AZ EN RU

“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub

    AMEA Naxçıvan Bölməsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş yeni kitabın təqdimatı keçirilib.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın həmmüəllifliyi ilə nəşr olunan “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
    Akademik xatırladıb ki, ölkə başçısı cənab İlham Əliyevin 2022-cü il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. İl çərçivəsində ölkəmizdə və dünyada Ümummilli Liderin həyat yolunun və zəngin siyasi irsinin öyrənilməsinə, təbliğinə xidmət edən müxtəlif tədbirlər keçirilmiş, çoxsaylı əsərlər dərc olunmuşdur. İsmayıl Hacıyev diqqətə çatdırıb ki, təkcə Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri əməkdaşlarının bu günədək Ümummilli Liderdən bəhs edən 40-a yaxın kitab və monoqrafiyası nəşr olunub. İlin sonuna qədər bu sayın artacağına əminliyini bildirən bölmə sədri qeyd edib ki, Naxçıvan bölməsi əməkdaşları mətbuatda mövzu ilə bağlı müntəzəm çıxış etməklə yanaşı, həm də ölkənin müxtəlif qurumları tərəfindən “Heydər Əliyev İli” çərçivəsində hazırlanan bəzi kitab və monoqrafiyaların həmmüəllifləridir. Bu fəallıq isə Ulu Öndərin irsinə sevgidən qaynaqlanır.
    İsmayıl Hacıyev “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının sistemli tərtib xüsusiyyətlərindən, əhatə etdiyi mövzuların aktuallığından söz açıb, müəllifləri ərsəyə gətirdikləri əsər münasibətilə təbrik edib.
    İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov məruzəsində bildirib ki, yeni nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsmayıl Hacıyev, rəyçisi isə dosent Ramiz Qasımovdur. Kitabda yer alan məqalələrdə Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif dövrlərində Azərbaycan, Türk dünyası, eləcə də xalqımızın taleyüklü problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər elmi düşüncə işığında təhlil edilir.
    Elxan Məmmədov “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının Ümummilli Lider Heydər Əliyev haqqında ortaya qoyulmuş nəşrlər arasında öz layiqli yerini tutacağına inamını ifadə edib.
    Məruzənin ardından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zülfiyyə İsmayıl və Aygün Orucovanın çıxışları dinlənilib.
    Çıxışlarda Əbülfəz Quliyevin elmi araşdırmalarında Heydər Əliyev irsinin və dahi liderin töhfə verdiyi sahələrin tədqiqi məsələsindən söz açılıb. Kitabda müəlliflərin toxunduğu mövzuların mahiyyəti təfərrüatlı təhlil olunub, əsərə daxil edilən hər məqalənin səsləşdiyi tarixi reallıqlara diqqət çəkilib.
    Sonda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev müəlliflər adından göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. 

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 04.10.2023 18:03