AZ EN RU

“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabı haqqında qeydlər

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 29 sentyabr 2022-ci ildə imzalanan Sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Xalqımız Azərbaycan xalqının tarixinə silinməz izlər həkk edən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd edir.

    Bu günlərdə yenicə işıq üzü görən “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabı Ulu Öndərin yüzillik yubileyinə həsr olunub. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, dilçi professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın həmmüəllifliyi ilə işıq üzü görən kitabın elmi redaktoru və Ön söz müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçisi isə dosent Ramiz Qasımovdur. 
    “Heydər Əliyevin tariximizdə və taleyimizdəki yeri və rolu” adlı ön sözdə akademik İsmayıl Hacıyev qüdrətli dövlət xadiminin iki sistem daxilində Azərbaycana rəhbərlik etməsini ölkəmizin yüksək şansı kimi dəyərləndirərək haqlı olaraq qeyd edir: “Azərbaycan Respublikası həm müstəqillikdən əvvəlki, həm də müstəqillik illərində çətinliklərlə qarşılaşsa da, Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, idarəetmənin yüksək bilicisi, insanlarla işləmək məharəti respublikamızın qarşısında duran problemləri uğurla həll etmişdir. Təsadüfi deyildir ki, Heydər Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinin intibah dövrü kimi xarakterizə edilir”. 
    Müəlliflər kitabı altı bölmədə oxuculara təqdim edir. “Heydər Əliyev və Azərbaycan” adlanan birinci bölmədə müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin Ümummilli Liderlik keyfiyyətləri, Azərbaycançılıq ideyası özünü göstərir. Həyata keçirdiyi çoxşaxəli işlərdə xarakter nümayişi, ümumilikdə, Ulu Öndərin Azərbaycanın inkişafı və gələcəyi üçün gördüyü işlər və əməllərin həmişəyaşarlılığı vurğulanır. Eyni zamanda özündən sonrakı siyasi məktəb, siyasi varislik ənənələrinin təhlili nümunələr əsasında təqdim olunur. Bu baxımdan “Heydər Əliyevdən İlham Əliyevə: Azərbaycan multikulturalizmi” məqaləsində ortaq siyasi baxışın varislik ənənəsindəki davamlı inkişaf xətti təhlil edilir. 
    Kitabın ikinci bölməsi “Heydər Əliyev və Türk dünyası strategiyası” adlanır. Adından da göründüyü kimi, bu bölmədə Ulu Öndərin Türk dünyasının birliyi məsələləri istiqamətində həyata keçirdiyi görüşlər, səfərlər, proqramlar, Heydər Əliyevin Türk dünyasının ədəbiyyatı və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğı təhlil edilmiş, bununla birlikdə Ümummilli Liderin Qorqudşünaslıq sahəsinə həssas münasibəti ayrıca bir məqalədə dəyərləndirilərək uğurlu nəticələrə gəlinmişdir. 
    Üçüncü bölmə “Heydər Əliyevin dil və ədəbiyyat siyasəti”nə həsr olunub. Digər bölmələrlə müqayisədə biz burada daha əhatəli təhlil və müqayisələr, analiz və şərhlər görürük. Bu da təbiidir. Hər iki müəllif ixtisasca dilçidir və Ulu Öndərin bu sahədəki fəaliyyəti, Onun dilə olan böyük diqqət və qayğısı daha geniş diapazonda tədqiqat predmetinə çevrilmişdir. Bu istiqamətdə bölmədə yer alan “Ümummilli Lider və milli dilimizin inkişaf məsələləri”, “Ulu Öndərin ideyaları işığında dilimiz və dilçiliyimizin inkişafı məsələləri”, “Milli dəyərlər sistemində Ulu Öndər Heydər Əliyevin dil siyasəti”, “Müstəqil dövlətimizin milli dil siyasəti”, “Ulu Öndər Heydər Əliyev: bütöv Azərbaycanın lideri” və “Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasəti Cavid işığında” məqalələri bir-birini təkrarlamadan, bir-birini dəstəkləyən sistemli elmi tezislərin aydınlaşdırılmasına xidmət edərək geniş oxucu kütləsinin düşüncə panoramında aydın mənzərə kimi açılır. 
    Dördüncü bölmə isə özündən əvvəlki bölmənin davamı kimi diqqətəlayiqdir. “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlanan bu bölmədə Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı məsələləri dəqiqliklə təhlil edilir, fəaliyyət tezisləri elmi süzgəcdən keçirilərək təqdim olunur. Eyni zamanda “Ulu Öndərin ilk bədii obrazı Naxçıvan səhnəsində” məqaləsində alim, yazıçı-publisist Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesi əsasında Naxçıvan Dövlət Milli Dram Teatrında göstərilən tamaşa haqqındakı resenziya diqqəti cəlb edir. Ulu Öndərin səhnədəki ilk bədii obrazının yer aldığı tamaşa haqqındakı fikirlərdə biz dahi şəxsiyyətin ədəbiyyata necə yanaşdığının elmi şərhi ilə tanış olmaq fürsəti əldə edirik. 
    Kitabın beşinci bölməsi “Heydər Əliyevin siyasi fəaliyyəti araşdırmalar işığında” adlanır ki, burada müəlliflərin Ulu Öndərlə bağlı ayrı-ayrı dövrlərdə nəşr olunmuş kitab və monoqrafiyalar haqqındakı mətbu resenziyaları yer alıb. “Heydər Əliyevdən İlham Əliyevə akademik N.Cəfərovun araşdırmalarında”, “Heydər Əliyevin milli dil siyasəti professor Yusif Seyidovun araşdırmalarında”, “Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti”, “Heydər Əliyev haqqında etüdlər” və “Ulu Öndərin liderlik missiyası” başlıqlı məqalələrdə akademiklər İsmayıl Hacıyevin, Bəkir Nəbiyevin, Nizami Cəfərovun, professor Yusif Seyidovun, dosentlər Ramiz Qasımov və Zülfiyyə İsmayılın Ulu Öndər haqqında çap etdirdikləri kitab və monoqrafiyalar haqqında müəlliflərin elmi-publisistik şərhləri öz əksini tapıb. 
    Nəhayət, kitabın sonuncu – altıncı bölməsi “Oxşar talelər işığında Heydər Əliyev” adlanır ki, burada adından da göründüyü kimi, bir-birinə bənzər talelərin qarşılıqlı müqayisələrlə təhlil edildiyi iki yazı əks olunub. “Oxşar talelər: Heydər Əliyev və Əziz Əliyev” məqaləsində adıçəkilən iki siyasi xadimin həyatlarının oxşar məqamlarına işıq tutulursa, “Heydər Əliyev ideyalarından Böyük Zəfərə” başlıqlı məqalədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin zəfər üslubu və bu üslubun formalaşmasında Ulu Öndərin siyasi fəaliyyətindən çıxarılan dərslərin uğurlu nəticələri təhlil edilmişdir. 
    Ümumilikdə, yüzə yaxın ədəbiyyatdan istifadə olunan kitab AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın qarşılıqlı elmi əməkdaşlığının uğurlu çap nəticəsi kimi də dəyərləndirilə bilər. Hər bir oxucu, eyni zamanda Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif sahələrini öyrənən araşdırmaçılar üçün bu kitabın dəyərli mənbə rolu oynayacağı da şübhəsizdir. 

Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 
icraçı direktoru, dosent

Nəşr edilib : 05.09.2023 18:08