AZ EN RU

“Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və fotomüsabiqənin qalibləri mükafatlandırılıb

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və fotomüsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Ümummilli Lider Heydər Əliyevin zəngin mədəni irsini əks etdirən film nümayiş olunub.
    Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd edib ki, komitə tərəfindən keçirilən müsabiqələr artıq ənənə halını alıb. Qeyd olunub ki, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin,  ailə, qadın və uşaq  siyasətinin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək deyirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
   Ulu Öndərin heç bir Azərbaycan ailəsinə laqeyd qalmadığını bildirən Ramilə Seyidova Azərbaycanda ailə ənənələrinin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaratdığını, bu işdə dəstəyini xalqdan əsirgəmədiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin tarixdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının layiqli davamçıları – Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi cəmiyyətimizə, xüsusən də gənclərə böyük örnəkdir. 
    Sonda komitə sədri film və fotomüsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə  müdiri Asəf  Orucov müsabiqənin keçirilməsinin vacibliyindən,  zəngin ailə dəyərlərindən bəhs edərək müsabiqə iştirakçılarına təşəkkür edib.
    Tədbir müsabiqə qaliblərinin diplom və hədiyyələrlə mükafatlandırılması, həmçinin qalib müsabiqə iştirakçısının təqdim etdiyi “Azərbaycana həsr edilən ömür” filminin nümayişi ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

Nəşr edilib : 31.10.2023 17:52