AZ EN RU

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəyi

    Yeniyetmə və gənclərə qayğı göstərərək onların cəmiyyətə düzgün inteqrasiyasına kömək etmək bütün təhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə ocaqlarının da üzərinə mühüm vəzifələr qoyur. “Uşaqlar bizim gələcəyimizdir”, – deyən Ümummilli Liderimiz Heydər Əliyev vurğulayırdı ki, gələcəyimiz olan uşaqlar hərtərəfli böyüməli, yaxşı təhsil almalıdır. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti dövrün tələbləri baxımından yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlamlığına, təhsilinə, onların layiqli vətəndaş kimi böyüməsinə və inkişafına yönəlmiş islahatlar həyata keçirir. Bunu muxtar diyarımızın timsalında da aydın görmək olar. Paytaxt şəhərimiz Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bunun bir daha şahidi olduq.  Mərkəzin İnnovasiyalar və uşaqların inkişafı şöbəsinin müdiri, eyni zamanda STEAM dərnəyinin rəhbəri Türkan Kərimova mərkəz barədə məlumat verərək bildirdi ki, 2009-cu il mart ayının 19-dan etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi kimi fəaliyyətimizi davam etdiririk. Həmin vaxtdan mərkəzin binası əsaslı təmir olunaraq məktəblilərin və müəllimlərin istifadəsinə verilmişdir. Mərkəzdə  yeniyetmə və gənclərin müxtəlif bacarıqlara yiyələnərək istedadlarını təkmilləşdirmək üçün yeni innovativ dərnəklər açılıb. Hazırda mərkəzdə 41 adda 5 şöbə fəaliyyət göstərir. Onlardan biri də İnnovasiyalar və uşaqların inkişafı şöbəsidir. Şöbədə 9 adda dərnək yaradılıb. Türkan xanımın sözlərinə görə, onlardan biri də STEAM dərnəyidir. Bu dərnəyin həftədə 4 məşğələsi olur. Proqrama əsasən dərslər 6-cı sinifdən yuxarı olan məktəblilər üçün nəzərdə tutulmuş dərs vəsaitləri ilə keçilir. Bu da uşaqların həm nəzəri, həm də praktiki cəhətdən yetişməsinə imkan yaradır. Dərnək üzvlərindən Kamal Qafarov STEAM Azərbaycan Festivalında Leqo Sumo kateqoriyası üzrə 2-ci yerin qalibi olub. Eyni zamanda mərkəzdə təşkil edilən bir sıra yarışlarda da uğur qazanıbdır. Bu da ondan irəli gəlir ki, burada yüksək peşəkarlıqla çalışan müəllim heyətimiz müxtəlif layihələr təşkil edərək uşaqlarımızı  hazırlaşdırır. Belə bacarıqlara yiyələnən uşaqların gələcəkdə uğur qazanması şəksizdir. 
    Söhbətimizə uşaqlar arasında öz  istedadı ilə seçilən Zamin Niftəliyevlə davam etdik. Zamin artıq bir neçə müddətdir ki, yaradıcılıq mərkəzində innovativ dərnək iştirakçılarındandır. O deyir ki, bu dərnək ona bir çox şey qazandırıb. Burada digər yoldaşları ilə birgə yeni dərslər öyrənməyi çox sevir. Keçdiyi dərslər o qədər maraqlı olur ki, vaxtın bitməsini hiss etmirlər. Burada öyrəndiyi vərdişlər dərslərinə  müsbət təsir göstərir. Hər gün gəlmək istədiyi bu dərnək onu həm öyrədir, həm əyləndirir. Zamin Naxçıvanda STEAM təhsili üzrə keçirilən yarışlarda bir sıra nailiyyətlər əldə etdiyini diqqətə çatdırdı.
    Uşaq və müəllimlərlə yanaşı, valideynlərdən də birinin mərkəzlə bağlı fikirlərini öyrəndik. Zaminin anası Lamiyə xanım deyir ki, övladının mərkəzdə müxtəlif bacarıqlara yiyələnməsi onun təhsilinə də müsbət təsir göstərir. Məktəb müəllimləri də dərslərində fəallıq göstərdiyini deyirlər. Bu da valideyn kimi onu çox sevindirir. 
   Biz də burada yaxından şahid olduq ki, mərkəzdə fəaliyyət göstərən dərnəklər uşaqlarımızın milli-mənəvi ruhda böyüməsinə, intellekt səviyyələrinin yüksəldilməsinə yaxından köməklik göstərir, onların bacarıqlarını təkmilləşdirir, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradır.

Bülbül Quliyeva

Nəşr edilib : 08.06.2023 20:18