AZ EN RU

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə dekabr ayının 2-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələr arasında mini futbol turnirinə start veriləcək.

Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirin rəsmi açılış tədbiri Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov turnirin məqsədləri və əhəmiyyəti barədə qısa çıxış edəcək.

Qeyd edək ki, ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil edilən turnirdə 8 komanda iki qrupda mübarizə aparacaq. Qrup oyunları 2, 9, 16 dekabr tarixlərdə keçiriləcək. Qaliblər 23 dekabrda keçiriləcək yarımfinal və 30 dekabr tarixdə keçiriləcək final mərhələsinin yekununda müəyyənləşəcək.

Nəşr edilib : 01.12.2023 14:59