AZ EN RU

Heydər Əliyev Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışını Türkiyənin Cümhuriyyət Gününə salmışdı

... Onu Naxçıvanda 90-cı illərin ağır günlərini yaşamış bir çoxları tanıyır. Ümummilli lider Heydər Əliyevə və Naxçıvana olan böyük sevgisi bu tanışlığın ilk bağları idi. 1990-1993-cü illərdə Naxçıvana saysız-hesabsız səfərləri, Ulu Öndərlə dəfələrlə görüşləri, hətta Sədərək döyüşlərində iştirakı onun həyat hekayəsinin səhifələrinə unudulmaz illər kimi yazılıb.

– Cabbar bəy həmin dövrdə Naxçıvanda davamlı olaraq qalırdınız, yoxsa gedib-gəlirdiniz?

Bəzən olurdu həftələrlə qalırdım, bəzən də gəlib iki-üç gün qalıb qayıdırdım. Yəni, mənim Naxçıvanda qalmağım oradakı hadisələrin axarına bağlı idi. Elə vaxtlar olub ki, yeni gəlib çatmışam İgdıra, Naxçıvandan telefon zəngi gəlib ki, Ümummilli Liderimiz səni soruşur. Dərhal yenidən Naxçıvana geri dönmüşəm. Naxçıvanda davamlı olaraq Dövlət Müdafiə Komitəsinin sədri Elman Abbasovla əlaqədə olurdum, cəbhədəki vəziyyətlə bağlı məlumatları ondan alırdım. Çox zaman Ulu Öndərin hər hansı bir xəbərlə bağlı tapşırıqlarını da o, mənə çatdırırdı. Beləliklə, Naxçıvandakı ümumi vəziyyət, Heydər Əliyevin görüşləri ilə bağlı xəbərlər həm “Şərq qapısı” qəzetində, həm də bizim qəzetlərdə (“Milliyət, “Yeşil İğdır” S.H.) yayımlanırdı. O vaxt Heydər Əliyevlə görüşə çoxlu insanlar gəlirdi, onlar içərisində xarici ölkələrdən gələn jurnalistlər də az deyildi. O dövrdə həqiqətən Naxçıvanda yeni bir tarix yazılırdı.

– Həm də Naxçıvanda əsl “nformasiya blokadası” hökm sürürdü. Buna görə də düşünürəm ki, hazırladığınız xəbərlər bu blokadanı daha çox “yarırdı”.

Tamamilə doğrudur. O zaman muxtar respublikada baş verən hadisələr sadəcə Naxçıvanın öz televiziyası və radiosu, bir də sizin “Şərq qapısı” qəzetində yayımlanırdı. Bunların yayım dairəsi isə çox məhdud idi, hətta Bakıya belə gedib çatmırdı. Bu baxımdan “Milliyət” qəzetinin imkanları daha çox idi. Çünki bu qəzeti Türkiyədə yüz minlərlə insan oxuyurdu, eyni zamanda burada dərc olunan yazıları xarici media da yayırdı. Beləliklə, dünya Naxçıvanla bağlı hadisələrdən “Milliyət” vasitəsilə xəbər tuturdu.

– Yəqin ki “Milliyət” buna görə sizi Naxçıvan üzrə müxbir təyin etmişdi?

(Gülür)... Bəli, çünki müxbir vəsiqəmin üzərində “Milliyət”in “İgdır-Naxçıvan” üzrə müxbiri yazılmışdı...

– Bəs Naxçıvana gələndə harada qalırdınız?

Naxçıvanda olanda Nisə nənə deyə çağırdığımız bir qadın vardı, onun evində qalırdım, evləri də şəhərin mərkəzindəki binaların birində idi. Oglu ilə Naxçıvana ilk gəldiyim gün meydanda tanış olmuşdum. Qalacaq bir yerimin olub-olmadığını soruşmuşdu, yox deyincə də məni israrla evinə dəvət etmişdi. Nisə nənənin evi mənim üçün doğma bir ocaq idi.

– Ulu Öndərimizin həmin vaxt Naxçıvanda gördüyü daha hansı işləri xatırlayırsınız?

Heydər Əliyevin o vaxt Naxçıvanda gördüyü işləri sadalamaqla bitməz. Hamınız bilirsiniz ki, bu dahi şəxsiyyət bütün sahələrin dərin bilicisi idi. Məsələn, həmin dövrdə Heydər Əliyev təkcə Naxçıvanın müdafiəsi, ordu quruculuğu kimi məsələlərlə maraqlanmırdı. O, eyni zamanda Naxçıvanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün böyük işlər görürdü. Bilirsiniz, sovetlər birliyi dağıldıqdan sonra Naxçıvana məxsus bütün sənaye müəssisələrində istehsal dayanmışdı. İşçilər aylardır, maaş ala bilmirdilər. Bakı ilə əlaqələr, demək olar ki, kəsilmək üzrə idi. Ərzaq, elektrik, yanacaqla bağlı böyük çətinliklər yaşanırdı. Belə bir çətin vəziyyətdə Heydər Əliyev Türkiyə ilə əlaqələri yenidən bərpa etdi: Türkiyə banklarından Naxçıvana maliyyə vəsaiti ayrıldı, ərzaq yardımları edildi, Naxçıvandan Türkiyə universitetlərinə oxumaq üçün tələbələr göndərildi. Bunu da vurğulamaq istəyirəm ki, iki ölkə arasında iqtisadi əlaqələr təkcə Türkiyənin yardımları ilə məhdudlaşmırdı. Heydər Əliyev Türkiyə ilə iqtisadi əlaqələrin təməlini ilk dəfə sərhəd ticarəti üzərində qurmuşdu. Bunun üçün  Naxçıvandan müxtəlif malların Türkiyəyə ixracı üçün tapşırıq da vermişdi. Xatirimdədir, ilk dəfə iş adamı Firudin Ayrım Naxçıvandan İğdıra 110 ədəd yük maşınında 500 ton pambıq, 250 ton aliminium, 500 ton mis, 250 ton inşaat üçün dəmir idxalı etmişdi. Mən bu haqda “Milliyət”də, eyni zamanda “Yeşil İgdır”da  “Nahçıvandan ilk parti sınır ticareti” adlı manşet xəbəri də yayımlamışdım. Yəni, o dövrdə Heydər Əliyev Naxçıvan üçün böyük işlər görürdü.

– Bu gün “Bir millət, iki dövlət” prizmasından baxdıqda o dövrdə daha hansı işlərin görüldüyünü qeyd etmək istərdiniz?

Təbii ki, Heydər Əliyevin Naxçıvanda atdığı hər bir addım “Bir millət, iki dövlət”in sadəcə sözlə ifadə edilməməsinin təməlini qoyurdu. Bu yaxınlarda yazılarımın birində qeyd etmişdim, indi bunu yenə təkrar etmək istəyirəm. Bilirsiniz ki, dahi lider Naxçıvanda olanda onun rəhbərliyi ilə Naxçıvan parlamenti Azərbaycanın milli bayrağını dövlət bayrağı kimi qəbul etdi, muxtar respublikanın adını dəyişdi, milli idarəçilik sistemini yaratdı. Xatirimdədir, Ulu Öndərin Naxçıvanda gördüyü ilk işlərdən biri də Naxçıvandakı “Kirov” küçəsinin adını dəyişdirib “Atatürk küçəsi” adlandırması idi. Cənab Prezident İlham Əliyev də bu yaxınlarda Şuşaya səfərində şəhərin mərkəzi küçələrindən birinə Mustafa Kamal Atatürkün adını verdi. Hətta sosial şəbəkədə bununla bağlı bir fotoqraf da paylaşdı. Bütün bunlar o deməkdir ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət davam etdirilir. Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə ilə əlaqələri daha da yüksək səviyyəyə qalxdı. İndi isə hər iki dövlət başçısının bir-birinə olan əsl qardaşlıq münasibəti dövlətlərarası münasibətlərə də böyük təsir göstərir. İnanıram ki, bu münasibətlər hər zaman belə olacaq, həm də bu cür olmaq məcburiyyətindədir. Çünki söhbət keçmişi, bu günü və gələcəyi eyni olan millətdən gedir.

– Son sualımı vermək istəyirəm: Ulu Öndərlə son görüşünüz nə zaman olub?

Heydər Əliyevlə son görüşümüz 1996-cı ildə, artıq o Azərbaycanın Prezidenti idi, o zaman olub. Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışında. Sizə bir şey deyim: Heydər Əliyev həqiqətən Türk dünyasının dahi şəxsiyyəti olub. O, Hüseyn Cavidin məqbərəsinin açılış mərasimini Türkiyə Cümhuriyyətinin 73-cü ildönümü gününə salmışdı və bu, təsadüfi deyildi. Həmin vaxt bizim Türkiyədən də qonaqlar, o cümlədən İgdırın valisi iştirak edirdi. Mən də həmin heyətin tərkibində idim. Və son görüşümüz də elə onda oldu. Yeri gəlmişkən, Ümummilli Lider Heydər Əliyev iki dəfə də İğdırda səfərdə olub və onu müşayiət etmişəm.

– Amma deyəsən Ulu Öndərlə bir yerdə fotoşəkliniz o qədər də çox deyil...

Dogrudur, cəmi bir və ya iki fotoşəkildə varam. Çünki o vaxt həm müxbir, həm də fotoqraf idim. Yəni, daha çox mən çəkirdim, məni çəkən yox idi...(gülür) Amma arxivdə qalırsa, Naxçıvan Televiziyasının o zaman çəkdiyi videokadrların bir neçəsində mən də varam.

– Cabbar bəy maraqlı müsahibəyə görə sag olun, sizə təşəkkürlərimi bildirirəm.

Mən də sizə təşəkkür edirəm. Bunu da əlavə etmək istəyirəm ki, bir müddət əvvəl Ümummilli Liderimizlə bağlı xatirələrimi kitab şəklində hazırlamağa qərar vermişdim. Hətta bununla bağlı yazının da böyük bir hissəsini tamamlamışdım, amma gözlənilmədən kompüterimin “çökməsi” məni çox təəssüfləndirdi. İnanıram ki, özümü toplayıb yenidən bu arzumu reallaşdıra biləcəyəm. Bir daha sağ olun ki, dahi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə məni yada salıbsınız.

– Siz də sağ olun.

Səbuhi HƏSƏNOV

Naxçıvan-İğdır-Naxçıvan

Nəşr edilib : 26.05.2023 17:17