AZ EN RU

“Heydər Əliyev kuboku” uğrunda yarışlar yekunlaşıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən boks üzrə “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında keçirilən Naxçıvan Muxtar Respublika turnirinin yekun tədbiri olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Musiqi və Rəqs Ansamblının bir-birindən rəngarəng çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Ardınca final görüşlərinə start verilib. 7 komandanın 90-a yaxın dəri əlcək sahibi 16 çəki dərəcəsində qalibi müəyyənləşdirməyə çalışıb. Olimpiya sistemi üzrə keçirilən turnirin yekun nəticəsinə əsasən Rəhim Süleymanov (38 kiloqram), Fikrət Abbaslı (40 kiloqram), Sənan Muxtərov (42 kiloqram), Ucar Musayev (46 kiloqram), Uğur Əliyev (48 kiloqram), Məhəmməd Əliyev (50 kiloqram), Məhəmmədəli Qasımov (52 kiloqram), Elbrus Kərimli (54 kiloqram), Murad Babazadə (57 kiloqram), Elgün Rzalı (60 kiloqram), Sərvan Abdullazadə (63 kiloqram), Nadir Cəfərov (67 kiloqram), Nofər Əlizadə (71 kiloqram), Türkeş Mustafayev (75 kiloqram), Kənan Allahverdiyev (80 kiloqram) və Sərvər Abdullayev (80+ kiloqram) öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar.

 Fəal iştiraklarına görə qızlar arasında Lalə Namazlı və Gülay Hümbətova da mükafata layiq görülüblər.

Komanda hesabında “Heydər Əliyev kuboku”nu “Naxçıvan” komandası qazanıb.

Sonda qaliblər mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim ediblər.

***

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və məhdud fiziki imkanı şəxslər arasında “Heydər Əliyev kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

    Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bildirib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman obyektləri, o cümlədən olimpiya idman komplekslərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. 
    Ramil Hacı yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxışında vurğulayıb ki, muxtar respublikamızda idmanın inkişafı istiqamətində görülən işlər çərçivəsində son dövrlərdə Paralimpiya Federasiyasının da yeni bölmələri istifadəyə verilmiş, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılmışdır. Ümumilikdə, 2006-cı ildən fəaliyyət göstərən federasiyanın hazırda 16 bölməsinin imkanlarından, təqribən, 300-ə yaxın paralimpiyaçı istifadə edir. 
    Nicat Babayev diqqətə çatdırıb ki, paralimpiya idman növlərindən boccianın muxtar respublikada təbliğinə və inkişafına xüsusi diqqətlə yanaşılır. Bu gün muxtar respublikanın bütün şəhər və  rayonlarında boccia bölmələri fəaliyyət göstərir. Bölmələr məşqlərin aparılması üçün zəruri olan xüsusi top dəstləri və digər idman vəsaitləri ilə təmin edilib. Həmçinin Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzinin idman zalında müvafiq kateqoriyadan olan uşaqların məşq etmələri üçün hər cür şərait yaradılıb. Bu tədbirlərin davamı olaraq bu günlərdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibi İlham Məhərrəmovun muxtar respublikaya növbəti səfəri təşkil olunub, onun iştirakı ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölmələrinin rəhbərləri və məşqçiləri üçün seminar keçirilib.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Boccia İdman Federasiyasının baş katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirib. O qeyd edib ki, muxtar respublikada paralimpiya idman növlərinə, o cümlədən boccia idman növünə maraq günü-gündən artmaqdadır.
    Çıxışlardan sonra idman müsabiqəsinin ən aşağı yaş qrupu üzrə final görüşü keçirilib. Ardınca sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs qrupunun üzvlərinin çıxışları alqışlarla qarşılanıb.
    Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi iştirakçılarının da dəvət olunduğu turnirin yekun nəticəsinə əsasən 9-13 yaş qrupunda Mikayıl İsmayıllı, 13-17 yaş qrupunda Cəlal Mürsəlli, məhdud fiziki imkanlı şəxslər arasında isə İlqar Yunisov qalib adını qazanıb. 
    Sonda qaliblər mükafatlandırılıb. Eyni zamanda Azərbaycan Respublikası Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının fəaliyyətinə göstərdiyi dəstəyə görə təltif olunub.

Ceyhun Məmmədov

Nəşr edilib : 13.05.2022 17:35