AZ EN RU

Heydər Əliyev Muzeyində "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib

"Heydər Əliyev İli" çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Muzeyində “Ulu Öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir”  mövzusunda tədbir keçirib.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyində keçirilən tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini general-mayor Hikmət Kərimov bildirib ki, xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb.

Qeyd olunub ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. Dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.

 Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, onun təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.

Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Heydər Əliyev Muzeyi ziyarət edilib.

 

Nəşr edilib : 28.03.2023 15:30