AZ EN RU

Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd olunub

    Fevralın 17-də Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi Ümummilli Liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.
    Bildirilib ki, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndərin rəhbərliyi ilə  ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda muzey şəbəkəsinin inkişafı daha intensiv xarakter alıb, 100-dən çox muzey yaradılıb, ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri təşkil edilib.
    Muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan  Natəvan Qədimova bildirib ki, Heydər Əliyev Muzeyini fərqləndirən əsas cəhətlərdən biri budur ki, bu muzey Ulu Öndərimizin doğma Naxçıvan torpağında yaradılmışdır. Daim milli qurtuluş və müstəqillik arzuları ilə yaşamış müdrik şəxsiyyət Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur.
    Qeyd edilib ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidən istifadəyə verilib.
    Mədəniyyət naziri Azərbaycan xalqı üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə Ulu Öndərin adını daşıyan muzeyin yaradılmasının 24-cü ildönümü münasibətilə muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin bundan sonra təbliğ edilməsi işində kollektivə uğurlar arzulayıb.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-Aparatın rəhbəri Anar İbrahimov “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasir Azərbaycan” mövzusunda çıxış edib. Vurğulanıb ki, istər daxili, istərsə  də xarici siyasətdə, mədəniyyət, təhsil, bir sözlə bütün sferalarda Ümummilli Liderimizin yaratdığı irs müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil edir. 
    “Ümummilli Lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Müstəqillik illərində Naxçıvan təhsilində əldə olunan uğurlardan danışan təhsil naziri vurğulayıb ki, Heydər Əliyev Muzeyi ilə təhsil müəssisələri arasında qurulan  sıx əməkdaşlıq muxtar respublikada şagirdlərin  Heydər Əliyev  irsinin  öyrənilməsində mühüm rol oynayır.
    Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev muzey haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən 5413 eksponat toplanıb, bunlardan 3000-dən çoxu ekspozisiyada və kitabxanada nümayiş etdirilir.
    Sonra tədbir iştirakçıları “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” filmini izləyiblər.
    Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2023 22:37