AZ EN RU

Heydər Əliyev və Naxçıvan arxeologiyası

Bəşər tarixinin ən qədim, xüsusən yazıya qədərki tarixinin öyrənilməsində arxeologiya elmi mühüm yer tutur. Qədim maddi mədəniyyət  nümunələri  əsasında insanların  meydana  gəlməsi və inkişaf  etməsini  öyrənən  arxeologiya  Azərbaycan milli  tarix  elminin  çox  mühüm  sahəsidir.  Naxçıvanda  onun  formalaşması  prosesi XX əsrin 20 illərindən sonra başlanmışdır.

1969-cu ildə Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin siyası hakimiyyətə gəlməsi ilə əlaqədar  olaraq  arxeoloji,  tarixi  və memarlıq abidələrimizin elmi tədqiqi üçün əlverişli şərait yaradılmışdır. Ulu öndər Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu elmin inkişafı üçün misilsiz  işlər  görmüşdür. İlk növbədə 1970-ci ildən başlayaraq azərbaycanlı arxeoloq gənclərin Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mutəxəssis kimi  yetişmələri  üçün  həmin  ölkələrdəki  aspiranturalara qəbul olunmaları və təcrübə keçmələri prosesinə başlanılıbdır. 1972-ci ildə ulu öndərin şəxsi təşəbbüsü  ilə  Azərbaycan  Elmlər  Akademiyası  Rəyasət  Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu zaman  ümummilli liderimiz: “Bölgənin təbii xammal ehtiyyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazirlanması,  muxtar  respublikanın  sosial-iqtisadi  inkişafını,  tarixini,  arxeoloji, epiqrafik,  etnoqrafik  və  folklor abidələrini  öyrənməyi” Naxçıvan Regional Elm Mərkəzinin əsas fəailiyyət  istiqamətləri  olduğunu  müəyyənləşdiribdir.  Bu mərkəzdə  fəaliyyət  göstərən  “Arxeologiya  və  Etnoqrafiya  şöbəsi”nin  əməkdaşları tərəfindən  Naxçıvanın etnoqrafiyası,  epiqrafiyası  ilə yanaşı arxeologiya sahəsində də uğurlu elmi  tədqiqatlar  aparılıbdır. 1974-cü ildə yerli arxeoloji kadrların olması nəzərə alınaraq elmi tədqiqat işlərinin Azərbaycanda keyfiyyətini artırmaq məqsədilə Azərbaycan  Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektorunun təşkil olunması ölkəmizin digər bölgələri kimi Naxçıvan Muxtar  Respublikasında  da  arxeologiyanın  inkişafına  böyük  təsir  göstərmişdir. 1975-ci ildən başlayaraq Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə olduğu  kimi  Naxçıvanda da, arxeoloji bazalar təşkil olunmuşdur. 1981-ci ilin sentyabr  ayında  ulu  öndər  Heydər   Əliyevun   şəxsi  təşəbbüsü  ilə  Azərbaycan  KP MK  və  Nazirlər  Soveti  “Azərbaycan SSR-də memarlıq və arxeoloji  abidələrin  qorunması,  bərpası  və  istifadəsinin yaxşılaşdırılması tədbirləri  haqqında” qərarı qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikasının bütün  bölgələrində olduğu kimi Naxçıvanda da,  arxeologiyanın inkişafında mühüm əhəmiyyəti daşıyır. Qərardan sonara hər il ardıcıl olaraq respublikamızın bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikasına da, arxeoloji ekspedisiyalar təşkil olunmuş, abidələrimiz öyrənilmişdir. Ümummilli lider Heydər  Əliyevin  XX əsrin 70-80-ci illərindəki siyasi hakimiyyəti dövründə Naxçıvan   arxeologiyası  inkişaf etmiş,  arxeoloji  tədqiqatların  əhatə dairəsi  və  əhəmiyyəti daha da artmışdır. Bu dövrdə Qazma, Xaraba-Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçulartəpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta  və  digər  abidələrdə  arxeoloji  tədqiqatlar  aparılmışdır.

Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayan siyasi hakimiyyətinin ikinci dövründə arxeologiyanın inkişafına xüsusi fikir verilmişdir.  Ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər kabineti 1993-ci ilin iyulun 8-də xüsusi qərar qəbul etmişdir. Qərara əsasən  Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu  nəzdində  Arxeologiya  və Etnoqrafiya  Sektoru  bazasında  Arxeologiya  və Etnoqrafiya İnstitutu təşkil olunaraq Azərbaycanın digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da arxeologiya  elminin  inkişafı üçün əlverişli şərait  yaradılmış,  bu sahədə  daha geniş və beynəlxalq miqyasda  tədqiqatlar  aparılmışdır. 2001-2002-ci illərdə ümummilli liderin tövsiyyəsi ilə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunmuşdur. 07 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezdenti Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Ulu öndər 12 avqust 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədə cıxış edərək Naxçıvanın qədim və zəngin tarixinin öyrənilməsi ilə bağlı bir çox mühüm tapşırıqlar vermişdir. Ümummilli lider demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi-həm təbiətinin, həm adət ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”.  

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda arxeologiyanın  inkişafında  müstəsna  yer tutur. Bölmənin nəzdində fəaliyyət göstərən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qədim dövr arxeologiyası”, “Antik və orta əsrlər arxeologiyası”, “Arxeoloji xidmət” şöbələrində  Naxçıvanda arxeologiyanın hərtərəfli inkişafı üçün dövlət tərəfindən hər cür əlverişli şərait yaradılmışdır. Naxçıvan  Muxtar  Respublikasının  ərazisindəki  tarix  və  mədəniyyət  abidələri pasportlaşdırılmış, Naxçıvan  Abidələri  Ensklopediyası nəşr olunmuşdur. Eyni zamanda Muxtar Respublikamızdakı Şahtaxtı,  Xaraba  Gilan,  Оvçulartəpəsi, Оğlanqala, I Maxta  Kültəpəsi,  Ərəbyеngicə, Xələc, I  Kültəpə,  Meydantəpə, Qazma mağarası,  Rəsul dərəsi  və   digər abidələrdə  geniş miqyaslı, sistemli arxeoloji tədqiqatlar aparılmışdı. Aparılan arxeoloji tədqiqatların gedişində Naxçıvandakı arxeoloji abidələrin dünya abidələri arasında özünəməxsus yer tutduğu,  bu bögənin Erkən Əkinçilik, Kür-Araz, Boyalı qablar, Şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olduğu sübut edilmişdir. Haliyədə ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənabları tərəfindən bu sahəyə yüksək diqqət və qayğı göstərilir. Naxçıvanın qədim dövr tarixini, maddi və mənəvi mədəniyyətini öyrənmək istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində sistemli tədqiqatlar aparılır.

Toğrul XƏLİLOV

 AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 02.05.2023 12:10