AZ EN RU

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir təşkil edilib. 
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək “Heydər Əliyev İli”ndə Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlərin və misilsiz xidmətlərin qürurla xatırlandığını qeyd edib.
    Mirsənani Seyidov bildirib ki, Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq üç ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramını qürurla qeyd edir.
    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Anar Aqilov və Vətən müharibəsi qazisi Arif Niftəliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki tarixi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 
    Sonda  “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı qısametrajlı film təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 24.06.2023 19:36