AZ EN RU

“Heydər Əliyev İli” ilə bağlı keçiriləcək tədbirlərin təqvim planının müzakirəsi olub

 

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli”  elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə yığıncağı keçirilib. 
    Yığıncağı giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva açıb. Bildirilib ki, məlum olduğu kimi bu il Ümummilli Liderimiz, müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Müvafiq sənədə əsasən il ərzində həyata keçiriləcək tədbirlərin təqvim planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən icra hakimiyyətlərinə göndərilib. Təqvim planında il ərzində bir çox tədbirlərin keçirilməsi öz əksini tapıb.
    Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd “Heydər Əliyev İli” ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən il ərzində icra ediləcək tədbirlərlə bağlı maarifləndirmə aparmaqla yanaşı, tədbirdə iştirak edən məsul şəxslərin mövzu ilə əlaqədar təkliflərini nəzərə alaraq ümumtəhsil məktəblərində həmin təklifləri həyata keçirməkdən ibarətdir. 
    Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev də çıxışında qeyd edib ki,  2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində də bir sıra tədbirlər həyata keçirilir.
    Diqqətə çatdırılıb ki, ümumtəhsil məktəblərinin kitabxanalarında “Heydər Əliyev İli” başlıqlı guşələr yaradılıb, “Heydər Əliyev irsi milli dəyərimizdir”, “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzularında dəyirmi masa, müxtəlif bilik yarışları, intellektual oyunlar, “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti”, “Ümummilli Liderin həyatı və fəaliyyəti” mövzularında tədbirlər, şeir, rəsm müsabiqələri, viktorinalar keçirilib, şagirdlər tərəfindən “Heydər Əliyev – Xilaskar ömrü” sənədli filmi izlənilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hazırladığı qrafikə əsasən Heydər Əliyev muzeyində 13, 14, 15 və 16 nömrəli tam orta tam məktəblər üzrə hər bir məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərslər keçilib. Eyni zamanda “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif sərgi, festival, rəsm, inşa müsabiqələrinin, kitab müzakirələrinin, dəyirmi masaların, açıq dərslərin, idman tədbirlərinin, viktorinaların, ədəbi-bədii gecələrin, Heydər Əliyev muzeyinə ekskursiyaların təşkili il ərzində nəzərdə tutulub.
    Sonda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı iştirakçılara təqdim olunub, təqvim planı ilə bağlı iştirakçılar məlumatlandırılıb, müəllim heyətinin təklifləri dinlənilib, müzakirələr aparılıb. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.02.2023 20:15