AZ EN RU

“Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirilib

    Fevral ayının 16-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına müvafiq olaraq gənc ədliyyə işçiləri və könüllülərinin iştirakı ilə  Heydər Əliyev Muzeyində “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir təşkil edilib. 

 

    Əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərində ucaldılmış əzəmətli abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. 
    Tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev Ümummilli Liderin misilsiz dövlət idarəçiliyindən bəhs edərək Heydər Əliyev Muzeyinin yaradılması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan şəhərində yerləşən bu muzey Ümummilli Liderin sağlığında yaradılan ilk muzeydir və 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi baş tutub. Qeyd olunub ki, muzeydə hazırda 5000-dən çox eksponat mühafizə olunur. 
  Həmin eksponatlar Ümummilli Liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır.
    Nazirliyin əməkdaşları çıxış edərək bildiriblər ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər keçirilir. Çıxış edənlər xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi  Heydər Əliyevin dövlət gənclər siyasətindən və ədliyyə sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Qeyd olunub ki, müasir Azərbaycan dövlətçiliyinin hərtərəfli inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətdə olduğu bütün dövrlərdə hüquq-mühafizə orqanlarına həssaslıqla yanaşmış, bu sahədə kadrların yetişdirilməsi, xüsusilə gənc kadrların vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dövlətçilik siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə demokratik və hüquqi prinsiplərə əsaslanan ənənələrin layiqincə yaşadıldığı vurğulanıb.
    İştirakçılar muzeydə Ulu Öndərin mənalı ömür yolundan bəhs edən filmə baxıb, dahi rəhbərin çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanış olublar. 

Naxçıvan Muxtar Respublikası
     Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2023 15:52