AZ EN RU

Heydər Əliyevin Hikmətli Kəlamlari Azad Və Müstəqil Azərbaycan Ideyasinin Tərcümani Kimi

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın azad və müstəqilliyinə səbəb olacaq işlərin siyasi və ictimai üsullarla icrasına həsr edib. Xalqına və dövlətinə bütün varlığı ilə bağlı olan bu dahi şəxsiyyətin yalnız bir müqəddəs ideyası olub: Müstəqil, azad və əbədi Azərbaycan!

Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini incələdikcə insan, sözün əsl mənasında, heyran qalır. Bir insanın qəlbində bu qədərmi Vətən, Xalq, Dövlət sevgisi ola bilər?! Bir insan öz qədim-milli köklərinə bu qədərmi səmimiyyətlə bağlı olar?! Bir insan öz xalqının tarixinə və mədəni dəyərlərinə bu qədərmi ehtiram göstərər?! Bəli, hələ saymaqla bitməyən ölçüyəgəlməz dəyərlər və əməllər məhz bu dahi şəxsiyyətə –  Heydər Əliyevə məxsusdur. Onun ruhu xalq idi, vətən idi. Və bu düşüncələrini Ulu Öndər təkcə əməli fəaliyyətdə deyil, nitqləri, xalqla olan söhbətləri zamanında da aydınca ifadə edirdi. O, Azərbaycana – doğma Vətəninə, sözün əsl mənasında, vurğun idi. Və bunu elə səmimi ifadə edirdi ki, bu gün də Vətən, Xalq, Azərbaycan deyəndə Ulu Öndərin sonsuz səmimiyyətlə və sevgi ilə söylədiyi ifadələr xalq tərəfindən  “Hikmətli kəlam” statusu qazanmışdır. Bu baxımdan, günümüzdə həmin kəlamlar əsrlərin süzgəcindən keçib gəlmiş paremioloji vahidlər, atalar sözləri qədər dəyər kəsb edir. Vətən müqəddəsliyini ifadə edən qiymətli kəlamlarını gözdən keçirdikcə, həqiqətən də Heydər Əliyevin niyə bu qədər Vətəninə bağlılığı aydınlaşır: “Doğma, canım-qanım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır!”. Bu kəlam necə səmimi, necə təsirli, necə şirindir! “Azərbaycan” kəlməsini təkcə – təyinsiz işlətmək Ulu Öndər nitqinə çox nadir hallarda xarakterik idi. Yəni qəlbinə hakim kəsilmiş Vətən sevgisini ifadə edən bədii təyinlərlə bu kəlməni ifadə etməyi Ulu Öndər özünə zövq və borc bilirdi. “Doğma”, “canım-qanım qədər sevdiyim” təyinləri Ulu Öndərin Vətəninə bağlılığını, sevgisini olduqca səmimi və aydın tərzdə ifadə edir.

Heydər Əliyev Azərbaycançılıq ideyalarının qorunması və yaşamasında milli dəyərlərin rolunu çox gözəl bilirdi. Odur ki, milli-mənəvi dəyərlərə məxsus nə var idisə, onların mühafizə olunmasına böyük dəyər verirdi. Bu nöqteyi-nəzərdən Ulu Öndər milli-mənəvi dəyərlərimizdən olan şifahi və yazılı ədəbiyyatımızın inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Akademik M.İmanov Ulu Öndərin bu yöndəki fəaliyyəti haqqında dəyərli fikirlər söyləyir: “Ulu Öndər milli ideologiyanın formalaşmasında mədəni irsin, xüsusən şifahi və yazılı ədəbiyyatın əhəmiyyətini həmişə önə çəkmişdir...Ulu Öndər milli-mənəvi dəyərlərin, xalqımızın sahib olduğu zəngin mədəni irsin gənclərə və ümumiyyətlə, gələcək nəsillərə itkisiz ötürülməsini dövlət müstəqilliyinin təminatı üçün zəruri amil saymışdır”.

Heydər Əliyev öz etnik kökünə dərindən bələd olan və öz kökünə dəyər, ehtiram göstərən tarixi şəxsiyyətlər sırasında birincilərdəndir. Məhz Azərbaycanın belə qədim tarixi soykökə malik olduğunu ön plana çəkərək bunu həm ölkə daxilində, həm də ölkədən xaricdəki siyasətində əməllər və fikirlərlə ifadə edirdi. Kökü və tarixi qədim olan xalq müstəqil olmalıdır, azad olmalıdır, o xalqa, o xalqın dövlətinə hökmranlıq etmək mümkün deyildir. Çünki o xalq öz tarixindən, soykökündən irəli gələn dəyərlərinə, keyfiyyətlərinə görə elə özü əsl idarəçi, əsl hökmrandır. Həmin xalq kənar qüvvələrin, yadellilərin onu idarə etməsinə sonadək izin verə bilməz! Bəli, məhz bu fikirləri, gerçəklikləri dünyaya çatdırmaq uğrunda mübarizə aparan Ulu Öndər bu sahədə keçmiş dövlətçilik tariximizin ənənələrindən də yeri gəldikcə istifadə edirdi. Ulu Şah İsmayıl Xətai ənənəsindən öz müasir dövlətçilik siyasətində bəhrələnirdi. Və bu baxımdan Şah İsmayıl Xətainin Azərbaycan dilinin və ədəbiyyatının inkişafında ölçüyəgəlməz xidmətini öz siyasətində də şüar kimi qəbul edirdi. Ulu Öndərin Şah İsmayıl Xətainin həyata keçirdiyi dil siyasəti uğrundakı mübarizəsi haqqındakı geniş və ətraflı bilgilərə malik olması onun bu sahədəki fəaliyyətinə işıq salırdı. Lakin demək mümkündür ki, Ulu Öndər vətənsevərliyi və soykökə bağlılığından irəli gələrək  məhz onun rəhbərliyi dövründə Azərbaycan dili öz varlığını tam şəkildə ifadə və sübut etdi. Keçmiş postsovet məkanında irtica qanunlarının hökm sürdüyü kürsülərdə Heydər Əliyev bu dildə fikirlərini ifadə etməkdən nəinki çəkinmirdi, hətta elə cəsarətlə və natiqliklə çıxış edirdi ki, irtica “keçikçilərinin” özləri belə bu nitq qarşısında aciz qalırdılar.

Heydər Əliyev Azərbaycan dilinin mənşəyi, Azərbaycan türkcəsinin qədimliyi, türklərin eradan əvvəl də bu torpaqda məskun olması ilə bağlı mübahisələrdə məsələnin milli məxrəcdə həll olunmasında böyük tarixi iş gördü, elmi obyektivliyin saxlanmasının təminatçısı oldu. Heydər Əliyevin dövlətçilik siyasətindəki dolğunluq və qlobal müasirlik, öz xalqının tarixini yaxşı bilməsi, keçmiş dövlətçilik tariximizin təsrübəsindən yerli-yerində bəhrələnməsi ilə bağlıdır. Ulu Öndərin söylədiyi dəyərli fikirlərində də əməli fəaliyyəti açıq şəkildə özünü göstərir. Dövlətin formalaşması və qorunmasında tarixi və milli-mədəni faktorların çox böyük əhəmiyyəti və rolu olmağı bizə məlumdur.  Azərbaycan Demokratik Respublikasının da 1918-ci ildə qurulmasının əsas stimulverici gücü onun qədim tarixə və milli-mədəni keçmişə malik olması faktları idi. Ulu Öndər Azərbaycan tarixindəki ən kiçik faktlardan tutmuş daha tutarlı faktlaradək hamısına peşəkar mütəxəssis kimi bələd idi. Uzun illər ərzində Dövlət Təhlükəsizlik Xidməti orqanlarında yüksək vəzifələrdə fəaliyyəti Onun bu sahədəki mövcud yetərli biliklərini daha çox təkmilləşdirmişdi ki, bu təkmillik sayəsində də Ulu Öndər Azərbaycan xalqının və Dövlətinin müstəqil, tam azad yaşamaq haqqının qoruyucusuna və təminatçısına çevrildi. Bu baxımdan, o, dövlətiin idarə olunması və  dövlətçilik prinsipləri ilə bağlı olan məqamlara ənənəvi məqamlardan yola çıxaraq yanaşmaqdan əlavə dünya siyasi prinsiplərinə də üstünlük verirdi. Bu münasibətlə deyirdi ki: “Dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir”.

Ulu Öndər dövlətin müstəqilliyinin qorunması yolunda öz fəaliyyətini elə istiqamətdə təşkil edirdi ki, əldə olunan bütün uğurlar da məhz bu əməli fəaliyyətin nəticəsi idi. Qeyri-adi siyasi addımları, fəaliyyəti Ulu Öndərin nitqində ifadə etdiyi fikirlərdə öz əksini göstərirdi: “Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və biz bunu qoruyub saxlayacağıq”. Bütün ifadə etdiyi fikirlərində biz bu dahi şəxsiyyətin nə qədər azad və müstəqil, inkişaf etmiş dövlətçilik ideyaları ilə yaşadığının bir daha şahidi oluruq: “Azərbaycanı sevmək – azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir”.

Müstəqil və demokratik, o cümlədən azad dövlətçilik prinsiplərinin atributlarından biri də onun qanunlarıdır. Qanunları bilmək onu qorumaq qədər önəmlidir. Bu baxımdan, Müstəqil Azərbaycan Respublikasının qanunlarının hər bir Azərbaycan vətəndaşı tərəfindən tamlıqla mənimsənilməsi baxımından onu tədris müəssisələrində öyrətmək olduqca vacibdir. Çünki insan elə az yaşından öz qanunlarından səviyyəsinə uyğun olaraq xəbərdar və məlumatlı olmalıdır. Qanunlar da öz növbəsində vətəndaşların və dövlətin mənafeyindən çıxış etməlidir. Bunların hər ikisi paralel şəkildə inkişaf edərsə, bu, azadlıq və müstəqillik ideyalarının da həmin dövlətdə möhkəm sütunlar üstündə dayanmağını tam təmin etmiş olar. Ulu Öndər də məhz siyasi fəaliyyətində Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edən qanunların qorunması və təbliğinə böyük önəm verirdi və bu dövlətimizdə qanunların möhkəm sütunlar, dayaqlar üstündə dayanmasının təmin olunması istiqamətində güclü siyasət həyata keçirilirdi. Biz Ulu Öndərin xalq və dövlət rifahına xidmət edən qanun tərəfdarı olmasını onun bu barədəki dəyərli fikirlərindən də müşahidə edirik. O deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur”. Qanunların da məhz xalqın və dövlətin mənafeyinə xidmət etməsinin vacibliyini hər zaman əməlində göstərir və dəyərli fikirlərində bunu aydınca ifadə edirdi. Xalqa, dövlətçilik prinsiplərinə zidd olan sərt qanunların da Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasından kənarlaşdırılması üçün Ulu Öndər olduqca geniş və əhatəli tədbirlər həyata keçirərək deyirdi ki: “Bundan sonra Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz”. Heydər Əliyev Azərbaycan xalqının qədim tarixi keçmişində dövlətçilik sahəsində istifadə olunan qanunların müasirliklə ayaqlaşanlarının öz dövründə də Konstitusiyamıza daxil olması üçün var qüvvəsilə çalışdı və buna müvəffəq oldu. Bu gün qanunlarımızın necə ciddi, ciddi olduğu qədər humanist, humanist olduğu qədər saf, saf olduğu qədər də xalqın rifahına xidmət etməsi göz qabağındadır. Məhz bu nailiyyət Ulu Öndər şəxsiyyətinin uzaqgörənliyi ilə sıx bağlıdır. Bu baxımdan Ulu Öndərin dəyərli fikirlərinə bir daha diqqət edək: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir”. Demokratik dövlət quruculuğunda bütün siyasi bilik və bacarıqlarını səfərbər edərək bu yolda inamla addımlayan dahi şəxsiyyətin ən çox önəm verdiyi məsələlərdən biri məhz konstitusiya idi. Onun qanunlarına hörmət və ehtiramı Ulu Öndər birinci şəxsən özü göstərirdi ki, bu da hər bir vətəndaş üçün əsl örnək idi: “Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün bizim Konstitusiyamız var, qanunlarımız var və Azərbaycan Prezidentinin iradəsi var” ... Bu fikrinə əlavədə isə xalq mənafeyini dövlətçilik prinsiplərinin əsas qaynağı olduğunu böyük coşqu ilə qeyd edir: “Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır!”. Demokratik dövlət quruculuğu sahəsindəki fəaliyyəti dünya dövlətlərinin siyasətçilərinə, sözün əsl mənasında, nümunədir. H.Əliyevin siyasi məktəbində demokratiya aparıcıdır. O, demokratiyanın dövlətçiliyin əsasında dayandığını hər zaman vurğulayaraq deyirdi: “Demokratiya dövlətçiliyimizin əsasın təşkil edir”. Azərbaycanın dünyəvi standartlara dayanıqlı demokratik ölkə kimi mövcudluğunun qorunması və daimiliyinin təmin olunması üçün Ulu Öndər onun  konstitusiyasının da önəmini və əhəmiyyətini daim diqqətdə saxlayırdı. Bu da günümüzdə də Ulu Öndər siyasətinin aparıcılılığını, hətta  Azərbaycanın sərhədlərindən də olduqca kənarlarda da tanınmasını şərtləndirir. Təsadüfi deyil ki, Ulu Öndərin dövlətçilik siyasəti istiqamətində apardığı yüksək səviyyəli bilik və bacarıqları dünya ölkələrinin aparıcı siyasətçiləri tərəfindən bu gündə təqdir olunur, dünyanın isə bir çox aparıcı liderləri bu siyasi kursdan bəhrələnirlər. Dünyanın çox aparıcı lider şəxsiyyətləri də Heydər Əliyevin bu siyasətini çox böyük dəyərləndirirlər. Ukraynalı general-mayor Boris Voroviç Heydər Əliyevin siyasi və hərbi siyasi fəaliyyətini belə ifadə edir: “Şəxsən mən Heydər Əliyevi təkcə görkəmli siyasətçi deyil, həm də böyük hərbi strateq hesab edirəm”.

Müstəqilliyi qorumaq Ulu Öndər xisləti üçün prioritet məsələ idi. O, hər vəchlə müstəqilliyi qoruyub saxlamağa çalışır və bunun daimi olması üçün bütün gücünü səfrəbər edirdi.  Öncə də qeyd etdiyimiz kimi, bu məsələ üçün – həm müstəqil, həm azad dövlət yaratmaq və onun daimiliyini təmin etmək üçün Ulu Öndər qədim-milli tarixi ənənənlərə söykənməklə yanaşı müasir və dünyamiqyaslı qaydalara da istinad edirdi. Bununla qarşısına qoyduğu məqsədləri müvəffəqiyyətlə icra edirdi. Amma bütün bunların önündə Ulu Öndərin Azərbaycan xalqı və dövləti ilə bağlı mənəvi aləmi dayanır. Belə ki, Ulu Öndər, təkrar-təkrar desək də azdır, bütün varlığı ilə bu dövlətə bağlı idi. Bu münasibəti indi fikirlərində oxuyuruq: “Biz Azərbaycan dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq!” (balaca s.22. Dövlətçilik). Xalqın rifah halı, gələcək taleyi Ulu Öndəri, demək mümkündür ki, hər an düşündürən taleyüklü məsələ idi. O, dövlətin bütün işlərinin, fəaliyyətinin məhz  xalqın naminə təşkil olumasını prioritet məsələ olaraq qəbul edirdi. Bunu öz nitqlərində də bütün qəlbi ilə ifadə edərək deyirdi ki: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır!”.

Ulu Öndər müstəqil, azad, demokratik və milli amillərin əsas olduğu dövlətçilik siyasətinin icrasında təkcə konstitusiya qanunlarnın və digər bu qəbildən olan amillərin deyil, həm də milli-mənəvi, mədəni dəyərlərin, faktorların da olduqca vacib olduğunu çox gözəl bilir və bunu nümayişkaranə şəkildə əməli fəaliyyətində göstərirdi. Ona görə nümayişkaranə şəkildə edirdi ki, O öz milli kökü ilə qürur duyurdu. O, Azərbaycan türklərinin qədim mədəniyyət daşıyıcıları olduğu və özünün də bu xalqın nümayəndəsi olduğu üçün daim fəxarət hissi ilə yaşayırdı. Hətta kəskin sovet rejimi illərində hakimiyyətdə olanda da bu fəxarətini icra etdiyi dövlət işlərinin içində əridərək yaşadırdı. Milli mədəniyyətimizin təcəssümü olan ədəbiyyatımıza böyük dəyər verən Ulu Öndərin bu sahədə gördüyü işlər, sözün həqiqi mənasında möhtəşəm xidmətdir. Təkcə siyasət deyil, mədəniyyət və ya digər sahələrdə Ulu Öndərin xidmətləri birbaşa milli dövlətçilik siyasətinin əsasında dayanır. Çünki müstəqil və azad dövlətçilik siyasətinin əsasında qədim və köklü mənəvi, mədəni dəyərlər dayanır. Məhz bu baxımdan da Ulu Öndər bu dəyərlərin dünya arenasında tanıdılması və təbliğini vacib və ən ümdə vəzifə hesab edərək, bu sahədə ölçüyəgəlməz xidmətlər həyata keçirirdi. Mərhum alim T.Hacıyev Ulu Öndər fenomenallığından bəhs edərkən mədəniyyətimizin qorunması, yaşaması, təbliği və s.kimi bu sahədəki işlərin həyata keçirilməsini dahi şəxsiyyətin ən ümdə borc hesab etməsi haqqında belə yazır: “...Əlbəttə, Heydər Əliyevin xalqımızın tarixinə yazılmış xidmətləri çoxdur. Ancaq bunların heç birisi olmasaydı belə, yalnız ədəbiyyatımızı, dilimizi tarixin bu dərinliyinə yazdığına görə, təkcə bu xidmətinə görə o, Azərbaycan tarixində əbədi yaşamaq hüququ qazanmış olardı. Bu tarixi iş onun təkcə dövlət başçısı xidməti deyil, o, bu işə həm də vətəndaşlıq borcu kimi baxır, millətinə bir övlad sevgisini ifadə etmiş olurdu...” .  

Azərbaycan ədəbiyyatı hər dövrdə öz görkəmli simalarının yaratdıqları ədəbi əsərlərlə zəngin olubdur. Ədəbiyyat tariximizdəki görkəmli şəxsiyyətlərin ədəbiyyat xəzinəmizə bəxş etdiyi qiymətli əsərlər dövlətimizi və xalqımızı dünya mədəniyyəti və ədəbiyyatları sırasında tanıdıbdır. Məhz bu şəxsiyyətlərin tanıdılması müasir dövrlərdə də bu sahədə yeni simaların – ədəbiyyat nümayəndələrinin meydana gəlməsini şərtləndirmişdir. Düzdür, müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş minlərlə və daha çox ədəbi simaların öz fəlsəfi görüşlərinə, baxışlarına görə dövrün hökm sahibləri məhv etmişlər. Lakin onların yaradıcılıqları zamandan zamana keçərək müasirliyə qovuşa bilmişdir. Və belə ədəbi əsərləri və onların yaradıcılarını hər zaman xatırlamaq, o əsərləri geniş oxucu auditoriyasına təqdim etmək ədəbiyyatıımıza göstərilən ən böyük xidmətlərdəndir. Bəli, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik siyasəti içərisində parlayan xidmətlərindən biri də ədəbiyyatımıza və onun görkəmli simalarının yaradıcılıqlarına göstərilən diqqət və qayğısıdır. Yazılı ədəbiyyatımızdan da öncə şifahi – sözlü yaradıcılıq örnəklərimizə dərindən bələd olan və onları sevən Ulu Öndər bu sahədə də ölçüyəgəlməz xidmətlər göstərib: Şifahi mədəniyyətimizin toplanılıb yazıya alınması, bu sahənin geniş tədqiqata cəlb olunması barədə istər sahə mütəxəssilərinə qayğı göstərməsi, istərsə də onların fəaliyyət göstərdikləri məkanın yüksək səviyyəli İnstitut statusu qazanmasına vəsilə olması Ulu Öndər şəxsiyyətinin vətənpərvərlikdən yoğrulduğunu sübut edir. Heydər Əliyev ədəbiyyatımızın möhtəşəmliyini fikirləri vasitəsilə də böyük şövqlə ifadə edirdi. O deyirdi: “Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur”. Dahi şəxsiyyət ədəbiyyatın insanlara olduqca müsbət təsiri olduğunu bu barədəki nitqləri ərəfəsində dəfələrlə vurğulayırdı. Ədəbi əsərlərin dövrün ictimai, siyasi hadisələrini bədii şəkildə əks etdirməyinin də vacib olduğunu şair və yazıçılara ünvanlayır və bu barədə də onların üzərinə böyük məsuliyyət düşdüyünü deyirdi. O haqlı olaraq tələb edirdi ki, şair və yazıçılar Azərbaycanın ictimai-siyasi həyatında baş verənlərə ədəbiyyat gözüylə baxmağı bacarmalıdırlar: “Biz belə hesab edirik ki, bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır”. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarına dərindən bələd olan lider bu yaradıcılıqdan yeri gələndə öz siyasi fəaliyyətində, nitqlərində istifadə edirdi. Nizami, Füzuli, Nəsimi kimi ölməz dahilərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, əsərlərinin yeni tərtibatda işıq üzü görməsi, Azərbaycan oxucularının ixtiyarına verilməsi, belə dahi şəxsiyyətlərin ev muzeylərinin yaradılması, onlara heykəllər və büstlərin ucaldılması və bu kimi şərəfli işlərin icrası məhz Ulu Öndərin hakimiyyət illərinə təsadüf edir. Ulu Öndər bu şəxsiyyətlərin əbədiyaşarlığını təmin etməklə azərbaycançılıq ideyalarını ədəbiyaşar etdi. O bu dahilər haqqında elə danışırdı ki, onu dinləyən hər kəs elə o an bu dahilərin yaradıcılıq nümunələrini təkrar-təkrar oxumaq arzusu ilə yanıırdı. Ulu Öndər dahiləri çox sevirdi, çünki özü də milli, azad və müstəqil dövlətçilik uğrunda son nəfəsinədək mübarizə aparan dahi idi... O deyirdi: “Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”; “Biz Füzuli kimi dahilərin yaradıcılığından bəhrələnərək mədəniyyətimizin yeni böyük abidələrini yaratmalıyıq”. Əvvəldə də qeyd etdiyimiz kimi, H.Əliyev siyasi fəaliyyətində qədim tariximizdəki qəhrəman sərkərdələrin dövlətçilik siyasətlərindən də bəhrələnirdi. Bununla yanaşı hökmdar-şair kimi tariximizə və ədəbiyyatımıza sillinməz imzasını həkk etmiş şah İsmayıl Xətayi şəxsiyyətinə və yaradıcılığına böyük sevgi və ehtiram bəsləyirdi. O, Xətayinin yaradıcılığını peşəkar alim səviyyəsində təhlil edirdi. Onun yürütdüyü siyasəti sevir və böyük sevgiylə bu dahi şəxsiyyətin yad olunması ilə bağlı sərəncamlar imzalayırdı. Şah İsmayıl Xətayi haqqında Ulu Öndər deyirdi: “Şah İsmayıl Xətayi görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirmiş insandır”. Ulu Öndər çox yaxşı bilirdi ki, ədəbiyyat insanın mənəviyyatının, ruhunun qidasıdır. Bununla yanaşı, ədəbiyyatın məhsulu söz olduğundan söz də olduqca dəyərli məfhumdur. Onun dəyərini qorumaq, ona sevgi göstərmək, hörmət etmək xalqa xidmət etmək qədər vacibdir. Ulu Öndərin özünün də dediyi kimi, ictimai həyatda ədəbiyyatın çox böyük rolu və əhəmiyyəti vardır.

Dahi şəxsiyyət, xalqdan öz titulunu məhz xalqa sonsuz xidməti ilə qazanmış – Ulu Öndər statusuna layiq görülmüş, Ümummilli liderlik şəxsiyyətinə malik olan Heydər Əliyevin əməli fəaliyyəti onun dərin mənəviyyatının da ifadəçisidir. Və Onun fəaliyyəti mükəmməl və ölməz fikirlərində – bu gün aforizm – hikmətli kəlam statusu qazanmış sözlərində öz əksini parlaq şəkildə tapmaqdadır. Biz bu kəlamları oxuduqca Ulu Öndər şəxsiyyətini yenidən kəşf edirik. Bu kəlamlar zaman-zaman xalqın müasir vətənsevərlik, dövlətçilik sevgisinin, tərbiyəsinin formalaşmasında böyük tərbiyəvi əhəmiyyət daşıyaraq hikmətli kəlam, aforizm statusu qazanmaqdadır.  

Aytən CƏFƏROVA

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,

Folklorşünaslıq şöbəsinin müdiri,

Azərbaycan Aşıqlar Birliyinin üzvü,

 fil.ü.f.d., dosent

Nəşr edilib : 23.06.2023 12:33