AZ EN RU

“Heydər Əliyev İli”nə həsr olunacaq tədbirlərin müzakirəsi keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Naxçıvan şəhər mədəniyyət, gənclər və idman idarələrinin, təhsil şöbəsinin əməkdaşları, uşaq musiqi məktəblərinin direktor və şöbə müdirləri, tam orta məktəblərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə Naxçıvan şəhər İcra hakimiyyətinin başçısının müavini Təhminə Mustafayeva açıb. Bildirilib ki, Bu il müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycanın reallıqları, uğurlar, qələbələr bu yolun təməlində dayanıb” fikirləri dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın mənzərəsini yaradır. Bu gün qalib Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs edərkən inamla bildiririk ki, ölkəmizin hər bir nailiyyəti Heydər Əliyev siyasətinin təntənəsidir.

Diqqətə çatdırılıb ki, bu gün bu siyasətin dövlət başçımız tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, idman, təhsil və mədəniyyət müəssisələrində də müasir şərait yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Müvafiq sənədə əsasən il ərzində həyata keçiriləcək tədbirlərin təqvim planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən icra hakimiyyətlərinə göndərilib. Təqvim planında il ərzində bir sıra tədbirlərin keçirilməsi öz əksini tapıb.

Vurğulanıb ki, keçirilən tədbirin məqsədi “Heydər Əliyev ili” ilə bağlı Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə il ərzində icra ediləcək tədbirlərlə bağlı məlumat vermək, maarifləndirmə aparmaqdan ibarətdir.

Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Elşən Xəlilov və Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanovun da çıxışları olub.

Sonda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov tərəfindən iştirakçılara keçiriləcək tədbirlərin təqvim planı təqdim olunub, təqvim planı ilə bağlı iştirakçılar məlumatlandırılıb, heyətin təklifləri dinlənilib, müzakirələr aparılıb.

Gülcamal TAHİROVA

Nəşr edilib : 17.02.2023 17:30