AZ EN RU

“Heydər Əliyev İli” çərçivəsində yeni yaradıcılıq müsabiqələrinə start verilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş  ifaçılıq, rəqs və  rəsm müsabiqələrinin keçirilməsinə başlanılıb.
    Tədbirin təşkilində məqsəd  muxtar respublikada yaşayan istedadlı gənc və yeniyetmələrin aşkar edilib, üzə çıxarılması, onların   yaradıcılıq potensialının inkişaf etdirilməsidir. İfaçılıq müsabiqəsində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri  iştirak edəcək. Müsabiqədə fərdi nominasiyalar 2, kollektiv nominasiyalar, rəsm və rəqs sənəti nominasiyaları isə 1 turdan ibarətdir. Müsabiqənin şərtlərinə görə iştirakçılar yalnız təhsil aldıqları ixtisas üzrə müsabiqədə iştirak edə bilərlər fərdi nominasiyalar üzrə 2 yaş qrupu müəyyən edilib. Müsabiqədə fərqlənən  ifaçılar və kollektivlər Naxçıvan şəhərində keçiriləcək yekun konsertdə iştirak edəcəklər. II turun iştirakçıları, o cümlədən müəllimlər, konsertmeysterlər, həmçinin göstəricisi yüksək olan məktəblər müsabiqənin yekunlarına görə “İlin məktəbi”, Fəxri fərman və diplomla mükafatlandırılacaq.
    Gənc istedadlara dövlət qayğısının artırılması, rəsm ixtisası üzrə tədrisin  səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” muxtar respublika rəsm müsabiqəsi iki yaş kateqoriyası üzrə keçiriləcək. Müsabiqə qalibləri yekun tədbirində mükafatlandırılacaq və  əsərlərindən ibarət sərgi təşkil olunacaq.
    Uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçiriləcək rəqs müsabiqəsi isə 2 yaş qrupu üzrə keçirilir, müsabiqənin iştirakçıları solo (fərdi), duet və qrup nominasiyaları üzrə müsabiqədə iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2023 20:00