AZ EN RU

Heydər Əliyev: “Sizi öz balam kimi sevirəm və sizi öz balam hesab edirəm...”

Hər bir il tarixdə öz adı ilə qalır. 2023-cü il isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Heydər Əliyev İli” kimi qalacaq.
    Zəmanəmizin böyük və yenilməz dövlət xadimi, siyasətçi və mütəfəkkiri, görkəmli diplomatı Ümummilli Lider Heydər Əliyevin parlaq həyatı uşaqların, gənclərin və yeniyetmələrin tərbiyəsində və yetişməsində böyük rol oynamışdır.
    Ulu Öndərin həyat və fəaliyyətinin nümunəsində uşaq və gənclər Vətənə sədaqət və məhəbbət, öz millətini sevmək və ucaltmaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirmək, respublikanın müstəqillik prinsiplərinə sadiq qalmaq ruhunda tərbiyə olunurlar.
    Xalqımızın başına gətirilən bəlalar, onun qan yaddaşına əbədi həkk olunan 20 Yanvar, Xocalı soyqırımı hər birimizin qəlbini dərindən göynədir. Günahsız və məsum körpələri vəhşilərin süngüsündə görmək qədər dəhşətli hal ola bilməz. Belə bir anımızda bütün el-oba kimi, uşaqların da harayına, imdadına Ulu Öndərimiz yetişdi. Müdriklərdən biri çox haqlı olaraq deyib: “Dünyanın bütün ağrıları qeyri-adi adamların çiyinləri üstündədir. Qeyri-adilər olmasaydı, dünya nə qədər adi olardı”. Doğrudan da, Ulu Öndər Heydər Əliyev qeyri-adi bir qüvvəyə malik insan kimi Vətən torpağının bir hissəsinin düşmən tapdağı altında inlədiyi bir vaxtda körpələrin fəryadına həyan durdu, onları qanadları altına aldı, xoşbəxt günlərə çatdırdı.
    Dünyaya göz açan hər bir uşaq ailəyə sevinc, fərəh gətirir. Onların qığıltısı ən əziz nəğmə kimi sevilir. Uşaqların parlaq sabahları üçün heç bir səyi əsirgəməyən Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi isə sağlam, Vətənə məhəbbət ruhunda böyütməliyik...” Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı həmişə hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur... Ata-analar uşaqlarını qorumağı, saxlamağı, böyüdüb tərbiyə etməyi öz həyatının mənası və məqsədi hesab ediblər. Bu, əcdadlarımızdan, ulu babalarımızdan bizə qalan ənənədir, nəsihətdir, irsdir. Biz də bu ənənəyə sadiqik. Bizim borcumuz bu ənənələri dərinləşdirmək, genişləndirmək, daha da inkişaf etdirməkdən ibarətdir.
    Bəzən düşünürsən ki, dahi şəxsiyyət Heydər Əliyev niyə uşaqları bu qədər çox istəyib, onları dünyalar qədər sevib. Yada tanınmış yazıçı Ekzüperinin dahiyanə fikirləri düşür: “... Hamı öz uşaqlığından gəlir”.
    Görkəmli dövlət xadimi Heydər Əliyev də öz halal zəhməti ilə övlad böyüdən bir ailədə dünyaya gəlib, valideyn öyüd-nəsihəti alıb, ata çörəyi yeyibdir. Bu halallığın nəticəsidir ki, ata-ana arzusunu həqiqətə çevirib, onların ümidlərini doğruldub, dünyanın tanınmış siyasi xadimi olubdur.
    “Şərqin parlaq ulduzu” adlandırılan xalqımızın böyük oğlu uşaqlıq illərindən aldığı təlim-tərbiyə, əməyə vurğunluğu sayəsində respublikamıza rəhbərliyi dövrünün hər iki mərhələsində özünü əsl vətəndaş, millət, xalq, Vətən mücahidi kimi təsdiqləmişdir. O, Azərbaycanda uşaqların qayğısız böyüməsi, sağlam vətəndaş kimi yetişmələrinə hərtərəfli diqqət göstərilməsi, qorxulu və yoluxucu uşaq xəstəliklərinin kökünün kəsilməsi, atılmış, sahibsiz uşaqlara dövlət himayəsinin artırılması, uşaq xəstəxanaları, internat məktəbləri şəbəkəsinin genişləndirilməsi, bağçalar, məktəblər tikilməsi, yaradıcı, istedadlı uşaqların qayğı ilə əhatə olunması üçün dövlət səviyyəsində saysız-hesabsız tədbirlər həyata keçirmişdir.
    Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra dahi rəhbərin ciddi səyi və siyasi təcrübəsi nəticəsində əldə edilən atəşkəs sazişi yüzlərlə günahsız uşağı ölümdən, yurdsuz-yuvasız qalmaqdan, atasız-anasız böyüməkdən, şikəst olmaqdan xilas etdi. Elə buna görə də uşaqlar Ulu Öndərimizi çox sevir, özlərini “Heydər babanın nəvələri” adlandırırlar.
    Ümummilli Liderimizin körpə balalara, onların sabahına inamı sonsuz və qəti olmuşdur: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə millətimizin, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu bizim müqəddəs borcumuzdur”. Bu müdrik sözlərin sahibi Ulu Öndər öz müqəddəs borcunu yerinə yetirdi, uşaqları bəlalardan, müharibələrdən, ölümlərdən xilas etdi və respublikamızın hər bir guşəsindəki körpə balalar bu borcun sayəsində azad, xoşbəxt yaşayırlar. Məhz buna görə də ölkəmizin hər yerində Onun doğum günündə keçirilən məktəblilərin ənənəvi müəllif şeirləri müsabiqəsində oxunan yazılarda fidan balaların dahi rəhbərə olan məhəbbətləri bulaq suyu kimi saf və durudur. Həmin müsabiqələrin birində birinci yer tutmuş məktəbli Özgün Əsgərova “Xilaskar Öndərimsən” şeirində deyir:

        Vətən namus, qeyrətin,
        Ucalıbdır şöhrətin,
        Səni sevir millətin,
        Babamsan, Heydərimsən,
        Xilaskar Öndərimsən.

    Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağına, gənc nəslin Azərbaycanın torpaqlarını düşmənlərdən təmizləyəcəyinə, daha da yüksəklərə qaldıracağına inanan Ulu Öndərimiz öz sevgisini uşaqlara belə çatdırmışdır: “Ümumiyyətlə, uşaqları görəndə hər bir yaşlı insan, yaxud ata-ana, valideyn sevinir. Çünki uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Hər bir insan üçün dünyada uşaqlardan istəkli heç bir şey ola bilməz. Mən də həyatımda daima uşaqları sevmişəm. Öz balalarımı da sevirəm. Amma sizin hamınız mənim balalarımsınız, sizi öz balam kimi sevirəm və sizi öz balam hesab edirəm”.
    Bəli, Ulu Öndərin arzuları çin oldu. Onun ümid bəslədiyi sevimli balaları Vətənə, Vətən torpağına məhəbbətlə böyüdülər. Onlar ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğ”a çevrildilər. Gözəl Qarabağımızı işğal edən erməni vəhşilərini 44 günə məhv etdilər. Bu qələbəni dahi rəhbərin qoruduğu, yetişdirdiyi o kövrək balalar möhtəşəm Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməklə Qarabağı əbədi olaraq Azərbaycana qaytardılar. 
    Bu gün uşaq evlərinin, bağçaların, məktəblərin Günəşə açılan geniş və işıqlı pəncərəsindən xoşbəxt uşaqların şən mahnıları göylərə yüksəlir:

    Gülüstana dönübdü
    Yurdumuzda el-oba.
    Bu möhtəşəm dövlətin
    Memarı Heydər baba!

            Heydər baba, həyatda
            Bu gün, sabah da varıq.
            Firavan günlər üçün
            Biz sənə minnətdarıq.

İbrahim YUSİFOĞLU
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
Azərbaycan Respublikasının Təhsil əlaçısı

Nəşr edilib : 06.12.2023 17:16