AZ EN RU

“Heydər Əliyev həftəsi” çərçivəsində ilk tədbir – “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan olunub.

Həftə çərçivəsində ilk tədbir dekabrın 25-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında gerçəkləşib. Muxtar Respublika kitabxanaçılarının iştirak etdiyi tədbiri giriş nitqi ilə açan Mədəniyyət Nazirliyi Aparatının kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli bildirib ki, həftə çərçivəsində Ulu Öndərin mədəniyyətimizin inkişafı, dünyada tanıdılması sayəsində müstəsna xidmətlərinə həsr olunmuş silsilə tədbirlər baş tutacaq, tamaşa və film nümayiş olunacaq.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının baş kitabxanaçısı Nuridə Kəngərli, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov çıxışlarında Ümummilli Liderin “Kitabxanalar xalqın milli sərvətidir” fikrini xatırladaraq, dahi rəhbərin ölkəmizdə kitabxanaçılıq işinin təkmilləşməsi, inkişafı sahəsində xidmətlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, ötən əsrin 70-ci illərindən başlayaraq bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Ulu Öndərin diqqəti sayəsində gerçəyə çevrildi. Ulu Öndərin xüsusi tapşırığı əsasında müstəqillik illərində “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar və “Kitabxana işi haqqında” Qanun qəbul edildi, “Milli Kitabxana” statusu müəyyən olundu. Dahi liderin böyük uzaqgörənliklə həyata keçirdiyi inqilabi fikirlər sayəsində Azərbaycanda kitabxana işinin dövrün tələbləri səviyyəsində qurulması, onların mühafizə olunub gələcək nəsillərə çatdırılması, iş proseslərinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması sahəsində yeni bir mərhələ başlandı.

Həmçinin vurğulanıb ki, kitabxana işi sahəsində Ulu Öndər tərəfindən əsası qoyulmuş inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışların ardından  “Əbədiyyətin ilk əsri” adlı filmə və “2023-cü il Heydər Əliyev İlidir” başlıqlı sərgiyə baxış olub.

Qeyd edək ki, “Heydər Əliyev həftəsi” çərçivəsində növbəti tədbir “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusuna həsr olunacaq.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.12.2023 18:08