AZ EN RU

“Heydər Əliyev İli”nə həsr olunan taktiki-təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olun “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı ilə əməliyyat-taktiki təlim keçirib. 
Təlim zamanı şərti baş verən qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları və digər təxirəsalınmaz tədbilər praktiki olaraq nümayiş etdirilib. Təlim Naxçıvan şəhəri ərazisində yaradılan şərti şərait üzrə müvafiq qurumlar tərəfindən qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə edib.  
Təlim planına uyğun olaraq ilkin şərti məlumata əsasən, saat 08.30-da episentiri Culfa rayon Darıdağ massivi olmaqla 6,8 bal gücündə şərti zəlzələ baş verib. Saat 08.32-dən başlayaraq Fövqəlаdə Hаllаr Nаzirliyinin “112” qaynar xəttinə daxil olan məlumatlara əsasən, şərti zəlzələ nəticəsində yollar, körpülər, yaşayış binaları, digər tikili və infrastruktur obyektlərində “dağıntılar”, strateji obyektlərdə “qəzalar” baş verib. Təbii fəlakət nəticəsində dağıntılar altında qalanların, çoxlu sayda ölən və yaralananların olması ehtimal edilir. 
Yaranmış şərti vəziyyətlə əlaqədar hadisə yerinə dərhal xilasetmə qurumlarının şəxsi heyəti və texnikaları cəlb olunub.
Əvvəlcə mühəndis kəşfiyyatı aparılıb, şərti olaraq dağılan yollardan avtomobillərin keçidləri üçün yollar açılıb. Məlumatların toplanması və qarşılıqlı əlaqənin təmin olunması məqsədi ilə idarəetmə məntəqəsi yaradılıb. Hərəkət marşrutlarında və fövqəladə hadisə rayonunda mühafizə, komendant xidməti təşkil olunub. Ərazidə ümumi kəşfiyyat aparıldıqdan sonra qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb. Belə ki, dağıntıya məruz qalan obyektlərdə baş verən yanğınlar qarşısı alınıb və söndürülüb. Uçqun zonalarında kinoloqlar və axtarış qruplarının fəaliyyətinə başlanılıb. Bundan sonra xilasedicilər beton plitələr arasından, uçqundan, zirzəmidən və yuxarı mərtəbələrdən xilasetmə işlərini aparıb.
Eyni zamanda Daxili İşlər Nazirliyinin post patrul xidməti  və Daxili Qoşunların xüsusi təyinatlıları tərəfindən hadisə baş verən yerdə talançılıq, soyğunçuluq edən qruplar zərərsizləşdirib. 
Baş verən şərti zəlzələ nəticəsində dəmir yolu nəqliyyatına da ciddi ziyan vurub. Bu məqsədlə baş verən qəzaların nəticələri aradan qaldırılıb.
Şərti təbii fəlakət nəticəsində ziyan görən insanlar xilas edilərək onlara ilk tibbi yardımın göstərilib və tibb məntəqəsinə, səhiyyə müəssisələrinə təxliyə edilib. 
Növbəti təlim yerində kimya bölüyü tərəfindən  isə zəhərli buludun yayılmasının qarşısının alınıb. Şəxsi heyətin sanitar təmizlənməsi həyata keçirilib. Daha sonra sudan və torpaqdan nümunələr götürülərək, fiziki-kimyəvi və bioloji analizlərin aparılılıb. Həmçinin fəlakət rayonunda dezinfeksiya işlərinin aparılıb.
Təlimdə ərazilərin partlamamış sursatlardan təmizlənməsi və zərərsizləşdirilməsi də məşq etdirilib.
Vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üçün qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsi məqsəsdilə keçirilən təlimdə verilən tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə təlimə ümumilikdə 400-ə yaxın nəfərdən ibarət şəxsi heyət, 50-ə yaxın müxtəlif təyinatlı texnika, 5 təlim görmüş it cəlb edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.10.2023 14:09