AZ EN RU

“Heydər Əliyev kuboku”nun qalibi müəyyənləşib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə  həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə (2007-2009-cu illər) və gənclər (2004-2006-cı illər) arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə 16 çəki dərəcəsində 85 idmançı iştirak edib.
    Turnirin açılışından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə çıxış edən gənclər və idman naziri Ramil Hacı bildirib ki, ulu öndər  Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşmış, idmanın inkişafı dövlət siyasətinin üstün istiqamətlərindən birinə çevrilmiş, böyük idman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilmiş, meydançalar yaradılmış, onlardan səmərəli istifadə təmin edilmişdir. 
    Ramil  Hacı deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda müasir idman obyektləri, idmanın müxtəlif növləri üzrə idman federasiyalarının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. 
    İdmançıları bu bayram münasibətilə təbrik edən Ramil  Hacı yaradılan şəraitə görə idman ictimaiyyəti adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Rəşad İsmayılov diqqətə çatdırıb ki, 13 aprel 2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası Daxili İşlər Nazirliyinin himayəsinə verilib. 2018-ci ildən bu ad altında fəaliyyət göstərən federasiya müəyyən inkişaf yolu keçib, beynəlxalq yarışlarda, turnirlərdə uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bayram tədbirləri ərəfəsində təşkil edilən yarışlardan biri də kikboksinq üzrə muxtar respublika turniridir.
    Nazir bildirib ki, bu gün muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində idmançıların idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. İdman obyektləri və infrastrukturu, Olimpiya kompleksləri, idman qurğuları, o cümlədən ən ucqar dağ kəndlərində inşa edilən məktəblərdə müasirtipli idman zalları yeniyetmə və gənc idmançıların istifadəsinə verilib. İdman siyasəti ölkəmizin əsas istiqamətlərindən biri, idmanın inkişafı dövlət siyasətinin əsas prioritetidir. 
    Rəşad İsmayılov vurğulayıb ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahəsində də böyük uğurlar, nailiyyətlər qazanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə qədim diyarımız Naxçıvanda da idmanın bütün növlərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun ifadəsidir ki, muxtar respublikanın bütün rayonlarında idmançıların idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. İdman gənclərimizin sağlamlığına xidmət edir, çünki sağlam bədəndə sağlam ruh olar. Gənclərimiz zərərli vərdişlərdən uzaq durmalı, idmanla məşğul olmalı, dövlətinə, millətinə,Vətəninə faydalı fərd kimi formalaşmalıdır. Bu istiqamətdə himayəçi olduğumuz kikboksinq idman növünün inkişafı üçün Daxili İşlər Nazirliyi əlindən gələni əsirgəməyəcək. 
    İdmançılara uğurlar arzulayan Rəşad İsmayılov yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev keçirilən turnir barədə məlumat verib, idmançıları təbrik edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib.
    Sonra final görüşlərinə start verilib. Yeniyetmələrin turnirində Elşad Cəlilov (34 kiloqram), İsa Yaqubov (37 kiloqram), Oğuz Məmmədli (42 kiloqram), Uğur Əliyev (47 kiloqram), Məhəmməd Qasımov (52 kiloqram), Ələkbər Tağıyev (63 kiloqram) və Zeynəlabdin Musayev (69+ kiloqram) qalib adını qazanıblar.
    Gənclərin mübarizəsində Tuncay Qasımov (48 kiloqram), Şəmsəddin Əliyev (52 kiloqram), Mehman Abbasov (57 kiloqram), Səhət Əsədov (63 kiloqram), Yarəddin Cəfərov (69 kiloqram) və Qənbər Nağıyev (69+ kiloqram) rəqiblərindən güclü olublar.
    Qızlar arasında isə Fidan Rzayeva (47 kiloqram) və Röya Abdullayeva (52 kiloqram) turnirin baş mükafatını qazanıblar.
    Komanda yarışında “Turan Döyüş Klubu” “Heydər Əliyev kuboku”nu başı üzərinə qaldırıb.
    Sonda qalib idmançılar mükafatlandırılıblar.
    Mükafatları gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.05.2022 20:20