AZ EN RU

Heydər Əliyev və ədəbiyyatımız

    Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir”. Məhz buna görə idi ki, Ulu Öndər ədəbiyyata, ədəbiyyat adamlarına qayğını özünün vəzifəsinə çevirmişdi. Ümummilli Liderimizin 100 illik tədbirləri sırasında bu istiqamətdə görüşlərin, dəyirmi masaların təşkil olunması, Onun unudulmaz xatirəsinin anılması isə şair və yazıçılarımızın, söz adamlarının dahi şəxsiyyətə ehtiramının ifadəsidir. Biz də “Şərq qapısı” olaraq bu məsələni gündəmdə saxlayırıq. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair Asim Yadigarla söhbətimizdə də xalqımızın böyük oğlu ilə bağlı bəzi məqamlara toxunduq. 

      – Asim müəllim, xalqımız böyük qürur və şərəflə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Çünki bugünkü müstəqil Azərbaycanı məhz dahi şəxsiyyət quraraq bizə təhvil verib. Ümummilli Liderimiz üçün həyatın sıralanmış sahəsi yox idi. Bütün sahələr eyni əhəmiyyət daşıyırdı. Ədəbiyyat, söz sənəti də eləcə... 
    – Ömrü boyu Azərbaycan ziyalılarının qayğısını çəkən, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə böyük sevgi ilə qayğı göstərən Ümummilli Liderimiz Heydər Əliyev xalqını, Vətənini daha çox sevən, onun hər uğuruna ürəkdən sevinən ən Böyük Azərbaycanlı, Azərbaycanın bütün sahələrdə uğur qazanmasında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət idi. 
    Sirr deyil ki, ötən əsrin 70-80-ci illəri Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, iqtisadiyyatının, təhsil və səhiyyəsinin, bir sözlə, Azərbaycanın sürətli inkişaf dövrü kimi tarixin yaddaşına həkk olunub. Məhz bu illərdə Azərbaycan xalqının min illərboyu yetirdiyi böyük, tarixi şəxsiyyətlərin bir daha dünya xalqlarına yenidən tanıdıldığı dövrdür.
    Ulu Öndər xalqımızı 90-cı illərin xaosundan, böyük bəlalarından qoruya bildi. Azərbaycanı Avropa Şurasına üzv qəbul etdirməklə Azərbaycanı Qərbə və dünyaya bir daha tanıtdı.
    Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun böyük memarı olan Ümummilli Liderimiz Heydər Əliyev həm də 2001-ci ilin 9-10 noyabr tarixdə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə taleyin hökmü ilə dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımızı bir bayraq altına yığa bildi.
    Ulu Öndər Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, qeyri-hökumət təşkilatlarının yaradılmasına xüsusi önəm verən dahi, uzaqgörən bir siyasətçi idi. Ötən əsrin 90-cı illərinin dağıdıcı prosesləri yaradıcı təşkilatları da çətin vəziyyətə salmışdı. Belə bir vəziyyətdə yaradıcı təşkilatlar da nə edəcəyini bilmirdi. Həmin dövrdə Ümummilli Lider başqa yaradıcı qeyri-hökumət təşkilatları ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyini də dağılmaq, bağlanmaq təhlükəsindən qorudu, Yazıçılar Birliyinin mətbu orqanlarının – qəzet və jurnalların nəşrinə vəsait ayıraraq onların fəaliyyətinin davam etdirilməsinə köməklik göstərdi. 
    Prezident mükafatlarının və təqaüdlərinin, müxtəlif dövlət təltiflərinin verilməsi ilə bağlı sərəncamlar imzalanması bir daha onu göstərdi ki, Ulu Öndər yaradıcı insanlara, yaradıcı təşkilatlara qayğını zəruri sayır. 
    – Dahi rəhbər Azərbaycan ədəbiyyatının klassiklərinə, çağdaş ədəbiyyatımızın qüdrətli nümayəndələrinə diqqəti qürurverici idi. Həmçinin milli-mənəvi dəyərlərimizin, dilimizin qorunmasında, inkişafında şair və yazıçılarımızın min illərboyu xalqımız qarşısındakı danılmaz xidmətləri də kənarda qalmırdı.
    – 1974-cü ildə “Müasir Azərbaycan dili” dərsliklərinin müəlliflərinə Azərbaycan Dövlət mükafatının verilməsi təkcə alimlərimizə deyil, həmçinin dilimizə verilən yüksək qiymət idi. Ulu Öndər dilimizi dövlət dili səviyyəsinə qaldırdı. Dövlət dilimiz – ana dilimizin ali kürsülərdən eşidilməsi o dövr üçün ən cəsarətli addım idi ki, bunun da təməlini Ümummilli Liderimiz qoymuşdu.
    Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm, Qara Qarayev, Niyazi və digər görkəmli ədəbiyyat və sənət adamları “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək fəxri adlara layiq görüldülər. Ancaq bu fəxri adların alınması da o qədər asan deyildi. Bu işdə də Heydər Əliyev cəsarəti, Heydər Əliyev qətiyyəti öz sözünü demişdi. 
    1981-ci ildə Ulu Öndər böyük Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi ilə bağlı qərar verir. Yubileyin Moskvada keçirilməsinə həmin dövrdə Sov.İKP MK-nın II katibi vəzifəsində işləyən M.Suslov etiraz edərək deyir ki, bu tarix yuvarlaq deyil. Onda görkəmli dövlət xadimi Heydər Əliyev qətiyyətlə bildirir ki, Nizami Gəncəvi elə böyük şairdir ki, onun yubileyini nəinki on ildə bir dəfə, elə hər il keçirmək lazımdır. 
    Həqiqətən də, Ümummilli Liderimiz öz istəyinə nail olur. 1981-ci ildə dünyanın 20 ölkəsindən gəlmiş qonaqlarla birlikdə Nizami Gəncəvinin 840 illik yubileyi Bakıda Respublika Sarayında çox böyük təntənə ilə keçirilir. Yubiley tədbiri Moskvada da baş tutur...
    Görkəmli dövlət xadiminin qayğısı sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyi də 1973-cü ilin sentyabrında böyük təntənə ilə qeyd edilir. Böyük şairin yubileyinə dünyanın 29 ölkəsindən tanınmış alimlər, şairlər gəlir. 1994-cü ildə müstəqilliyimizin ilk illərində Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi də Ulu Öndərin ədəbiyyatımıza qayğısının ifadəsi idi.
    Ədəbiyyatın gücünə, qüdrətinə inanan Ümummilli Liderimiz Heydər Əliyev bədii əsərlərə yüksək qiymət verərək deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”.
    – Ulu Öndər həm də ədəbiyyat, söz adamlarının fəaliyyətinə hərtərəfli şərait yaradır, onlara qayğısını əsirgəmirdi...
    – 1977-ci ildə Azərbaycanda “Yazıçı” nəşriyyatı yaradılması Heydər Əliyevin Azərbaycan yazıçılarına ən böyük qayğısı idi. Şüvəlanda yazıçıların yaradıcılıq evi tikildi. Şuşada 80-ci illərin əvvəllərində Molla Pənah Vaqifin əzəmətli məqbərəsi ucaldıldı. Bu, qədim Qarabağımıza Heydər Əliyev möhürü, torpağımıza göz dikənlərə əbədi gözdağı idi. Erməni vandalları tərəfindən dağıdılan həmin məqbərə 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yenidən ucaldıldı. Mən də həmin məqbərənin açılışı zamanı Şuşada Vaqif Poeziya Günlərində iştirak və çıxış etmişəm. 
    Sonralar belə əzəmətli bir məqbərə doğma diyarımızda – Naxçıvanda ucaldıldı. 1996-cı ildə Hüseyn Cavidin məqbərəsinin açılışı zamanı Heydər Əliyev böyük sevinc və qürür hissi ilə demişdir: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”. 
    Xalqımızın böyük oğlunun ölkəmizə rəhbərliyi dövründə şair və yazıçılarımızın yubileyləri ilə bağlı yüzlərlə yığıncaqlar, tədbirlər keçirilib. Ədəbiyyatımızın böyük təbliğatçısı olmaqla yanaşı, dahi rəhbər həm də müasir şair və yazıçılarımızın himayədarı idi. Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar kimi yazıçılarımızı O, böyük mərdliklə, cəsarətlə yaşadığı dövrün sərt rejimlərindən qoruyub.
    Azərbaycana başçılıq etdiyi illərdə Ulu Öndər tərəfindən klassik şairlərimizin əsərlərinin çapı, təbliği ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrimiz də unudulmadı. Milli varlığımızın tərcümanı –  “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Heydər Əliyev qaldırdı. YUNESKO yubileylə bağlı təklifi qəbul etdi. Yubileylə bağlı hazırlıq işləri görüldü. Dastanla bağlı elmi kitablar yazıldı. Xatırladaq ki, elə 70-ci illərdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən “Dədə Qorqud” filminin xeyir-duasını da dahi şəxsiyyət Heydər Əliyev vermişdir. 
    2000-ci il aprel ayının 10-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi Bakı şəhərində təntənə ilə qeyd olundu. 
    Müstəqillik illərində də Ulu Öndərimizin sənət adamlarına qayğısı azalmadı. Müstəqil Azərbaycanımızın ilk “İstiqlal” ordenləri Xalq şairlərimiz Bəxtiyar Vahabzadəyə, Məmməd Araza və Xəlil Rza Ulutürkə verildi. Bununla da Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyə qovuşmasında şairlərimizin, ədəbiyyatımızın rolunu yüksək qiymətləndirdi.
    – Ulu Öndərin müəyyənləşdirdiyi siyasət bu gün də uğurla davam etdirilir... 
    – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədəbiyyata, sənət adamlarına Ulu Öndərimiz Heydər Əliyevin böyük qayğı missiyasını ləyaqətlə davam etdirir. Bu gün şair və yazıçılarımızın əsərləri ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilir. Folklorumuzun araşdırılması davamlı xarakter alıb. Ayrı-ayrı bölgələrə aid folklor nümunələri ayrıca nəşr edilir. Şair və yazıçılarımız, digər sənət və mədəniyyət işçiləri yüksək fəxri adlara layiq görülürlər. Onlara Prezidentin fərdi təqaüdləri, fərdi mükafatları, fəxri adlar, digər dövlət təltifləri verilir. Prezident cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamlara əsasən əlavə olaraq hər il 50 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya Prezidentin fərdi mükafatları verilir. Yazıçıların, rəssamların, bəstəkarların iş şəraitləri yaxşılaşdırılır. Onlar üçün yaradıcılıq evləri tikilir. Ədəbiyyat tariximiz, Milli Ensiklopediyamız nəşr edilir, dünya ədəbiyyatının nadir inciləri yenidən çap olunaraq oxucuların ixtiyarına verilir. Biz yaradıcı ziyalılar qurucusu və memarı Ümummilli Liderimiz Heydər Əliyev olan  Azərbaycanda, eləcə də onun ayrılmaz parçası doğma Naxçıvanımızda mədəni həyatımızda, ədəbiyyat və incəsənətimizdə, milli-mənəvi dəyərlərimizin üzə çıxarılmasında, qorunmasında gedən müsbət yeniləşmələri, dəyişmələri görür və bu sürətli inkişafı ürəkdən alqışlayırıq... 
    “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” – deyən Ulu Öndərimizin arzuları bu gün həqiqətə çevrilib. Belə ki, Azərbaycan  artıq dünyanın böyük söz və nüfuz sahibi olan ölkələrindən biridir. Elə tanınmış şair-publisist Asim Yadigar da bu məcrada olan söhbətimiz Ulu Öndərə həsr etdiyi “Bir nurlu heykəl yarat” şerinin son bəndi ilə bitirdi: 

    Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat,
    Heydərimin adına yaraşan heykəl olsun.
    O, heykəltək ucaltdı anam Azərbaycanı,
    Qoy sənin yaratdığın ondan da gözəl olsun!

 

Aytac CƏFƏRLİ

Nəşr edilib : 08.06.2023 19:01