AZ EN RU

“Heydər Əliyev kuboku” uğrunda peyntbol birinciliyi

    Naxçıvan Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş peyntbol üzrə muxtar respublika açıq birinciliyi keçirilib. 
    Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda “Naxçıvan” Universiteti və Heydər Əliyev adına Hərbi Liseyin komandaları finalda bir-birinə rəqib olub. Həlledici oyunu üstünlüklə tamamlayan tələbələr muxtar respublika birincisi olublar. Hərbi liseyi və Naxçıvan şəhərini təmsil edən komandalar müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
    Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, federasiya sədri Səhət Həbibbəyli çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, dövlət idman siyasəti nəticəsində ölkəmizdə, eləcə də muxtar respublikada müasir idman mühiti yaradılıb. İllər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu sayəsində gənc nəslin bu sahəyə cəlbi diqqətdə saxlanılır, istedadlı idmançıların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. 
    Çıxışlarda muxtar respublikada gənclərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıqlarını ifadə olunub.
    İlk üçlükdə qərarlaşan komandalar diplom, kubok və hədiyyələrlə təltif ediliblər. Mükafatçılara, həmçinin ödənişsiz peyntbol oyunu üçün kupon da hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.05.2022 18:31