AZ EN RU

Heydər Əliyev və islami dəyərlər

Ulu Öndər Heydər Əliyev deyirdi: “Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, İslami dəyərlər gətiribdir. Bu dəyərlər – müqəddəs kitabımız Qurani-Kərimdən gələn İslami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir”.

Həqiqətən Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev müqəddəs dinimizin fəlsəfi mahiyyətini qeyd edərək deyirdi: “Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissalamın yaydığı İslam dini və onun bütün müsəlman aləminə qoyduğu yadigar – Qurani-Kərim əsrlər boyudur ki, müsəlman dininə məxsus olan insanların həyatında çox böyük rol oynayır. Onların həyatı, yaşayışı, bu günü və gələcəyi, bu dünyada, o dünyada xoşbəxt olması üçün zəmin yaratdı”). 

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının siyasi və mənəvi cəhətdən azadlığana, dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərləri qorumaq və həyata keçirmək kimi nəcib bir məqsədə sərf etmişdir. Onun dəyərli kəlamları mahiyyət etibarilə İslami dəyərlərin müqəddəs hökmlərinə və onlardan irəli gələn əxlaqi vəzifələrə kömək etmişdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin İslami dəyərlərə verdiyi yüksək fəlsəfi qiymət, İslam dininin, onun əxlaq davranışları ilə ibrətamiz qaydaları mühüm yer tutur. “Mən imanımı heç vaxt itirməmişəm, mənsub olduğum millətin İslam dini ilə həmişə fəxr etmişəm” deyən ulu öndər bir daha öz fəlsəfi fikrini açıq şəkildə izhar etmişdir.

İslami dəyərlər Azərbaycan xalqını uzun illər ərzində əxlaqi kamillik pilləsində saxlamış, onun mütərəqqi inkişafına kömək edən mədəniyyət formalaşdırmışdır. Eyni zamanda Azərbaycanın İslam mədəniyyəti ilə sıx bağlılığını göstərmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın İslam mədəniyyəti, İslam dini ilə bağlı olan dahi insanları – Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və İslam mədəniyyətini zənginləşdirmişlər. Biz bunlarla fəxr edirik”.

Ümummilli lider Heydər Əliyev İslami dəyərlərə, müqəddəs Qurani-Kərimin ayrı-ayrı hökmlərinə, şəriət qaydalarına, müxtəlif İlahi göstərişlərə, müqəddəslərə, ayin və mərasimlərə, peyğəmbərlərə və onların varislərinin elmi-fəlsəfi fikirlərinə böyük etiqadın əhəmiyyətli olmasını qeyd edir: “Dini etiqad Allahın varlığı ilə əlaqədardır. Ona görə Allahın insanlar tərəfindən qəbul edilməsi ilə müxtəlif dini inanclar, o cümlədən tövhid məsələsi də qəbul edilir. Bununla belə Allahın varlığına inanmaq hər bir şeyin mövcudluğuna inanmaq deməkdir”. Həmçinin o deyirdi: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir”.

İslami dəyərlər insanları maarifləndirərək, həyatı dərk etməyi anladır və yalnız Yaradan qarşısında azad insan əməyini təbliğ etmək prinsipini göstərir. “Bizim ənənələrimiz, mənəvi, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bizim nəsil, hamımız birlikdə-indi yaşayan insanlar xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik”. Həmçinin Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər bir şəxs hürrdür, azaddır, öz amallarını, öz fikirlərini həyata keçirə bilər”. Bu da insanların mütərəqqi inkişafı üçün böyük önəm daşıyır və nəticədə kamillik və ariflik bilgisinə nail olunur. İslami dəyərlərdə olan ayrı-ayrı dini ayin və mərasimlərin icrasını, Məkkə, Mədinə, Hacc, Kərbəla və Məşhəd ziyarətlərini, müqəddəslərə inamın xeyirli və insan mənəviyyatı üçün arzu olunmaz dərəcədə dəyərli və gərəkli olduğunu, həmçinin insanların həyatı üçün xoşbəxtlik və sevinc gətirməsini bütün varlığı ilə qeyd edən ulu öndər deyirdi: “İslamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd (s) Peyğəmbərin  məscidini  ziyarət  etdiyim   üçün   bir  müsəlman  kimi  özümü  xoşbəxt  hesab  edirəm”.

          İslami dəyərlərdə gözəl əxlaq əsas götürülür, dini etiqad və adətlər adamları pis işlərdən çəkindirir. Deməli, İslami dəyərlərin yerinə yetirilməsi, adət-ənənələri yerinə yetirmək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması günün tələbinə uyğun ibadət və itaətlə, halal əməklə keçirən bəşər övladı gözəl əxlaqi davranış qaydaları etməkdən qürur duymaqla bu nemətlərdən səmərəli istifadə etmiş olur. “İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməli və xüsusən, cəmiyyətdə davranışda islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir” deyən ümummilli lider Heydər Əliyev bir daha xalqımızın yüksək əxlaq sahibi olmaq imkanlarını vurğulamışdır.

          Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk”.

Həmçinin Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının digər dinlərə olan münasibətini belə bir həqiqət anlamında qeyd edirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü  ilə fərqlənmişdir”.

İslami dəyərlərdə dini etiqad nəinki insanları xoş əxlaqlı hərəkət etməyə sövq edir, həmçinin pis işlərdən çəkindirir, daha da onların mənəviyyatını işıqlandırır. İslami dəyərlər həqiqətən də deyildiyi kimi insanlar arasındakı münasibətləri yaxşılaşdırır, ailənin səmimi və mehriban olmasına səbəb olur. İslami dəyərlərdə din insanlarıın mənəviyyatını saflaşdıran, onları yüksək əxlaq ruhunda tərbiyə edən bir vasitə olmuşdur. Əksər gənclərimizin təlim-tərbiyə obyekti olan təhsil ocaqlarında milli-mənəvi dəyərlərin mənimsənilməsi, cəmiyyətin sağlam və saf insanların inkişafına gətirib çıxarır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Belə ki, insanlar dini elmlərlə yanaşı, müasir dünya elmlərinin sirrini öyrənmək vasitəsilə həyatın mənasını dərk edir, elm, təhsil, maarif yolu ilə kamilləşərək mənəviyyatca yüksək əxlaq sahibi olmalarını nümayiş etdirirlər.

Mənəvi kamilliyə yetişən bəşər övladı, demək olar ki, sərbəst olmaq imkanlarını görür və getdikcə daha geniş mənada başa düşürlər ki, Allah insanları nə qədər dəyərli və gözəl xilqətdə xəlq etmiş, onlarda dostluğa, həmrəyliyə, birliyə çağıran düşüncə qabiliyyəti qoymuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.

İslami dəyərlər belə bir nəzəriyyəni də əsaslandırır ki, insanların iradə azadlığı dinlə bağlıdır, Allahın iradə azadlı çərçivəsində insanların hamısı elmə və biliyə nail ola bilərlər. XV əsrin görkəmli ilahiyyatçı alimi və filosofu Baba Nemətullah Naxçıvani deyirdi: “Söyləyənə deyil, söylədənə bax”. Həqiqətən islami dəyərlərin təbirincə desək, insanların əqli inkişafı, savad dərəcəsi nə qədər yüsək olarsa, onlar öz hərəkətlərində bir o qədər azad və firavan olarlar.

 “Biz Azərbaycanlılar – bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq” deyən Ümummilli Lider Heydər Əliyev bir daha öz yüksək fəlsəfi dəyər bilgisini bəyan etmişdir.

Düşünürük ki, Ümummilli Lider Heydər Əliyev və onun İslami dəyərlərə verdiyi yüksək önəm, insan əxlaqının nizamlanmasına və gələcək nəslin saf və sağlam yetişməsi üçün əhəmiyyətlidir.

Səbuhi İBRAHİMOV 

AMEA Naxçıvan Bölməsi

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 02.05.2023 12:17