AZ EN RU

Heydər Əliyev və milli təhsilimiz

Ümumili lider, xalqımızın mənəvi atası Heydər Əliyev Azərbaycanın həm sosial-iqtisadi, həm də mədəni inkişafında misilsiz xidmətlər göstərib. Onun rəhbərliyi altında Azərbaycanın milli dövlətçilik tarixi özünün ən yüksək mərhələsini yaşayıb. Məhz ulu öndərin rəhbərliyi altında xalqımızın mənəviyyatında özünüdərk prosesi intibah dövrünü yaşamış, milli inkişaf, mədəniyyət, ədəbiyyat ölçüyəgəlməz səviyyədə irəli getmişdir. Bütün bu proseslər təbii ki, ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşmışdır. Yeniyetmə və gənclərimizin yüksək səviyyədə elmə, biliyə yiyələnməsi, onların həm milli, həm də bəşəri zəmində formalaşması ulu ondərin qarşıya qoyduğu əsas məqsədlərdən biri olmuşdur. Bəli, gələcəyimiz olan gənclərimizə ən yüksək səviyyədə dövlət qayğısının göstərilməsi, onların dünyanın inkişaf etmiş müxtəlif ali məktəblərində təhsil almaları, ixtisasartırma kursları keçmələri ulu öndərin sabahımız olan gənclərimizə xüsusi diqqət və qayğısını əks etdirir.  Bütövlükdə türk dünyasının qayğıkeş atası Heydər Əliyevin hələ keçmiş sovetlər dövründə hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bütün sahələrin, o cümlədən Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının inkişaf dövrü kimi başa düşülür. Məhz ümumilli liderin uzaqgörən siyasəti nəticəsində xalqımız işıqlı sabahlara doğru məğrur addımlarla irəliləməkdədir. Bu nurlu yolda addımlayan hər bir Azərbaycan vətəndaşı daim öz üzərində olan diqqət və qayğını ən yüksək səviyyədə hiss edir. Milli təhsilimizin inkişafında misilsiz xidmətləri olan ulu öndər demişdir: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”. Ümumilli liderimizin təhsilimizə verdiyi yüksək qiymət məhz bu fikirlərdə öz əksini tapmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya olan inteqrasiyamız milli təhsilimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrdən biri də milli düşüncə tərzinə malik olan, adət-ənənələrimizə sadiq, həmçinin özündə müasir standartlar çərçivəsində ümumbəşəri ideyaları etiva edən gənlclər formalaşdırmaqdır. Belə bir gəncliyi formalaşdırmaq üçün isə cəmiyyətin, həyatın mühüm sahəsi olan milli təhsili inkişaf etdirmək vacib şərtlərdəndir. Sevindirici haldır ki, Azərbaycanda məhz ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti ən yüksək səviyyədə inkişaf etdirilməkdədir. Müzəffər ali baş komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində milli təhsil siyasətimiz böyük uğurla həyata keçirilməkdədir. Müstəqil Azərbaycanımızın təhsili ilə bağlı ulu öndər demişdir: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vəəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu,  asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...” Azərbaycan xalqının ümumilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bu fikirləri yeniyetmə və gənclərimizin milli ruhda formalaşmalarına, həm milli, həm də bəşəri standartlar çərçivəsində təhsilə yiyələnmələrinə olan dəyərli töhfədir.

Ümumiyyətlə, Ulu Öndərin təhsil strategiyasının kökündə hər zaman xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili və folkloru dayanmışdır. Əlbəttə, yalnız milli zəmin üzərində inkişaf edən təhsil ölkəni işıqlı sabahlara apara bilər. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi fəaliyyəti var. Demək olar ki, Heydər Əliyev Fondunun əksər layihələri ölkəmizdə milli təhsilimizin inkiafına yönəldilmişdir. Bu gün təhsil müəssisələrimizdə yüksək səviyyəli tərəqqi ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu işıqlı yolda bu syasətin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında ən yüksək səviyyədə həyata keçirilməkdədir. Azərbaycanın gələcəyə doğru yönələn qətiyyətli addımları məhz milli strategiyanı özündə cəmləşdirən təhsilimizdən asılıdır.

                                                                          Xumar MƏMMƏDOVA

                                                             NDU-nun Jurnalistika və xarici ölkələr 

                                                               ədəbiyyatı kafedrasının dosenti

Nəşr edilib : 21.02.2023 11:10