AZ EN RU

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfransın iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Ulu Öndərin abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər.

Sonra muzeydə davam edən elmi-nəzəri konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov Ulu Öndərin anadan olmasının 100 illiyik yubileyinin böyük qürur hissi ilə keçirilməsini xalqımızın ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik mühüm hadisə olaraq dəyərləndirib, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti barədə geniş məruzə edib. Qeyd olunub ki, Ulu Öndər milli mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən, onu milli özündərkin həlledici amilinə çevirən fenomenal şəxsiyyət, Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi idi. Dahi lider ölkəni inkişaf etdirmək, milli müstəqiliyə çatdırmaq üçün ilk növbədə xalqın milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, incəsənətini, özünəməxsusluğunu qorumağa çalışırdı.

Çıxışı zamanı Ümummili Liderin “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” fikrini xatırladan Həsən Kərimov bildirib ki, Ulu Öndərin mədəniyyətin,incəsənətin inkişafına göstərdiyi diqqət ölkənin bütün bölgələrini əhatə edirdi. Dahi liderin vətəni olan Naxçıvan da bu qayğıdan kənarda qalmır, mütəmadi olaraq mədəniyyət ocaqları tikilir, mədəniyyət xadimləri ad və titullarla təltif olunurdu. Dahi rəhbərin Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin, Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışında iştirakı və söylədiyi geniş nitqi muxtar diyarın mədəniyyət tarixinin ən önəmli hadisələri olaraq qalmaqdadır.

Qeyd olunub ki, mədəniyyətimizin himayədarı olmaq missiyası bu gün dahi rəhbərin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı sayəsində uğurla davam etdirilir, mədəniyyətin bütün sahələrinin inkişaf və yenilləşməsinə yönəlmiş çoxsaylı addımlar atılır, dövlət proqramları qəbul edilir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır”mövzusunda çıxışında Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyası barədə danışıb, ölkəmizin siyasi və iqtisadi müstəqilliyə nail olmasını Ulu öndərin məqsədyönlü siyasətinin bəhrəsi olduğunu bildirib. Vurğulanıb ki, Heydər Əliyevin siyasi kursu Azərbaycanın gələcəyinin, inkişafının, tərəqqisinin qarantıdır.

“Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə bildirib ki, Ulu Öndərin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası bu gün nəyinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. Azərbaycan xalqı öz böyük oğlunu yalnız siyasi lider kimi deyil,həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.

          Elmi-nəzəri konfrans digər çıxışlarla davam edib.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Heydər Əliyev və ədəbiyyatımız”, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəsəfə doktoru, dosent Aytən Cəfərova “Milli mədəniyyətimizin hamisi – Ulu Öndər Heydər Əliyev” mövzularında çıxışlar ediblər.

Konfransın sonunda “Heydər Əliyev.Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub, konfrans iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2023 17:50