AZ EN RU

Heydər Əliyev Muzeyinin yaradılmasından 25 il ötür

Bu münasibətlə fevralın 16-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində tədbir təşkil edilib. Mədəniyyət, ictimaiyyət nümayəndələrinin iştirakı ilə reallaşan tədbiri giriş nitqi ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov 25 illik yubileyi qeyd olunan mədəniyyət ocağının müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin sağlığında adına yaradılan ilk muzey olduğunu vurğulayıb. Ölkəmizdə muzeyşünaslığın inkişafı sahəsində dahi liderin müstəsna xidmətlərindən danışan nazir müavini bildirib ki, Heydər Əliyev Muzeyi 18 fevral 1999-cu il tarixdə Naxçıvan şəhərində yaradılıb. Müdrik şəxsiyyət 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeylə tanış olub. Ulu Öndərin muzey ziyarəti zamanı çəkilmiş tarixi fotoları bu gün fəxrlə ekspozisiyada nümayiş etdirilir. 

Həsən Seyidov əlamətdar gün münasibəti ilə  muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin təbliğ edilməsi işində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı  Elman Cəfərli çıxışı zamanı diqqətə çatdırıb ki, Heydər Əliyevin mənalı həyatının əsas qayəsini Azərbaycan təşkil edirdi. Ulu Öndər ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq ölkəmizin iqtisadi inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasına böyük diqqət göstərirdi.

Yubiley tədbirində daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımovun və Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi  Ramil Orucəliyevin çıxışları dinlənilib. Heydər Əliyev Muzeyinin ötən 25 ildə keçdiyi inkişaf yolundan danışan muzey direktoru bildirib ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından ibarət, ümumilikdə, 5466 eksponat toplanıb. Bu gün Naxçıvana gələn hər bir qonağın ilk üz tutduğu məkan, bütün tədbirlərin ilk başlanğıc yeri məhz Heydər Əliyev Muzeyidir. Təkcə bir faktı demək mümkündürsə, ötən il muzey 20 mindən çox insan tərəfindən ziyarət olunub. Muzey Heydər Əliyev irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı uğurla həyata keçirir.

Çıxışların ardından muzeyin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçıları ekspozisiya ilə tanış olub.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2024 16:49