AZ EN RU

Heydər Əliyevlə müsahibə

    Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 20-də böyük maneələri aşaraq Moskvadan Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana qayıtmışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldiyi ilk günlərdən bir çox yerli və xarici ölkələrin mətbuat orqanlarına müsahibələr vermiş, bu müsahibələrdə dövrün ictimai-siyasi proseslərinə münasibətini açıqlamışdır. Azərbaycanın ovaxtkı siyasi rəhbərliyi tərəfindən informasiya blokadasına salınan dahi şəxsiyyətin ən geniş və ölkədə böyük rezonans doğuran müsahibələrindən biri də həmin dövrdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin və Xalq Deputatları Sovetinin rəsmi orqanı olan “Dönüş” qəzetinin 1990-cı il 23, 25, 28 avqust tarixlərində dərc olunan müsahibə idi. Mütəllibov hakimiyyətinə güllə kimi dəyən bu müsahibənin dərcindən sonra müəllif Fəxrəddin Ağamirzəyev “öz ərizəsilə” işdən azad edilmiş, bir daha əlinə qələm almamaq şərtilə dilindən yazılı iltizam alınmışdır. “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə “Heydər Əliyevlə müsahibə”ni oxucularına təqdim edir.   

    – Yoldaş Əliyev, Sizi təcrübəli siyasi xadim kimi tanıyırlar. Deyirlər, milli və siyasi məsələləri qabaqcadan görmək Sizdə qeyri-adi hissiyyatdır.
    – Əlbəttə, mən siyasi xadiməm və uzun illər siyasətlə məşğul olmuşam. Bu sahədə mənim təcrübəm az deyil. Mənim bu təcrübəm də siyasi işlərin təhlilində və bu sahədə lazımi qərarlar qəbul etməkdə mənə kömək edir.
    – Aşkarlıq, demokratiya dövründəyik. Hər kəs öz sözünü deyə bilər. Siz bundan ehtiyat etmirsiniz ki?
    – Mən heç vaxt bildiyimi deməkdə ehtiyat etməmişəm. Əvvəllər də, heç aşkarlıq olmayan dövrdə də mən öz bildiyimi demişəm, indi isə daha da ürəklə, daha da inamla öz dəqiq fikrimi həmişə bildirmişəm və bildirəcəyəm.
    – Yoldaş Əliyev, Siz söhbətlərinizdə xalqımızı narahat edən Qarabağ haqqında bildirmisiniz ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında süni yaradılmış məsələləri tez bir vaxtda qaydasına salmaq olardı. Lakin respublikanın keçmiş rəhbərliyi və ittifaq rəhbərliyinin qətiyyətsiz mövqeləri bu məsələni daha da çətinləşdirdi. Söhbət gedir ki, Sizin rəhbərliyiniz dövründə erməni millətçiləri DQMV-ni Ermənistana birləşdirmək məsələsini qaldırmışlar və Siz dərhal onları susdurmusunuz. Mümkünsə, bu barədə.
    – Bəli, Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə də erməni millətçiləri tərəfindən, xüsusən Ermənistanda yaşayan erməni millətçiləri və əsasən, Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür məktublar yazıb Moskvaya göndərib bu tələbləri irəli sürməyə çalışıblar. Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlarda biz almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər. Mən Mərkəzi Komitəyə rəhbərlik etdiyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Və onların genişlənməsinə mümkünat vermirdim. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987-ci ilin ikinci yarısında, sonunda başlanılan kampaniyanın qarşısını elə o vaxt almaq mümkün idi. 1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi. Ancaq çox, təəssüf ki, bu sahədə həm Azərbaycan Respublikasının keçmiş rəhbərləri, həm də ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər. Və məhz bunun da nəticəsində Dağlıq Qarabağ məsələsi get-gedə şişmiş, çox əcaib şəkil almış, indi də iki respublika arasında, iki millət arasında böyük ziddiyyət yaranmasına səbəb olmuşdur.
    – Əlavə bir sual: Dağlıq Qarabağ məsələsi bütün respublikamızın əhalisini ciddi narahat edir, erməni milləti bizim xalqımızı təcavüz vəziyyətinə salır. Bu məsələdə siz çıxış yolunu nədə görürsünüz?
    – Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəaliyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar – bunlar əgər həyata keçirilmirsə, onda, demək, çıxış yolu da tapılmır. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.
    – Silahlı dəstələrə qarşı prezidentin fərmanı çıxdı. Lakin bizə məlum deyil ki, nəyə görə erməni ekstremistlərinə bu qədər güzəştlər edilir. 
    – Mənə də məlum deyil. Ancaq, eyni zamanda (acı-acı gülümsəyir-A.F.) məni təəccübləndirən məsələ odur ki, bu böyüklükdə ölkənin prezidenti fərman verir, 15 gün o fərmanın icrasına vaxt qoyur. Ermənistan respublikasında bu fərmanın əleyhinə qərar qəbul olunur və Ermənistan respublikasının Ali Soveti qərara alır ki, SSRİ prezidentinin fərmanı Ermənistanda qüvvədə olmamalıdır. SSRİ prezidenti də buna laqeyd yanaşır. Belə halda prezidentin qərarının tamamilə gücsüz olduğu aşkar görünür.
    – Deyirlər, Brejnev dövründə sizin hər cür imkanlarınız olub...
    – Bu sual bir az səthi fikirdir. Təkcə Brejnev dövründə deyil, mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda Azərbaycan partiya təşkilatı çox düzgün fəaliyyət göstərirdi. Respublikanın həm sosial-iqtisadi, həm mədəniyyət sahəsində xeyli nailiyyətləri vardı, bu nailiyyətlər də Ümumittifaq miqyasında görsənirdi. Respublikanın nüfuzu ilbəil artırdı. Və bizim respublikanın zəhmətkeşlərinin, respublika partiya təşkilatlarının yaxşı işləməsi və qarşıya qoyduğu vəzifələri vaxtında yerinə yetirməsinə görə respublikanın Ümumittifaq qarşısında qoyduğu məsələlərə həmişə diqqətlə yanaşırdılar. Bu məsələlər də həll olunurdu. Onların hamısı da respublikanın inkişafına kömək edirdi.
    – Söhbətinizdə bildirirsiniz ki, mərkəzdən və Vəzirov tərəfindən Sizə qarşı qərəzkarlıq ediblər. Axı o da azərbaycanlı oğlu idi, həm də vaxtilə Sizin kadrınız olubdur. Elə isə Sizin əleyhinizə danışmağa onu nə məcbur edirdi?
    – Bilirsiniz, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Bu o demək deyildir ki, azərbaycanlının hər birisi Azərbaycan xalqına sədaqətlə qulluq edir, ədalət yolu ilə gedirlər. Düzdür, Vəzirov vaxtilə, 1972-ci ildə mənim şəxsi təşəbbüsüm nəticəsində partiya işinə götürülübdür. Ondan qabaq o, partiya işində işləməmişdi. Kirovabad (indiki Gəncə şəhəri) partiya komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdu. Bunlar hamısı mənim təşəbbüsümlə və mənim iştirakımla olmuşdur. Orada bir müddət işlədikdən sonra o, orada işləyə bilmədi, dəfələrlə onu oradan götürmək və Bakıya köçürmək xahişlərini mənim qarşımda qoydu və onun bu xahişini də biz yerinə yetirdik. Onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri təyin etdik. Orada da o, bir partiya işçisi kimi özünü göstərə bilmədi. Özünün zəifliyini büruzə verdi. Və sonra da bu işin öhdəsindən gələ bilmədiyinə görə buradan çıxış yolu axtardı, çıxış yolunu da gedib xaricdə işləməkdə gördü. Bir neçə dəfə bizim qarşımızda xaricdə işləmək arzusunu irəli atdı. O vaxt yenə də biz ona, necə deyərlər, çox diqqətlə yanaşdıq, bu xahişini yerinə yetirdik, o, xaricdə işləməyə getdi. Ancaq xaricdə işlədiyi dövrdə – mən bir dəfə bunu öz müsahibəmdə qeyd etmişəm – o, həmişə Azərbaycana və o cümlədən Azərbaycanın rəhbəri kimi mənə – Əliyevə öz sədaqətini, məhəbbətini dəfələrlə göndərdiyi məktublarda yazıb bildirmişdir. Ancaq Azərbaycan Kommunist Partiyasının rəhbəri olandan sonra o özünün başqa üzünü göstərdi. Bizim həyatımızda ikiüzlü adamlar yeganəlik təşkil etmir. Belə adamlar çoxdur. Bu da onlardan biridir. O, nəhayət öz iç üzünü açdı, bir mənə görə yox, – ola bilər ki, xalq üçün – Bu adi məsələdir – bir adamın bir adama münasibəti- ancaq öz xalqına onun münasibətinin nə qədər mənfur olduğunu öz fəaliyyət dövründə göstərdi. Və xalq üçün heç bir yaxşı iş görə bilmədi. Ona görə də onun mənim haqqımda pis hərəkətləri təəccüblü deyildir. Demək, bu adamın təbiəti belədir.
    – Bəzən elə olur ki, müəyyən şayiələr həyatda həqiqətə çevrilir. Hələ sizin dövrünüzdə Vəzirovun söhbəti gedirdi ki, siz Mərkəzi Komitəyə gedəcəksiniz, Vəzirov isə Azərbaycana rəhbər gələcəkdir. Bu şayiələr, doğrudan da, göründüyü kimi, həqiqət oldu. Bu barədə nə deyə bilərsiniz. Onu hansı keyfiyyətlərinə görə belə yüksək vəzifəyə gətirdilər?
    – Bilirsiniz, mənim Mərkəzi Komitəyə getməyimlə Vəzirovun Azərbaycana rəhbərliyə gəlməsi arasında böyük məsafə var. Mən 1982-ci ilin sonunda Moskvaya işə keçirilmişəm, ancaq Vəzirov isə 1988-ci ildə gəlibdir. Demək, bu şayiənin əsası yoxdur. Ancaq Vəzirovun 1988-ci ildə Azərbaycan Kommunist Partiyasının rəhbəri vəzifəsinə gəlməsi, mənə belə gəlir ki, bu, çox təsadüfi bir haldır. Çünki bu adam belə vəzifəyə heç də layiq deyildi. Azərbaycan xalqına rəhbərlik etməsi üçün onun nə təcrübəsi vardı, nə lazımi biliyi vardı, nə də onun xalqa bağlılığı. Buna görə bu, təsadüfi haldır, odur ki, il yarımdan sonra belə bir adam artıq respublikada rəhbərlik edə bilmədi.

(Ardı var)
Fəxrəddin AĞAMİRZƏYEV
“Dönüş” qəzeti, 1990-cı il 

Nəşr edilib : 05.12.2023 19:02