AZ EN RU

Heydər Əliyevin yolu və ideyaları ilə Azərbaycan böyük zirvələr fəth edir

    Ulu Öndərimiz Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Xalqımız qarşısında müstəsna xidmətlərinə görə dahi şəxsiyyət hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halına nəzər yetirsək, orada yalnız bir məqsəd, bir amal görmək mümkündür: Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərmək. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2022-ci il 22 sentyabr tarixli sərəncamında deyilir: “Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir”.

    Dahi şəxsiyyət ötən əsrin 70-80-ci illərində sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmişdir. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətinə nəzər saldıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın yurdunun tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmətlə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. O, bu böyük iş uğrunda bütün gücü, biliyi, bacarığı və təcrübəsi ilə çalışırdı. 
    Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanın bilavasitə uzaq perspektivinə, deməli, bu gününə yönəlmiş sırf milli xarakterli fəaliyyətini əyani surətdə sübuta yetirən yüzlərlə fakt göstərmək mümkündür. Dahi şəxsiyyətin fəaliyyəti, mahiyyət etibarilə, gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi idi. Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına çıxmış, ölkəmizdə böyük abadlıq işləri görülmüş, respublikanın siyasi və mədəni həyatında mühüm əhəmiyyəti olan neçə-neçə obyektlər tikilib istifadəyə verilmişdir.     
    Tarix sübut edir ki, yalnız xalqa bağlı olan, onun maraqlarını qoruya bilən, Vətən və millət sevgisi ilə yaşayan siyasətçilər böyük uğur qazanırlar. Siyasi fəaliyyətinin bütün dönəmlərində dahi şəxsiyyət Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Böyük rəhbər Vətəni, milləti qarşısında ölkənin taleyüklü məqamlarında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət və millət kimi tarixin sınaqlarından çıxarmışdır. Bununla da, xilaskarlıq missiyasını yerinə yetirmişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində dahi şəxsiyyət Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Ümummilli Lider Azərbaycan dövlətçiliyini, Azərbaycan xalqını fəlakətlərdən qurtarmış, dövlətçiliyi möhkəmləndirmiş, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa şərait yaratmışdır. Çox çətinliklə əldə etdiyimiz müstəqilliyimizi dönməz və əbədi etmişdir.
    Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizi məhv olmaqdan qorudu, onu dağılmaq təhlükəsindən xilas etdi və möhkəmləndirdi. Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini reallığa çevirmişdir. Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz dahi rəhbər Heydər Əliyev olduğunu bir daha sübut etdi. Ulu Öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edirdi.
    Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən Ümummilli Liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bəlalardan qorumuş, xilas etmişdir. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmışdır. 
    Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir. Respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Ümummilli Lider Heydər Əliyevin həmişəyaşarlığı bir daha aydın olur. Xalqımız görür ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurmaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaldacaq və Azərbaycan cəmiyyətinin firavanlığını daim təmin edəcəkdir. Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır, böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 
     Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2022-ci il 22 sentyabr tarixli Sərəncamında deyildiyi kimi: “Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.
    Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər Ümummilli Liderimiz Heydər Əliyev siyasi xəttinin təntənəsidir və bu nailiyyətlər Ulu Öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası sabitlik, inkişaf, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsidir. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə bu fikirlərlə qayıtmışdı və ömrünün sonunadək də buna sadiq qaldı. Ulu Öndərimiz Heydər Əliyev qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayır və daim yaşayacaqdır. 

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, 
Naxçvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 01.05.2023 19:30