AZ EN RU

“Heydər Əliyev yolunun uğurlu davamı: Zəfər yolu” mövzusunda tədbir keçirilib

    Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”, cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi və Zəfər Günü ilə bağlı keçirilən tədbirin başlanğıcında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Görkəmli dövlət xadimi Heydər Əliyev irsinin və Zəfər tariximizin gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova Ulu Öndərin gənclərin əsl vətənpərvər kimi yetişdirilməsində müstəsna xidmətlər göstərməsindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin ordunun və müdafiə sənayesinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi davamlı işlər böyük qələbəyə aparan yolun ən mühüm istiqaməti oldu.
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə layiqli davamçısı cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə xalqımızın və dövlətimizin dirçəlişi, tərəqqisi, dünya arenasında öz layiqli yerini tutmasından söz açıb. Bildirilib ki, ölkə başçısı tərəfindən ötən dövrdə dövlətin mədəniyyət siyasəti uğurla həyata keçirilib, xalqımızın əsrlərboyu yaratdığı zəngin mədəniyyət və incəsənət nümunələri bütün dünyada tanıdılıb. Milli dəyərlərimizi qorumağın, onu gələcək nəsillərə ötürməyin, xüsusilə qloballaşma şəraitində tarix və taleyüklü vəzifələrdən biri olduğu, bunun, sadəcə, tarix qarşısında mənəvi borc deyil, həm də bu günün və gələcəyin müqəddəratını təyin edən missiya olduğu vurğulanıb.
    Tədbirdə Vətən müharibəsi iştirakçısı Həsən Xəlilov və fəal gənclərdən Əli Yarıyev çıxış ediblər.
    Muxtar respublikanın şəhər və rayonlarının fəal gəncləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin kursantları, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Fövqəladə Hallar Nazirliyinin və əsgərlərin, Vətən müharibəsi iştirakçıları, gənc müəllimlər və könüllü gənclərin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Zəfər yolu” adlı sənədli film nümayiş olunub.
    Sonda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təqdim olunub. Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində istedadlı gənclərin rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş olunub.

- Bülbül Quliyeva

Nəşr edilib : 01.11.2023 19:57