AZ EN RU

Heydər Əliyev irsi gələcək nəsillərə, Vətənə sədaqət örnəyidir

    Tarixdə mövcud olan dövlətlər və xalqlar özlərinin maddi sərvətləri və siyasi qüdrətlərindən çox özündən sonra böyük izlər qoymuş, möhtəşəm işlər görmüş tarixi şəxsiyyətləri ilə tanınırlar. Çünki zamanın istər intibah, istərsə də böhran dönəmlərində millətin və xalqın tale yolu görkəmli tarixi şəxsiyyətlərin fəaliyyəti ilə müəyyənləşir. Zamanın çağırışına cavab verənlər isə böyük şəxsiyyətlərdir. Böyük şəxsiyyətlər olduqca mürəkkəb və taleyüklü məsələləri həll etmək, vətəni xilas etmək üçün tarixin ən həlledici məqamında meydana çıxırlar. 

    Azərbaycanda tarixi ənənələrdən, milli-mənəvi keyfiyyətlərdən bəhrələnərək ölkəsini dünyanın nüfuzlu təsisatlarına inteqrasiya yolu ilə inkişaf etdirmək, xalqının milli hüquqlarını, tarixi haqlarını həyata keçirmək kimi şərəfli missiyanı çiyinlərinə götürən, yeni dünya sisteminin düzənləndiyi və onun yeni idarəetmə formasının meydana gəldiyi bir dövrdə sərt taleyüklü məsələləri həll etməyi bacaran tarixi şəxsiyyətlərin varlığı hər bir azərbaycanlının qürur mənbəyidir. Bu mənada, Heydər Əliyev çox böyük maneələri dəf edərək ən uca zirvələri fəth etməyi bacaran nadir tarixi simadır. Tariximizin son yetmiş ili bu parlaq zəka sahibinin adı ilə bağlıdır. Çünki Onun bütün həyat amalı, fəaliyyətinin bütün dövrü milli-mənəvi inkişafımızın tərkib hissəsi olan milli özünüdərkin, milli birlik ideyasının, milli qürurun, ləyaqətin, məsuliyyət hissinin, vətəndaşlıq duyğularının qədim tarixə, yüksək mədəniyyətə, intellektual səviyyəli cəmiyyətə malik xalqımızın öz mənliyinə sahib olmaq haqqının formalaşmasına təkan vermişdir. 
    Zəkasının qürdəti ilə bir insan ömrünə sığmayan işlər görən dahi Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrdə də, ziddiyyətlərlə dolu taleyüklü məsələlərin meydana gəldiyi dövrdə də, bütün çətinliklərə sinə gərərək qəhrəmanlıq nümunəsi göstərmiş, xalqın rifahı üçün çalışmış, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir. Müstəqil dövlətçiliyin qorunub saxlanmasının, vətəndaş birliyinin yaradılmasının milli-mənəvi və konseptual əsaslarını da məhz Ulu Öndər Heydər Əliyev bərqərar etdi. Dahi şəxsiyyət əhalini vahid ideologiya və müstəqil dövlət ətrafında birləşdirməyi bacardı.
    Bu gün böyük fəxr hissi ilə deyə bilirik ki, XX əsrin son qərinəsində dövlətçiliyimizin bənzərsiz memarı, xalqımızı dünyada tanıdan böyük düha Heydər Əliyevdir.
    Böyük siyasət ustadı, dahi şəxsiyyət Heydər Əliyevin həyat fəaliyyəti siyasi-mənəvi tariximizdə elə bir uca zirvədir ki, o zirvənin əzəmətini, böyüklüyünü bugünkü övladlarımıza, gələcək nəsillərə çatdırmaq, layiqincə tanıtdırmaq təhsil-tərbiyə işçiləri qarşısında duran başlıca vəzifələrdən biridir. Ulu Öndər Heydər Əliyev ruhi-daxili aləmi, sözü və əməli, fikir və düşüncələri, humanistliyi, əqidəliliyi və iradi keyfiyyətləri ilə xalqına, Vətəninə bağlılığı ilə özünə qarşı sonsuz məhəbbət oyatmış, dövlət və dövlətçilik siyasətinin bütün dünyada yeni məzmun istiqamətini, modelini yarada bilmişdi.
    Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti ondadır ki, Onun düşüncələri də, əməli fəaliyyəti də təkcə bu günlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanmış olur. Ona görə də xalqımızın bu günü və sabahı, inam və etiqadı, şərəf və şöhrəti, ümid və güvənc yeri olan Heydər Əliyev dünyəvi dəyərli bir insan, ölkə rəhbəri, hər bir məsələdə Onunla hesablaşmağa ehtiyac doğuran bir fenomendir. Tək özü üçün yaşamayıb, xalqa, millətə bağlı olmaq, Onun dərdi-sərini, ağrı-acısını duymaq və daşımaq, Onunla birlikdə gülmək, birlikdə sevinmək, ümummilli inkişafa, uğurlara, nailiyyətlərə gedən yolu işıqlandırmaq Heydər Əliyevin amalları, düşüncələri, həyat əqidəsi idi. O, böyük vətəndaş kimi düşünməyin simvolu idi, şəxsi səadəti ümummilli səadətə həsr olunmuş şəxsiyyət nümunəsi idi.
    Müasir dövrümüzdə tərbiyə işinin təşkilində diqqət yetirilməsi zəruri olan məqamlardan biri Vətənə sədaqət və vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bu işdə Ulu Öndər Heydər Əliyev irsi, Onun həyat yolu ən dəyərli xəzinədir. 
    Doğrudan da, Ümummilli Liderimiz Heydər Əliyevin elə bir çıxışı, nitqi olmaz ki orada Azərbaycan tarixinin yenidən hazırlanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmasını, hüquqi və müstəqil dövlətimizin əbədi-sönməz olması, onun ərazi bütövlüyünün göz bəbəyi kimi qorunması, sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın erməni işğalçılarından müdafiə olunması ilə bağlı orijinal fikirlər söyləməsin. 
    Hər bir azərbaycanlının müqəddəs borcu və amalı doğma Vətəninə xidmət göstərməkdən, daim Vətənin mənafeyi naminə çalışmaqdan ibarətdir. Hər kəs öz əməli ilə, zəhməti ilə, öz işi və fəaliyyəti ilə Vətəni naminə çalışmağı barədə öz-özünə hesabat verməlidir. Əgər hər bir müəllim vicdanla çalışıb Vətənin gələcəyi olan gənc nəslin tərbiyəsinə ürəkdən yanaşırsa; Vətənin xidmətində duran əsgər ayıq-sayıqlıq, hərbi qaydalara əməl edilməsi, sərhədlərimizin qorunması yolunda sədaqətlilik göstərirsə; hər bir idmançı ölkəmizin bayrağını yüksəklərə qaldırırsa; ali məktəbdə təhsil alan hər bir gənc dünya elminin ən yaxşı ənənələrini və nailiyyətlərini qazana bilirsə, bu onun Vətənə olan xidmətinin nümunəsidir. 
    Vətən deyəndə, ilk növbədə, vətəndaşı olduğumuz doğma Azərbaycanın müstəqil dövlət kimi varlığı, ölkəmizin hərtərəfli inkişafı, mövcud ictimai-siyasi durumu və ən əsası, ölkənin tərəqqisi yolunda hər birimizin üzərinə düşən vəzifələri düzgün dərk etməmizlə bağlı kompleks məsələlər başa düşülür. 
    Dövlətçiliyə sədaqətin, Vətənə məhəbbətin və xalqa etibarlı zəmanətin nümunəsi kimi Ulu Öndərimiz Heydər Əliyevin vətənpərvərlik ideallarını, özünəməxsus aspektlərlə zəngin olan siyasi məktəbinin təhlil edilərək gənc nəslə çatdırılması dövrümüzün ən vacib tələblərindəndir. Təməli ailədə qoyulan vətənpərvərlik hissləri məktəbəqədər təhsil müəssisələrində inkişaf edir, ümumtəhsil məktəblərində sistemləşir, ali məktəblərdə isə daha təkmilləşmə yolu keçir. Bu gün gənc nəsil dahi şəxsiyyət Heydər Əliyevin həyat və iş təcrübəsini dərindən mənimsəməklə, öz gələcək inkişaf yolunu yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik humanist, sədaqətlilik idealları üzərində qurmalıdır. 
    Vətənə sədaqət hisslərinin təzahürü dahi şəxsiyyət Heydər Əliyevin “Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm” sözlərində əksini tapır. Bu fikirlərlə əsl vətənpərvərin Vətəninə olan məhəbbət və sədaqətinin nə qədər güclü olması duyulur. Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan daxili və xarici düşmənlərə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır”, “Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram” söyləyən dahi şəxsiyyət dövlətinə sədaqəti, millətinə sevgisini dilə gətirir.
    Heydər Əliyev şəxsiyyətinin Vətənə sədaqət hisslərini öyrənərkən, Onun milli-mənəvi dəyərlərimizə olan hədsiz məhəbbətini, xalqımızın əsrlərboyu formalaşan adət-ənənələrinə, dilimizə, dinimizə olan qayğısını mütləq qeyd etməliyik. Heydər Əliyev vətənpərvərlik məktəbinin əsas qayəsi məhz Onun Azərbaycan xalqının nəcib əxlaqi keyfiyyətlərinə olan dərin sevgisi, əsl azərbaycanlıya xas olan mərdlik, məğrurluq, qürur, qeyrət, namus və vicdan hisslərinin daim yüksəkdə tutulması, xalqımızın qədim tarixi və mədəni irsinə olan hörmətidir. 
    Ölməz şəxsiyyət Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqının mənafeyinə yönəlmişdir. O istər təsərrüfat, istər sənaye, istər iqtisadiyyat, istər mədəniyyət və mənəviyyat, istər elm və təhsil sahələrinin, bütövlükdə, həyatın bütün sahələrinin inkişafına var qüvvəsi ilə çalışmış, yalnız bir amala xidmət etmişdir. O da xalqın mənafeyi, əhalinin rifahı olmuşdur. 
      Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tövsiyələrini rəhbər tutmaq, həyat yolunu öyrənmək və böyüyən nəsilləri bu nümunə əsasında tərbiyə etmək hər bir vətəndaşımızın mənəvi borcu olmalıdır. Ulu Öndərin daxili aləmində, əməlində, sözündə, fikir və humanistliyində, əqidəsində xalqına və Vətəninə bağlılığını əks etdirən müdrik keyfiyyətlərini gələcəyimiz olan övladlarımızın ruhuna, canına və qanına hopdurmaq lazımdır ki, xalqın və ölkənin gələcək taleyi etibarlı əllərdə olsun. Onun mənalı ömür yolunu, ideyalarını, zəngin irsini öyrənməli və öyrətməliyik. Dahi rəhbərin dövlətçilik, Azərbaycançılıq, vətəndaşlıq haqqında fikirlərini mənimsəməli, irəli sürdüyü ideyaları sevməli, yaşatmalıyıq. Heydər Əliyev təlimini öyrənməklə, qarşıya çıxan problemlərin həllində bu xətti tətbiq etməyi bacarmaqla, bu ideallar ətrafında sıx birləşmək, həmrəylik göstərməklə indiki işlərimizi düzgün qura, işıqlı gələcəyimizi müəyyənləşdirə bilərik. 
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda da qeyd edildiyi kimi: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
    Sərəncamdan irəli gələn Tədbirlər Planında yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər sırasında təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçilməsi yetişməkdə olan nəsillərin Ulu Öndərimizin həyat və fəaliyyəti nümunəsində vətənpərvərlik və Vətənə sədaqət tərbiyəsinin düzgün və məqsədyönlü təşkili baxımından mühüm vasitədir. Bu dərslər Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin və irsinin öyrənilməsində geniş imkanlar yaradacaq, məktəblilərdə Ulu Öndər haqqında bilikləri zənginləşdirəcək, yetişən nəsillərin vətənpərvərlik və Vətənə sədaqət tərbiyəsinin dərinləşməsini təmin edəcəkdir.
    Ulu Öndərin vətənpərvərlik və Vətənə sədaqət tərbiyəsi konsepsiyasını geniş və hərtərəfli şəkildə yaymaq məqsədilə kütləvi informasiya vasitələrində təbliğatın aparılması, dövri və pedaqoji mətbuatda materialların, geniş müzakirələrin verilməsinə ciddi ehtiyac vardır. 
    Hər bir millətin gələcəyi indi yetişən nəsildən asılıdır, onların ağıllarından, mənəviyyatından, ideallarından və bu ideallara sadiqliyindən, inamlarından asılıdır. Yetişən nəslin düzgün istiqamətləndirilməsi gələcəyin düzgün qurulması deməkdir. Müasir Azərbaycan dövlətçiliyinin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış dahi şəxsiyyət Heydər Əliyevin ideya dünyası Onun davamçılarının yoluna həmişə işıq salacaq, Günəş kimi əbədi şölələnəcəkdir. Ona görə də bu təlimin mahiyyətini, həyati zəruriliyini yetişən nəslə, ümumtəhsil məktəbləri şagirdlərinə çatdırmaq, onlara bu ideallarla yaşamağın qanunauyğunluqlarını dərk etdirmək uzun illər ərzində öz milli-mənəvi dəyərlərindən ayrı salınmış bir xalqın özünəqayıdış və özünüdərkini Ulu Öndər Heydər Əliyev irsi nümunəsində tərbiyə etmək çox mühüm vəzifə olmalıdır.

Lalə ALLAHVERDİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun  pedaqogika və psixologiya kafedrasının dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru

Nəşr edilib : 11.08.2023 20:53