AZ EN RU

Heydər Əliyev siyasətinin işığı Naxçıvanı nurlu sabahlara çıxarıb

    Dörd-beş il bundan əvvəl baş redaktor daxili telefonla məni otağına çağıraraq otaqda əyləşmiş polis polkovniki rütbəli bir nəfərlə tanış etdi. Qısa tanışlıq tez bir zamanda yaxın dostluğa çevrildi. Mətləbdən uzaqlaşmadan deyim ki, polis polkovniki Rahib Qarayev Laçın rayonunda doğulub, uşaqlıq illəri orada keçib. Ailəsi ilə Bakıya köçüblər. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində jurnalist kimi fəaliyyətə başlayıb – “Mübariz keşikdə” qəzetinin müxbiri kimi respublikamızı qarış-qarış gəzib. Bu kiçik tərcümeyi-halını danışdıqdan sonra ondan müsahibə götürdüm: “Bugünkü nəsil bilməlidir ki, yaşadığımız həyatı bizə Ulu Öndər bəxş edib”. Həmin müsahibə 2018-ci ildə həm doğma “Şərq qapısı”nda, həm də mərkəzi mətbuatda işıq üzü gördü.

    Onu da deyim ki, 1994-cü ildən Naxçıvana gəlib-gedən Rahib Qarayev hər il məzuniyyətinin bir neçə gününü Naxçıvanda keçirir. Ötən bu illərdə dövlətimizin Naxçıvana göstərdiyi qayğının artıq davamlı xarakter aldığını da tez-tez vurğulayır.
    Naxçıvana budəfəki səfərində qədim diyarımızda Ulu Öndərin adı ilə bağlı olan ünvanları gəzdik, Heydər Əliyev Muzeyində, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə, hərbi liseydə olduq. Hər bir ünvanın görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinin, necə deyərlər, işığına boyandığını gördük. Ulu Öndərin adını daşıyan prospekt boyu yerləşən ictimai yaşayış, müxtəlif idarə, müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyət göstərdikləri binalarda aparılmış yenidənqurma işləri bu ünvana xüsusi gözəllik verib və hər bir naxçıvanlı belə gözəllikləri diyarımızın bütün bölgələrində görə bilər. Müsahibim bunları seyr edib bir qədər keçmişə qayıdır: 
    – Səmimi deyim ki, buraya gələndə özümü evimdəki kimi hiss edirəm. Elə bil ki, burada doğulmuşam, burada böyüyüb təhsil almışam, burada da işləyirəm. Belə olmasaydı, hər il ailəmlə buraya gəlməzdim. Naxçıvanın bu gününü görəndə qədim diyarınıza ilk dəfə gəlməyimi xatırlayıram. Ucqar əyalətdən seçilməyən paytaxt şəhəri, fasilələrlə yanan işıq, istiliksiz evlər, tozlu-torpaqlı küçələr... Kənd yaşayış məntəqələri, rayon mərkəzləri bundan da bərbad vəziyyətdə. Təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sahələrin fəaliyyəti barədə heç bir yaxşı söz demək olmazdı. Bu mənzərələri bugünkü uşaqlara danışsan, yəqin ki, inanmazlar. İnanmazlar ki, bəli, Naxçıvan belə günləri yaşayıb. Yaşayıb və dözüb. Dözüb və bu günlərə sahib olub. Onu bu firəvan günlərə qovuşduran isə Ümummilli Liderimiz Heydər Əliyev və O dahi şəxsiyyətin siyasətini böyük sevgi və ehtiramla davam etdirən dövlət başçımızdır. Və Naxçıvandan başlanan bu siyasət ölkəni əhatə edib. Qurmaq, yaratmaq siyasəti buradan başlayaraq Azərbaycanın hər yerinə gedib çıxıb. Müsahibim sözünə bir qədər ara verib Ulu Öndərin bir kəlamını xatırladır: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Qürurvericidir ki, naxçıvanlılar bu tarixi qoruya, yaşada bilirlər. Onu da deyim ki, Naxçıvanın günbəgün, ilbəil deyil, saatbasaat dəyişməsini, gözəlləşməsini, müasirləşməsini hər gəlişimdə görürəm. Bütün bunlar sizin gözlərinizin qarşısında baş verdiyi üçün fərqinə varmırsınız və ikinci tərəfdən bu yeniləşmə Naxçıvanda ölkə başçısının böyük diqqət və qayğısı ilə illərdir ki, davam edir. Azərbaycan Prezidentinin Naxçıvana hər gəlişi burada toy-bayrama çevrilir, naxçıvanlılar möhtəşəm açılışlara şahid olur, yeni tikiləcək obyektlərin sevincini yaşayırlar.
     Müsahibimin Naxçıvanla bağlı söhbətləri məndə elə qənaət yaratmışdı ki, kənardan eşidənlər Rahib Qarayevin Naxçıvanda yaşadığını güman edərdi. Onu rus kosmonavt-rəssamı Leonovun Naxçıvan haqqında dediklərini xatırlaması məni də ürəkdən sevindirir: “Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvan torpağının rəngində görünür”. 
    Doğrudan da, rus kosmonavt-rəssamının qədim və doğma diyarımıza verdiyi bu dəyər hər bir naxçıvanlının qəlbində böyük qürur hissi yaradır. Mövcudluğu dövründə başı bəlalar çəkən, torpaqlarına göz dikilən, yeraltı və yerüstü sərvətləri düşmənlərə gözdağı olan Naxçıvan heç kəsə baş əyməyib, onun igid, yurdsevər oğulları yurdumuzun hər qarışını vətənpərvərliklə qoruyublar, babalarımızın dediyi “Torpaqdan pay olmaz” vəsiyyətinə əməl ediblər. Bu gün də bu vəsiyyət naxçıvanlılar üçün yazılmamış qanundur... Artıq qədim diyarımızın bütün bölgələri ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli diqqəti sayəsində inkişafın, tərəqqinin yeni mərhələsindədir. 
    Müsahibim Sədərək rayonuna getməyimizin mümkünlüyünü soruşur. Bildirirəm ki, bu sərhəd bölgəsində rayon yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Rayon mərkəzinə Ulu Öndərin adının verilməsi isə görkəmli dövlət xadiminə böyük sevgi və məhəbbətin ifadəsidir. Qonağımın xahişini yerə salmayıb yola düşürük.
    “Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”. Bu sözləri Ümummilli Lider Heydər Əliyev 21 il bundan əvvəl – 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında deyib. 
    Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1990-cı ilin avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılan Sədərək rayonunun  inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, hərtərəfli dövlət qayğısı ilə bu istiqamətdə böyükhəcmli layihələr reallaşdırılıb, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub. Yeri gəlmişkən onu da qonağın diqqətinə çatdırıram ki, dahi rəhbərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib. Dövlət tərəfindən tikilmiş ikimərtəbəli 16 fərdi yaşayış binası həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür... Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”.
    Bu, doğrudan da, belədir. Naxçıvanın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazıb. Yüz illərboyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd yaşayış məntəqələri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq – uğrunda ölən varsa, Vətəndir”!, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun!” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını itirən, evlərinə qazi kimi qayıdanlar da az olmadı. Yüzlərlə igidimiz isə şəhidlik zirvəsinə ucaldı. Onların ruhu qarşısında baş əyən naxçıvanlılar bu gün muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitlik, əmin-amanlıq, yenidənqurma prosesləri fonunda həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, bu tədbirlərdə fəallıq göstərirlər. Bunun ifadəsidir ki, doğma muxtar diyarımız, onun bütün bölgələri müasirlik donundadır. Bütün bunlar Ulu Öndərin siyasətini ehtiramla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin qədim diyara böyük diqqət və qayğısının təzahürüdür.
***
    Fevral ayının 21-i. Həmin gün Heydər Əliyev Sarayında Bakıdan ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının 250 nəfər nümayəndəsinin iştirakı ilə “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfransın keçirilməsi hər birimizi sevindirdi. Konfransdan əvvəl Rahib Qarayevlə sarayda yerləşən təşkilatların fəaliyyəti ilə tanış olduq. Gördüklərinin Rahib Qarayevdə yaratdığı yüksək təəssüratlar, təbii ki, məni də sevindirdi.
    Konfransda iştirak imkanı yaradıldığı üçün dərin minnətdarlığını bildirdi. Konfransdan sonra bir qədər də şəhərimizdə gəzişdik, şəhər sakinləri, buraya gələn qonaqlarla həmsöhbət olduq.
    Gedəcəyimiz növbəti ünvan isə qonağı yola salmaq üçün Heydər Əliyev adına Naxçıvan Beynəlxalq Hava Limanı idi. Bu da hava limanı... Hər tərəf işığa bürünüb. Gəlib-gedənləri qarşılayıb yola salan liman işçiləri onlara tapşırılan vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər. Bu da, təbii ki, sərnişinlərin diqqətindən yayınmır.
    Bunu Rahib Qarayev də görür: – Bu təkcə naxçıvanlıları deyil, hər bir azərbaycanlını ürəkdən sevindirir. Bəli, Naxçıvanın qovuşduğu bugünkü həyat tərzi Ulu Öndər Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub... Bu işığın ziyası Naxçıvanda heç vaxt sönməyəcək, daim yanacaq, naxçıvanlıların yollarını işıqlandıracaq.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 31.03.2023 16:57