AZ EN RU

Heydər Əliyev və məhkəmə hakimiyyəti

Ömrümüzdən ötüb keçən hər gün tarixə  məxsusdur. Elə anlar var ki, onlar bütün

xalqın yaddaşına əbədi həkk olunaraq onda xoş ovqatlı, əvəzedilməz və silinməz izlər buraxır. Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın taleyüklü məsələlərinin həll olunduğu ağır bir məqamda hakimiyyətə qayıdışı tariximizə parlaq bir gün kimi daxil oldu. Həmin günün nə dərəcədə dəyərli olması, tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur. 

Hər bir xalqın müstəqilliyi üçün obyektiv zəminin formalaşması müəyyən mənada dahi şəxsiyyətin varlığı ilə bağlıdır. Syasi baxışlarından asılı olmayaraq əksər elm xadimləri etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə böyük tarix ötən əsrin ikinci yarısındaÜmummilli Lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdən başlamışdır. Ulu öndərin respublikaya rəhbərlik dövrü çağdaş tariximizə mədəni və iqtisadi cəhətdən yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə kömək etmişdir. Xalqına, onun tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin ölkəmizə rəhbərlik etməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha əsaslı zəmin yaratmışdır.

Müasir Azərbaycanın tarixini, onun inkişafını Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etmək mümkün deyildir, onun dövlətimiz üçün saysız-hesabsız fəaliyyəti birmənalı şəkildə qəbul edilən həqiqi faktordur. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də onun gələcək inkişafında da qarşıya çıxan bir çox maneələrin aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlik, müdriklik və dərin zəkada özünü göstərir.

XX əsr Azərbaycan tarixinin dahi, fenomen şəxsiyyəti kimi Ulu Öndər Heydər Əliyev şərəfli ömür yolunun 40 ilə yaxın bir dövrünü xalqının rifahına həsr etmiş, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarının əsasını qoymuş, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində silinməz izlər buraxmışdır. Bu da təsadüfi deyildir ki, ulu öndərin 100 illik yubileyi hazırda respublikamızda və onun hüdudlarından kənarda ehtiramla qeyd olunur.

Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra qanunvericilik bazasının formalaşdırılması, hüquqi islahatların həyata keçirilməsi, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin yaradılması sahəsində Heydər Əliyevin rolu əvəzedilməzdir. O, demokratiya, qanunun aliliyinin təmin edilməsi, insan hüquqla və azadlıqlarının qorunması istiqamətində, siyasi, iqtisadi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mütərəqqi və qətiyyətli addımlar atmışdır.

Heydər  Əliyev  müasir  demokratik  məhkəmə hakimiyyətinin  banisidir. Ulu Öndər tərəfindən aparılan köklü məhkəmə-hüquq islahatları çoxdəyərli konsepsiyaya söykənir, bu konsepsiya inkişaf etmiş dövlətlərin  hüquqi  dövlət  quruculuğu  təcrübəsinə, ümumbəşəri  demokratik  prinsiplərə,  eyni  zamanda  Azərbaycan xalqının dövlətçilik tarixi  və ənənələrinə dayanır. Bu hüquqi islahatlar azad cəmiyyətin formalaşmasına, hüquqi, demokratik  dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmışdır.

Ümummilli Lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu çox dəyərli ənənələrdən biri də məhz xalq arasına çıxmaq, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaq idi. Bu yolla o, mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmiş olurdu. Heydər Əliyev insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerində öyrənib, bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirirdi. Hakimiyyət məmurları və sadə xalq kütlələri arasındakı münasibətlərdə hər cür sərhədə, bürokratik əngəllərə qarşı çıxmışdır.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması oldu, o daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verirdi. Bu ideologiya hazırda da davam etdirilir.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı yeni islhatların aparılmasına səbəb oldu. Təhsil sistemi, səhiyyə-mədəniyyət sistemləri yenidən quruldu. Bunlarla yanaşı Hüquq Mühafizə və Məhkəmə orqanları yenidən qurulmuşdur. 1995-ci  ildə  ümumxalq səsverməsi-referendum  yolu  ilə ilk  milli  Konstitusiyası qəbul olundu. Həmin Konstitusiya ilə yeni məhkəmələr yaradıldı. Konistitusiya məhkəməsi Ali Məhkəmə, Apellyasiya məhkəmələri, Ağır cinayətlərə dair məhkəmələr, Hərbi məhkəmələr, İnzibati-İqtisad (sonradan İnzibati və Kommersiya məhkəməsi yaradılıb) məhkəməsi, şəhər və rayon məhkəmələri (həmin zamanadək xalq məhkəmələri idi) yaradılmışdır. Həmçinin Məhkəmə hakimiyyət Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə əsasən göstərilən məhkəmələr hakimiyyətin bir qoludur.

Dövlət quruculuğunun və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində Ümummilli  Liderimiz  Heydər  Əliyevin  bilavasitə  təşəbbüsü  və  rəhbərliyi  ilə  hazırlanmış və 1995-ci  ildə  ümumxalq səsverməsi-referendum  yolu  ilə qəbul  olunmuş, ilk  milli  Konstitusiyanın qəbulu tariximizdə mühüm tarixi hadisədir. Bununla bərabər, dövlətin və cəmiyyətin ardıcıl inkişafının təmin olunmasında demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə  cavab  verən  yeni  qanunlar da qəbul edilmişdir.

Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin  həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilib.

Məhkəmə hakimiyyəti,  onun  hüquqi  dövlətdə rolu  və  yeri  ilə bağlı əsas ideyalar Konstitusiyada bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Ümummilli Lider Heydər Əliyev yaxşı  bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti  yaratmadan  ədalətli  sistem  yaratmaq  mümkün  deyil. Buna görə  ölkədə köklü islahatlara ehtiyac var idi. Bu səbəbdən məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə dayanan Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edildi. Bu qanun sayəsində bir sıra yeniliklər, qaydalar qəbul olundu və vahid məhkəmə sistemi yarandı. Bununla da ölkəmizdə məhkəmə quruluşunun mahiyyətcə yeni modeli bərqərar edildi.

Bu qanuna əsasən, respublikada hakimiyyətin üç müstəqil qolundan biri olan məhkə-mələr dünyanın inkişaf etmiş dövlətlərinin mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırıldı. Bu qanuna əsasən, hazırda ölkəmizdə birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinə, onun dəqiq və düzgün təmin olunmasının artırılmasına xidmət edir. Belə ki, işlərə birinci instansiya qaydasında baxılır, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında, daha sonra isə kassasiya qaydasında yenidən baxıla bilər. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin, qərəzli, subyektiv, ədalətsiz şəkildə baxılması hallarının tez bir zamanda aşkar edilib, onların yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgün və obyektiv baxılmasına şərait yaradır.

            İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi  tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu Öndər qeyd edirdi: Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Heydər Əliyevin Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.

Əhalinin ədalət mühakiməsinə çatımlığının təmin olunması, onların əlavə vaxt itkisindən, xərclərdən azad edilməsi, qanunçuluğun möhkəmlənməsi məqsədilə respublika üzrə mövcud olan vahid Apelyasiya Məhkəməsi ləğv olunaraq regional apelyasiya məhkəmələri yaradılmışdır. Bu hal məhkəməyə müraciət edən vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Məlumdur ki, cəmiyyətdə hakimin ədalətli qərarının insanların mənəvi dünyasına inamının formalaşmasına böyük təsiri vardır. Dahi rəhbərimizin müdrik kəlamında deyildiyi kimi, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” Ona görə də məhkəmə yaradıldığı gündən öz ərazi yurisdiksiyası daxilində verilən apelyasiya şikayətlərinə baxılarkən  qanunun tələblərinə üstünlük verərək ədalət mühakiməsini obyektiv və ədalətli şəkildə həyata keçirməklə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına xidmət göstərir.

Heydər Əliyevin Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. Məhkəmələr və hakimlər haqqında, Konstitusiya Məhkəməsi haqqında, Prokurorluq haqqında, Polis haqqında Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.

Hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə Prezidentin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə hüquqi islahatlar komissiyası yaradılmış, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli fərmanla dövlət başçısı yanında  Məhkəmə-Hüquq Şurası yaradıldı.

Həyata keçirilən çoxşaxəli islahatların məntiqi nəticəsi kimi Azərbaycan Respublikası 2001-ci ildə Avropa  Şurasına tam hüquqlu üzv qəbul edildi və bu tarixi hadisə Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb oldu və onun inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı.

Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik sahəsində islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizə  bacarıqla rəhbərlik etməsi, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan  inkişafı naminə məqsədlərini böyük məharətlə həyata keçirməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur.

Hazırda, ölkə rəhbərliyinin ideyası və təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məhkəmə sistemi daha da müasirləşdirilərək Avropa standartlarına uy-ğunlaşdırılır. Buna görə də qanunvericilik sahəsində islahatlar keçirilərək onun təkminləşdirilməsi işləri görülür. Bu baxımdan, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş Məhkəmə-Hüquq Şurası haqqında” qanun xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanuna əsasən, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradıl-mışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmışdır, belə ki, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuşdur. Hakimlərin intizam məsuliyyəti məsələləri Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilmişdir. Hakim  vəzifələrinə namizədlərin seçilməsi  üçün  yeni  qurum  Hakimlərin Seçki Komitəsi yaradılmışdır.

Məhkəmə hüquq islahatlarının məntiqi davamı kimi Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı isə respublikamızın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi və müasirləşməsi sahəsində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Bu fərman reallıqdan doğan zərurət olmaqla məhkəmə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etdi. Bu fərman hakimlərin peşə səviyyəsinin artırılması, hakim vəzifələrinə namizədlərin müasir tələblərə cavab verən hazırlığının təmin edilməsi üçün tədbirlər görməsi, ədalət mühakiməsinin həyata keçirilməsinin yüksək mənəvi və mədəni meyarlarının müəyyən edilməsi məqsədilə Hakimlərin Etik Davranış Kodeksini hazırlanması və təsdiq edilməsi, hakimlərin fəaliyyətində sui-istifadə, korrupsiya halları və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması və müvafiq əsaslar olduğu halda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi tədbirlər görməsi barədə müvafiq göstərişlər də nəzərdə tuturdu.

Məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşki məqsədilə bütün məhkəmələri əhatə edən  Elektron məhkəmə” informasiya sisteminin yaradılmışdır. Bunun-la bağlı, Prezident İlham Əliyev 2014-cü il fevralın 13-də müvafiq sərəncam imzalamışdır. İnformasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin şəffaflığının artırılmasına, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Bu gün ömrünü bütünlüklə xalqının rifahına və dövlətinin gələcək inkişafına həsr etmiş Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti möhkəm təməllər üzərində dinamik tərəqqi yolu keçir, qüdrətlənir və inkişaf edir.

Məhkəmə-hüquq sistemində inkişafın yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərk edərək, qəbul etdiyi qərarlarda ədalət, qanunçuluq və qərəzsizlik prinsipinin tələblərinə dönmədən əməl etməlidir.

Keçirilən islahatlar nəticəsində Azərbaycanda məhkəmə sisteminin  fəaliyyəti daha da müasirləşəcək, ədalət mühakiməsi daha çevik həyata keçiriləcək, əhaliyə yüksək səviyyədə hüquqi yardım göstəriləcəkdir.

 Polad HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası

Hərbi Məhkəməsinin sədri 

Nəşr edilib : 02.05.2023 12:19