AZ EN RU

“Heydər Əliyev həftəsi” çərçivəsində “Unudulmaz lider 100” adlı foto-xalça sərgisi və tamaşa nümayiş olunub

Dekabrın 28-də  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında  “Unudulmaz lider 100” adlı foto-xalça sərgisi və “Xilaskar” tamaşasının nümayişi keçirilib. Mədəniyyət, ictimaiyyət, yaradıcılıq birliklərinin nümayəndələrinin, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələrinin qatıldığı tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Həsən Seyidov Ulu Öndərin  100 illik yubileyinin ölkəmizdə böyük qürur və bayram əhvali-ruhiyyəsində qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi  “Heydər Əliyev həftəsi” elan olunub. Həftə çərçivəsində Ulu Öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərinə  həsr olunmuş silsilə tədbirlər gerçəkləşir.

  “Unudulmaz lider 100” adlı foto-xalça sərgisinin məqsəd və əhəmiyyətindən danışan “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov vurğulayıb ki, sərgidə Ümummilli Liderə məxsus xüsusi fotoların  əks olunduğu 44 xalça nümayiş olunur.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev “Heydər Əliyev İli”nin ölkəmizə çox düşərli olduğundan bəhs edib. Tədbirin Ulu Öndərin zəngin irsinin təbliği baxımından olduqca əhəmiyyətli olduğunu bildirib.

Sonra tədbirin iştirakçıları yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilən eyniadlı  tamaşaya baxıblar.

“Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin,  Ümummilli Liderin xilaskarlıq missiyasının  səhnə həllidir.  Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Səhnə əsərində  Xalq artistləri - Rza Xudiyev, Həsən Ağasoy, Əməkdar artistlər - Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseyinquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar rol alıb.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.12.2023 19:55