AZ EN RU

“Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda dəyirmi-masa təşkil edilmişdir

12 aprel 2023-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Bununla Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən ulu öndər kitabxana işinin inkişafına xüsusi diqqət yetirirdi. Bu proses XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış və müstəqillik illərində də davam etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyev qayğısı” adlı mövzu ilə çıxış edərək qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə kitabxana şəbəkəsinin sürətli inkişafı, bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlər görülmüşdür. Kitabxana işi sahəsində Ulu öndər tərəfindən əsası qoyulmuş inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” və s. kitabxana işinə dair imzaladığı strateji əhəmiyyət kəsb edən sərəncamları və Dövlət Proqramları buna parlaq nümünədir.

Sonra dəyirmi masa ətrafında mövzuya uyğun müzakirələr aparılmışdır.

Tədbirin sonunda “2023-cü il Heydər Əliyev İlidir” adlı sərgiyə baxış keçirilmişdir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin, Naxçıvan Musiqi Kollecinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.04.2023 18:27