AZ EN RU

Heydər Əliyev və Azərbaycan uşaqları

    Hələ XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin Vətənimizə qayıdışı ilə uşaqlara qayğı yeni müstəvidə həyata keçirilməyə başlanıldı. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq”, –  deyən Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb. 

    Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və müvafiq qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 1998-ci il 19 may tarixli Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 1999-cu il 22 iyun tarixli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları dediklərimizin sübutudur. Bu hüquqi sənədlərdə uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən olunub. 
    Bundan əlavə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında”  Konvensiyasına qoşularaq “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.  
    Xüsusi vurğulanmalıdır ki, bu gün Azərbaycanda uşaqların problemləri dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, onların həllinə ciddi nəzarət olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlar hərtərəfli qayğı əhatəsindədirlər. 
    Bu gün muxtar respublika əhalisinin 27 faizinin və ya 123 min 981 nəfərinin 1958-i sağlamlıq imkanları məhdud, 97-si valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, 51-i şəhid uşaqlarıdır.
    Uşaqların sağlamlığının qorunması, yüksək səviyyəli tibbi xidmətin göstərilməsi də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin bazasında Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin yaradılması, yeni tibb ocaqlarının tikilməsi və ya əsaslı təmir olunması, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təchiz edilməsi, ən ucqar kəndlərimizdə belə feldşer-mama məntəqələrinin tikilərək əhalinin istifadəsinə verilməsi dövlətimiz tərəfindən ana və uşaqların sağlamlıqlarına göstərilən qayğının bariz nümunəsidir. 
    Bu gün yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilir, uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə müayinələr aparılır, uşaqlar dispanser nəzarətinə götürülür, elektron sağlamlıq kartlarının verilməsi işi həyata keçirilir.
    Muxtar respublikada şagird və tələbələrin bilik və bacarıqlarının artırılması, təhsil alaraq layiqli vətəndaş kimi formalaşması prioritet vəzifəyə çevrilib.
    Məlumat üçün qeyd edək ki, 2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52746 şagird təhsil alır ki, bunlardan da 25579-u qızdır. 
    Şagirdlərin yaxşı təhsil almaları, bilik və bacarıqlarının yüksəldilmələri üçün ötən dövr ərzində təhsil müəssisələri üçün yeni binaların tikilməsi davam etdirilmiş, onların maddi-texniki bazaları gücləndirilmiş, müasir təhsil avadanlıqları ilə təchiz olunaraq uşaqların istifadəsinə verilmişdir. Yeni təlim və tədris metodlarından istifadə də diqqətdə saxlanılıb, muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM tədris metodunun tətbiqinə başlanılıb. 
    Təhsil müəssisələrimizdə 750 elektron lövhədən istifadə etməklə şagirdlərə müxtəlif fənlər tədris edilir. Onu da qeyd edək ki, ümumtəhsil məktəblərində 81 faizi internetə qoşulmaqla hər 9 şagird 1 kompüter dəstindən yararlanır. 
    Təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2159-u ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Onlardan 1736-sı ali təhsil müəssisələrinə, 183-ü Heydər Əliyev adına Ali Hərbi İnstituta, 423-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul edilmişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 155-i qız olmaqla, 254 nəfər 500-dən yuxarı bal toplamış, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür. Muxtar respublikanın liseylərinə isə 240 şagird qəbul olmuşdur ki, bunlardan 111-i Heydər Əliyev adına Hərbi Liseydə təhsil alacaqdır. Məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 56-sı isə fərqlənmə attestatına layiq görülüb. 
    İstedadlı şagirdlərin aşkar edilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının və fənn olimpiadalarının keçirilməsinə ciddi önəm verilir. Bunun ifadəsidir ki, onlarla uşaq Azərbaycan Respublikası və muxtar respublika  fənn olimpiadalarında qızıl, gümüş, bürünc medal alıblar.
    O da qeyd olunmalıdır ki, uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrdə yeni innovativ dərnəklər yaradılıb. 
    Bundan əlavə, muxtar respublikada uşaqların yüksək səviyyədə təhsil alması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafının, asudə vaxtının və estetik tərbiyəsinin təşkilini, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə müasir standartlara cavab verən ümumtəhsil məktəbləri ilə yanaşı, körpələr evi-uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, musiqi, idman və şahmat məktəbləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Uşaq Filarmoniyası uşaqların istifadəsindədir. 
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin, Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbinin, eyni zamanda Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət göstərməsi muxtar respublikada həssas qrupdan olan uşaqların dövlətimiz tərəfindən qayğı ilə əhatə olunduğunun göstəricisidir. 
   Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada uşaq ədəbiyyatının inkişafı məqsədilə uşaqların asanlıqla qavraya biləcəyi kitabların nəşri diqqətdə saxlanılır. 
    Onu da qeyd edək ki, qədim diyarımızda uşaqların idmana cəlbi istiqamətində də xeyli işlər görülüb. Bu gün muxtar respublikada 25590 uşaq idmanla məşğul olur. Onların 6555 nəfəri qızdır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər qazanırlar. 
    Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunmasına dövlət nəzarəti həyata keçirilir, uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil edilir. 
    Sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların təhsilləri, sosial reabilitasiyaları, cəmiyyətə inteqrasiya edilməsi məqsədilə tədbirlərin keçirilməsinə böyük önəm verilir. Görülən tədbirlərin nəticəsidir ki, bu qəbildən olan uşaqlar məktəbəqədər, məktəb və məktəbdənkənar müəssisələrdə təhsil alırlar.
    Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 8 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 28 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunub.
    Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlar, eyni zamanda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşamasını təmin etmək məqsədilə cari ildə 9 uşaq qəyyumluğa və ya himayəyə verilib, onların yaşadığı evlərdə monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. 
    Komitə tərəfindən sanitar-gigiyenik norma və qaydalarını təbliğ etmək məqsədilə muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə məsul şəxslər üçün seminarlar təşkil edilir, seminar iştirakçılarına uşaq hüquqları, onların sağlamlığı və müəssisələrdə sanitar-gigiyenik normalara riayət olunma qaydaları barədə geniş məlumatlar verilir və onlara müvafiq sahə ilə bağlı hazırlanmış broşürlər paylanılır.
    Dövlətimiz tərəfindən həyata keçirilən bütün bu tədbirlər gələcəyimiz olan uşaqların təhsilli, dünyagörüşlü, sağlam və Vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi gələcəyimizin sağlam təməllər üzərində qurulmasına istiqamətlənib. 

Naxçıvan Muxtar Respublikası Ailə, 
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 31.05.2023 21:20