AZ EN RU

“Heydər Əliyev və Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılması” mövzusunda tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı və əməli fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun 1993-cü ildə ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alınıb, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edilib, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlanıb. 
    Vurğulanıb ki, Ümummilli Liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində  2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla da Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub. “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə mükəmməl bir hüquqi akt yaradılıb.
    Qeyd olunub ki, Ümummilli Liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm Dövlət proqramları təsdiq olunub, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılıb, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılıb, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi Ümummilli Liderin bu istiqamətdə əsasını qoyduğu işlərin uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. 
    Çıxışda ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün  yaradılan şəraitdən də bəhs olunub. 
    Sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov dövlət qulluğu haqqında qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. 
    48 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 09.03.2023 21:47