbəcür səviyyələrdə münasibət, bunlar, şübhəsiz ki, vaxtilə açılmalıdır. Mən belə güman edirəm ki, vaxt gələcək bunların hamısı açılacaq.
    – Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilliyinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.
    – Mütləq. Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır, heç kəs ona belə bir azadlığı verməyəcəkdir.

(Ardı var)
Fəxrəddin AĞAMİRZƏYEV
“Dönüş” qəzeti, 1990-cı il 

Nəşr edilib : 06.12.2023 18:42