AZ EN RU

“Heydər Əliyev kuboku” uğrunda yarışlar keçirilib

    Ulu öndərin xatirəsinə həsr olunmuş idman dırmanması üzrə muxtar respublika turniri keçirilib. Yeniyetmə və gəncləri əhatə edən yarış şəhər və rayon mərhələlərində ilk üç yeri tutan idmançıların iştirakı ilə reallaşıb. 
    Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil olunan yarışda Naxçıvan şəhərini təmsil edən Süleyman İsmayılov ən yaxşı göstərici ilə qalib olub. Şahbuz idmançısı Murad Əliyev ikinci sırada qərarlaşıb. Ordubad təmsilçisi Mehdi Əliyev isə üçüncü olub.
    Mükafatlandırmadan öncə gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Mayis Əliyev çıxış edərək Azərbaycan idmanının dünənki və bugünkü inkişafında ümummilli liderin misilsiz xidmətləri olduğunu xatırladıblar. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə gənc nəslin idmana cəlbinə daim önəm verilməsi, bu sahədə müasir metodların tətbiqi və qazanılan uğurların dövlət siyasətinin ardıcıl icrası sayəsində reallaşdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu siyasi istiqamətlər üzrə muxtar respublikada da məqsədyönlü işlər görülür. Naxçıvanın təbii coğrafi relyefinin ekstremal idman növləri üçün əlverişli olması əsas verir ki, burada həm müvafiq idman növləri, həm də ekstremal turizm inkişaf etdirilsin. Perspektivlər nəzərə alınmaqla hər iki sahədə aktiv fəaliyyət davam etdirilir.  
    Çıxış edənlər muxtar respublikada gənc­lərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
    Sonra ilk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə fəxri fərman verilib. Qalib iştirakçıya “Heydər Əliyev kuboku” təqdim olunub. 

***

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan muxtar respublika turniri başa çatıb. Kişilərdən ibarət komandaları əhatə edən turnirdə kollektivlər iki yarımqrupda mübarizə aparıb və qrupu ilk iki sırada bitirənlər “play-off” mərhələsinə adlayıblar. 3 gün davam edən yarışın son oyun günündə iki oyun reallaşıb. Üçüncü yeri müəyyənləşdirən “Şərur”-“Sədərək” görüşündə üstün tərəf şərurlular olub: 3-1 (25:13, 25:27, 25:20, 25:17).

    Final qarşılaşmasında isə “Naxçıvan” və “Culfa” komandaları meydanda olub. Gərgin, maraqlı mübarizədən 3-1 (25:21, 20:25, 25:18, 25:23) hesablı qələbə ilə ayrılan Culfa təmsilçisi turnirin qalibi olub.
    İlk üçlükdəki komandalar diplom və hədiyyələrlə təltif ediliblər. Əsas mükafat – “Heydər Əliyev kuboku” Culfa voleybolçularına verilib.
    Mükafatları gənclər və idman naziri Ramil Hacı və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 20:38