AZ EN RU

Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı

    Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşması ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində islahatların aparılmasını zəruri etmişdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə respublika Prezidenti seçildikdən sonra bu islahatları ardıcıl şəkildə həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqeyini qorumağa, daxili vəziyyətini stabilləşdirməyə yönəldilmiş tədbirlər görməyə başladı. Bu sahədə görülən mühüm işlərdən biri də qanunvericilik aktlarının yaradılması idi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası çoxsaylı qanunların yaranması üçün təməl oldu. Respublikamızın Konstitusiyasına görə tarix və mədəniyyət abidələrinin qorunması hər bir ölkə vətəndaşının mühüm vəzifəsinə çevrildi. 

    Tarix və mədəniyyət abidələrinin qorunmasının bütün ölkə vətəndaşlarının əsas vəzifələrindən biri kimi Konstitusiyamızda təsbit edilməsinə baxmayaraq, bu sahədə mövcud olan boşluqlar mədəni irsimizin qorunmasını və öyrənilməsini çətinləşdirirdi. Bir çox xarici ölkə vətəndaşları izn almadan ölkəmizin tarix və mədəniyyət abidələrinin fotoşəkillərini çəkir, bir çox hallarda isə onları yanlış şərh edirdilər. Belə abidələrin məhv edilməsi, tariximizin yaddaşdan silinməsi, eksponatların xaricə daşınması kimi təhlükəli bir proses də başlamışdı. Bəziləri ölkəmizin ağır iqtisadi vəziyyətindən və vətəndaşlarımızın ehtiyacından istifadə edərək onların qiymətli xalçalarını, qızıl, gümüş və mis əşyalarını dəyər-dəyməzinə əllərindən alırdılar. Burada istər-istəməz görkəmli yazıçımız Mir Cəlalın öz qəhrəmanının dili ilə dediyi “İtə ataram, yada satmaram” ifadəsi yada düşür. Bəli, Azərbaycan xalqı respublikamızın bu ağır günlərində öz mədəni irsini itirmək təhlükəsi ilə üz-üzə durmuşdu. Bu ağır vəziyyətdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan qanunlar və onun mədəni irsin qorunmasına münasibəti belə proseslərin qarşısını aldı. 1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gülüstan tarix-mədəniyyət qoruğu yaradıldı. 1997-ci ilin yazında Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. Həmin ildə “Mədəniyyət haqqında” qanun imzalandı. 1998-ci il aprel ayının 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunla abidələrimizin qorunması dövlət təminatı altına alındı, onların tədqiqi, qeydə alınması, xaricə aparılması və xaricdən gətirilməsinin qanunla tənzimlənən normaları müəyyənləşdirildi. 1998-ci il iyun ayının 13-də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verildi. Bu Fərmanda abidələrin qorunması, elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında beynəlxalq təşkilatların iştirak etmə qaydası, xüsusi mülkiyyətdə olan abidələrin xaricə aparılmasına icazə verilməsi qaydası və digər mühüm məsələlər öz əksini tapmışdır. 
    Azərbaycan Respublikasının məqsədyönlü siyasəti nəticəsində 2002-ci ildə Azərbaycan Abidələrin Bərpası, Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmudu. Azərbaycanın dövlət əhəmiyyətli abidələri Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına salındı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev öz çıxışlarında, alimlərimiz və mədəniyyət xadimlərimizlə görüşlərində tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini, Azərbaycan xalqının tarixinin milli konsepsiya baxımından öyrənilməsini həmişə vurğulamış, bu barədə öz tövsiyələrini vermişdir.
    Azərbaycanın ən qədim regionlarından biri olan Naxçıvanda da tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı xeyli işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin qayğısı və tövsiyələri əsasında Əshabi-kəhf ziyarətgahında təmir-bərpa işləri aparılmışdır. 2001-ci ildən başlayaraq Gəmiqaya rəsmlərinin elmi əsaslarla öyrənilməsinə başlanılmış, xeyli məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələr öyrənilmiş, etnoqrafik, folklor və onumastik materiallar toplanmışdır. Gəmiqaya ətrafında aşkar edilən arxeoloji abidələr, xüsusilə mühüm tarixi əhəmiyyətə malik olmuşdur. Bu abidələr arasında Nəbi yurdu yaylağındakı Erkən Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələri, Tivi və Bist kəndləri ərazisində qeydə alınan Tunc və Erkən Dəmir dövrlərinə aid arxeoloji abidələr qədim tariximizin öyrənilməsi üçün dəyərli mənbədir. 
    2005-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan qədim mədəniyyət abidələrinin tədqiqi işi daha da genişləndirilmişdir. 2006-2023-cü illərdə aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Abidələrin həm qeydə alınmasında, həm də tədqiqində beynəlxalq ekspedisiyaların üzvləri də iştirak etmişdirlər. ABŞ-ın Corciya Universitetinin və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları ilə aparılan araşdırmalar zamanı I Kültəpə, II Kültəpə, I Maxta Kültəpəsi, Ovçular təpəsi, Naxçıvantəpə Uçan Ağıl, Oğlanqala, Qızqala və digər abidələrdə qazıntılar həyata keçirilmiş, Arpaçay vadisində olan tarix və mədəniyyət abidələri müştərək araşdırmalarla öyrənilmişdir. Araşdırmaların nəticələri ilə bağlı olaraq xüsusi internet saytı yaradılmış və bu saytlarda Naxçıvanın tarix və mədəniyyət abidələri haqqında məlumat verilmişdir. 2017-ci ildə aşkar edilərək tədqiq olunmağa başlayan Naxçıvantəpə yaşayış yerinin qədim mədəniyyətimizin, o cümlədən Naxçıvan şəhərinin tarixinin öyrənilməsi üçün önəmli nəticələr vermişdir.
    ABŞ-ın Corsiya Universitetinin əməkdaşları ilə II Kültəpə və I Maxta Kültəpəsində, Arpaçay vadisində aparılmış müştərək araşdırmaların nəticələri ilə bağlı olaraq xüsusi internet saytı yaradılmış və bu saytda Naxçıvanın 45 arxeoloji abidəsi haqqında məlumat verilmişdir. 
     Fransanın Milli Araşdırma Mərkəzinin əməkdaşları ilə Şərur rayonunda yerləşən Ovçular təpəsi abidəsində 2006-2013-cü illərdə aparılan kəşfiyyat xarakterli araşdırmalar zamanı Batabat kurqanları, Dizə kurqanları və onlarla digər qiymətli abidələr qeydə alınmışdır. Ekspedisiya əməkdaşlarının Naxçıvan şəhəri yaxınlığında yerləşən Duzdağdakı araşdırmaları xüsusilə diqqətəlayiq olmuşdur. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Duzdağdan eramızdan əvvəl VI minillikdən başlayaraq duz çıxarılmışdır. Duz yerli əhalinin təlabatını ödəməklə yanaşı, beynəlxaq ticarət istifadə edilən ən qiymətli məhsullardan biri olmuşdur. Araşdırmalar zamanı eramızdan əvvəl VI-II minilliklərə aid keramika məmulatı, duz çıxarmaq üçün istifadə olunan müxtəlifölçülü daş çəkiclər əldə edilmişdir. Müəyyən olunmuşdur ki, qədim dövrdə duz, duz laylarının yer səthinə çıxan hissəsində açıq üsulla çıxarılmışdır. Ekspedisiyanın apardığı araşdırmaların nəticələri “Naxçıvanın qədim mədəniyyətləri” adlı kitabda ümumiləşdirilmişdir.
    AMEA Naxçıvan Bölməsinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə apardığı araşdırmalar zamanı dünya və ölkə əhəmiyyətli arxeoloji abidələr, kitabələr, memarlıq abidələri, o cümlədən onlarla hamam, körpü və məscidlər qeydə alınmışdır. Bu abidələr arasında Şərur rayonundakı II Qız qalası, Babək rayonunun Buzqov kəndi yaxınlığında aşkar olunan Erkən Tunc dövrünə aid Hovuzlu yaşayış yerini, Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığında yerləşən I Bəzəkli, II Bəzəkli, Çalxanqala kəndi yaxınlığındakı Qırmızıdaş qalaları, Ordubad rayonunun Bist və Ələhi kəndlərindəki körpüləri göstərmək olar. 
    Məlum olduğu kimi, Nuhla bağlı əfsanələr Naxçıvanın qədim tarixinin, folklorunun, bütövlükdə, milli-mənəvi mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Muxtar respublikamızda Azərbaycan Respulikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrə diqqətlə yanaşılması və onun icra olunması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələri qorumaya alınmışdır. 2003-cü ildə Möminə xatın və Qarabağlar türbəsində beynəlxalq təşkilatların iştirakı ilə bərpa və yenidənqurma işləri aparılmışdır. 
    Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  muxtar respublikamızda tarix və mədəniyyət abidələrinin qorunması üçün göstərdiyi qayğının ifadəsidir ki, 2006-cı ildə “Arpaçay tarix və mədəniyyət qoruğu”, “Gəmiqaya tarix-təbii qoruğu” yaradılmışdır. 
    Həmçinin Möminə xatın, Qarabağlar Türbə Kompleksi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Gülüstan türbəsi, Qazançı körpüsü, Yengicə hamamı, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidələr Kompleksində, Xanəgah abidələri kompleksində, Ordubad rayonunun tarix-memarlıq abidələrində, Naxçıvan şəhər buzxanası və onlarla digər abidələrdə bərpa və yenidənqurma işləri aparılmışdır. 
    2017-2022-ci illərdə Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan Dalmatəpə mədəniyyəti, Naxçıvanın qədim dövrlərdən Azərbaycanda gedən etnik-mədəni proseslərdə iştirak etdiyini və Azərbaycanın tərkib hissəsi olduğunu deməyə imkan vermişdir.
    AMEA Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiyanın 2022-ci ilin may-iyun aylarında Sədərək Kültəpəsində apardığı arxeoloji qazıntılar nəticəsində Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Məlum olduğu kimi, Naxçıvanda şəhərtipli yaşayış yerləri eramızdan əvvəl III minilliyin sonunda meydana çıxmışdır. Tapıntılar sübut edir ki, bu ənənə Dəmir dövründə də davam etmişdir. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeridir. Arxeoloji araşdırmalar zamanı bu şəhərin yalnız bir qisminin, 600 kvadratmetrlik sahəsinin qalıqları aşkar olunmuşdur. Karbon nümunələrinin analizi şəhərtipli strukturların təqribən eramızdan əvvəl 900-790-cı illərdə, yəni urartuların Cənubi Qafqaza yürüşlərindən xeyli əvvələ aid olduğunu müəyyən etməyə imkan vermişdir. 
    Yuxarıda qeyd olunanlar tarix və mədəniyyət abidələrinin qorunması və tədqiqi ilə bağlı görülən işlərin yalnız bir qismidir. Bu istiqamətdə görülən işlər yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mədəni irsimizə qayğısı və onun tövsiyyələrinin ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir.
    Naxçıvan Muxtar Respublikasının ərazisi tarixin müxtəlif dövrlərinə aid tarix və mədəniyyət abidələri ilə zəngindir. Naxçıvan torpağının hansı hissəsinə külünc vursan oradan ulu əcdadlarımızla bağlı maddi mədəniyyət nümunələri üzə çıxacaqdır. Naxçıvan Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin beşiyidir. Bu abidələr Azərbaycan türklərinin qədim dövrdən Naxçıvanın yerli əhalisi olduğunu təsdiq edən əvəzedilməz maddi mədəniyyət nümunələridir. Tarix və mədəniyyət abidələrinin tədqiqi alimlərimizin, onların qorunması isə ümumxalq işidir. 

Vəli BAXŞƏLİYEV

Nəşr edilib : 09.05.2023 19:53