AZ EN RU

Heydər Əliyev irsinin qorunduğu və təbliğ olunduğu məkan

18 fevral Heydər Əliyev Muzeyinin yaradıldığı gündür

     2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
    Sərəncamda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı əvəzsiz xidmətləri qeyd olunmaqla yanaşı, həmçinin bildirilir ki, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
    Ümummilli Liderimiz Azərbaycan xalqının tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq zamanında onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaratmışdır. Bu insanların həyat və fəaliyyəti ilə bağlı nə varsa ehtiramla tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılmış və böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində ideoloji vasitə kimi geniş istifadə edilmişdir. “Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir...” sözlərinin müəllifi olan görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda geniş muzeylər şəbəkəsinin yaradılmasına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Onun müdrikliyi, uzaqgörənliyi, ictimai-siyasi fəaliyyəti, bütövlükdə, hər bir Azərbaycan gənci üçün nümunədir və əsl dövlətçilik məktəbidir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı Ümummilli Liderin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədə nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev Muzeyidir. Ulu Öndərin siyasi irsinin gələcək nəsillərə çatdırılmasında bu muzeyin xidməti əvəzsizdir. 
    Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Muzeyi 18 fevral 1999-cu ildə Naxçıvan şəhərində yaradılmış və 10 may 1999-cu ildə fəaliyyətə başlamışdır.
    2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Muzeyi dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi-tədqiqat müəssisəsidir.
    Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev prospektində yerləşən, mühüm siyasi-tarixi əhəmiyyət daşıyan bu mədəniyyət müəssisəsi 577 kvadratmetrlik ekspozisiya zalından və kitabxanadan, 83 kvadratmetrlik muzey fondundan ibarətdir. Yüksək səviyyəli muzey xidməti göstərmək üçün burada kitabxana formalaşdırılmış, Ümummilli Liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi şərait yaradılmış, kompüter dəstləri quraşdırılmışdır. Həmçinin muzeyin (www.aliyev-museum.nakhchivan.az) internet saytı yaradılmışdır. 
    420 ədəd eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi eksponatlarının zənginliyi və orijinallığı ilə digər belə mədəniyyət müəssisələrimizdən fərqlənir. Hazırda muzey fondunda Ümummilli Liderimizin həyat və fəaliyyətini özündə əks etdirən 5413 eksponat toplanmış və bunlardan 3000-dən çoxu ekspozisiyada və kitabxanada nümayiş etdirilir. 
    Azərbaycan Respublikasında Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan çoxsaylı muzey və mərkəz yaradılmışdır. Bunlar içərisində Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin xüsusi yeri və əhəmiyyəti vardır. Muzeyi fərqləndirən əsas cəhət odur ki, bu mədəniyyət müəssisəsi Ulu Öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi özünün birbaşa himayəsi nəticəsində günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Həm də Ümummilli Liderin sağlığında Azərbaycanda yaradılmış ilk belə muzeydir. Ulu Öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvana səfəri zamanı özü bu mədəniyyət müəssisəsini ziyarət etmişdir.
    Haqqında bəhs etdiyimiz muzeyi digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də Ulu Öndərin muzeyin yerləşdiyi bölgə ilə əlaqələrinə dair eksponatların burada kifayət qədər çox olması eksponatların əksəriyyətini təşkil etməsidir.  Qədirbilən xalqımız öz dahi oğlunun əziz xatirəsini beləcə əbədiləşdirmişdir.
    Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli bir missiyanı öz üzərinə götürmüş və bu müqəddəs məramı bu gün də uğurla həyata keçirir.
    Ulu Öndərimizin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl örnək, həyat məktəbidir. Dahi şəxsiyyət Heydər Əliyev yeni, müstəqil Azərbaycanın qurucusudur. Görkəmli siyasi xadim bu quruculuğa ötən əsrin 60-cı illərinin sonundan başlamışdır. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır. Rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bütün bunlar Ulu Öndərin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli konsepsiyanın tərkib hissələri idi. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Ulu Öndərin həyat və fəaliyyətini, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolunu və əvəzsiz xidmətlərini özündə ehtiva edən Heydər Əliyev Muzeyi respublikamızda xüsusi yeri olan elmi-tədqiqat müəssisəsidir.
    Muzeydə nümayiş etdirilən eksponatlar Ümummilli Liderimizin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi  işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatların köməyi ilə Ulu Öndərin mənalı həyatı, xalqımızın rifahına, xoş gələcəyinə yönəldilmiş fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər bir tarixi hadisə ilə bağlı Ümummilli Liderimizin öz sözləri, fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları verilmişdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyətinə başladığı və Dövlət Təhlükəsizlik Komitəsindəki xidməti, 1969-1982-ci illər Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana tarixi qayıdışı və muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü öz əksini tapıb. Həqiqət budur ki, 1969-2003-cü illər Azərbaycanın ictimai-siyasi, mədəni tarixi Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənlik və müdrikliklə yaradılmışdır. 60-cı illərin sonundan Ulu Öndərin başladığı bu siyasi proseslər sonda Azərbaycanın dövlət müstəqilliyinin qazanılması ilə dövlətçilik tarixinə əbədi yazıldı.
    Bu gün Heydər Əliyev siyasi irsindən öyrəndiklərimiz bu dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin, sadəcə, bir hissəsidir. Hazırda Azərbaycanda və dünyada nüfuzlu elmi-tədqiqat və siyasət mərkəzlərində, ali təhsil müəssisələrində Heydər Əliyev siyasi irsi araşdırılır, öyrənilir və tədris edilir. Bu əhəmiyyətli təcrübə isə ilk dəfə Naxçıvanda sağlığında adını daşıyan muzeydə reallığa çevrildi.
    Hər bir Azərbaycan gənci, ziyalısı, vətəndaşı bu siyasi irsi mütləq öyrənməli və dövlətçilik naminə bu irsdən bir təlim, nəzəriyyə kimi istifadə etməlidir. Bu baxımdan muzeydə qorunub saxlanılaraq nümayiş etdirilən 5413 ədəd eksponat Heydər Əliyev dövlətçilik təliminin öyrənilməsində və təbliğində çox mühüm bir missiyanı yetirir.
    Heydər Əliyev siyasi irsi həm də mənəviyyat və mədəniyyət salnaməsidir. Bu isə ziyalılarımızın, gənclərimizin, məktəblilərimizin, hərbçilərimizin  bu tükənməz mənəvi xəzinəyə marağının daha da artmasına səbəb olur, onlarda Ulu Öndərin simasında doğma Vətənə məhəbbət, tariximizi, mədəniyyətimizi dərindən, hərtərəfli öyrənməyə geniş maraq oyadır və insanlarda mənəvi-əxlaqi, bədii-estetik tərbiyənin, elmi dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Muzeydə hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Ulu Öndərimizin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti gənclərin daim diqqət mərkəzindədir. 
    Dünya şöhrətli siyasi xadim Heydər Əliyev bütün ömür yolunda daim ətrafında olan insanları öz qeyri-adi fitri istedadı, yaddaşı, bacarığı, qətiyyəti, tükənməz enerjisi və hadisələri qabaqlamaq bacarığı ilə heyrətləndirib. Bu səbəbdən Ulu Öndər həyatının hər bir dövrü əsl örnək, həyat məktəbidir. Təhsildə qazandığı uğurları ilə bugünkü gəncliyə nümunə olub, diplomatlar üçün əvəzsiz siyasət məktəbi yaradıb. Bu dahi şəxsiyyətin 25 illik xüsusi xidmət yolu hər bir zabit üçün əsl kəşfiyyat, qəhrəmanlıq və vətənpərvərlik məktəbinə çevrilibdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, zəngin siyasi irsdən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Bu gün fəxr edirik ki, Ümummilli Liderimiz bizim müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev siyasi irsinin öyrənilməsi bundan sonra da uzun illər, dərin araşdırmalar, çoxillik elmi tədqiqatlar tələb edir.
    Bu irsi dərindən öyrənmək və təbliğ etmək məqsədilə Naxçıvan şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində vaxtaşırı lektoriyalar və açıq dərslər keçilir. Burada Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif dövrləri tarixi-siyasi və ideoloji baxımdan öyrənilir.  Bu zaman muzeydə qorunub saxlanılaraq nümayiş etdirilən eksponatlardan əyani vəsait kimi geniş istifadə edilir. Həmçinin dahi rəhbərin təhsil illərini özündə əks etdirən sənədlər gənc nəslin təlim-tərbiyəsində istifadə edilən əyani vəsait kimi əvəzsiz rol oynayır. Ali və orta məktəblərin tələbə və şagirdlərinin iştirakı ilə muzeydə keçirilən müasir dövr tarix dərslərində Azərbaycanın dövlətçilik tarixinin son yarıməsrlik tarixi dövründə görkəmli siyasi xadim Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılması yolundakı əvəzsiz xidmətləri geniş tədris olunur. Dərslərdə XX əsr Azərbaycan tarixinin elə məqamlarına toxunulur ki, burada Ümummilli Liderin müstəqil Azərbaycan dövlətini yaratması, iqtisadi-siyasi və ideoloji əsaslarını hazırlanması öz əksini tapır. Çünki Heydər Əliyev siyasi irsi müstəqil Azərbaycanın dövlətçilik tarixidir. Keçilən dərslərdə Ulu Öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyaları təbliğ edilir, bütün bunlar isə gənclərə xalqa, Vətənə və dövlətə sədaqətli olmağı aşılayır. Gənc nəsil dahi rəhbər Heydər Əliyev şəxsiyyətini, onun siyasi irsini müvəffəqiyyətlə öyrənir və tədqiq edir. Bundan əlavə, tarixi və əlamətdar günlərdə Heydər Əliyev Muzeyi ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri arasında interaktiv və açıq dərslər keçirilir ki, bu da tükənməz mənəvi-siyasi irsin təbliğinə öz töhfəsini verir. 
    Bu gün Azərbaycan xalqı qürur və iftixar hissi keçirir. Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Azərbaycanın haqq səsi bütün dünyada eşidilir, onun mövqeyi gündən-günə möhkəmlənir, nüfuzu artır, ona olan maraq dairəsi genişlənir. Azərbaycan yeni uğurlara imza ataraq dünyada iqtisadi artım tempinə görə lider dövlətə çevirilib, region dövlətlər arasında iqtisadi və siyasi güc mərkəzinə sahib olub. Qazanılan bütün uğurlar isə Heydər Əliyev siyasi xəttinə sədaqətin nəticəsidir.
    Heydər Əliyev siyasi irsi hər zaman öyrəniləcək, təbliğ olunacaq və yaşayacaqdır. Bu dahi şəxsiyyət Azərbaycan xalqı üçün əzizdir və əbədidir. Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq isə Heydər Əliyev Muzeyinin ən ali vəzifəsidir.

Ramil ORUCƏLİYEV 
Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının 
Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 17.02.2023 22:40