AZ EN RU

“Heydər Əliyev İlinə” növbəti töhfə

    AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyasının növbəti kitabı işıq üzü görüb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlanır.
    Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyev, tərtibçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur. Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun rəyi ilə “Əcəmi” Nəşriyyat-poliqrafiya Birliyində çap olunub.
    Ümummilli Liderin: “Canım, varlığım qədər sevdiyim Azərbaycanın mənim qibləgahımdır... Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” fikri ilə başlayan nəşrin ilk səhifəsində ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamı verilib.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin kitaba yazdığı “Heydər Əliyev: bəşəri müdrikliyi özündə əks etdirən tarixi şəxsiyyət” başlıqlı ön sözdə Heydər Əliyev şəxsiyyətinin üstün keyfiyyətlərinə və Onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salınır, AMEA Naxçıvan Bölməsinin 21 illik fəaliyyəti dövründə Ulu Öndərin siyasi irsinin tədqiqi ilə bağlı çapdan çıxmış kitab, monoqrafiya və məqalələri, keçirilən elmi konfransları bölmə əməkdaşlarının Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.
    Kitabın aparıcı mövzusu Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlərdir. Burada 15 müəllifin Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, Onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən məqalələri toplanıb.
    Topluda yer alan “Azərbaycan elminin böyük hamisi”, “Ulu Öndər Heydər Əliyev: bütöv Azərbaycanın lideri”, “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi: milli ideologiya, ana dili və ədəbiyyat siyasəti” və digər məqalələrdə müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri əksini tapıb.
    Qeyd edək ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyası üzrə kitablar 2007-ci ildən başlayaraq nəşr edilir.“Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” bu seriyanın sayca 17-ci kitabıdır.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 02.11.2023 19:36