AZ EN RU

Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza

    Hər bir xalqın tarixdəki yeri və rolu uzaq və yaxın keçmişdə onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlərboyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər zəkası, dühası və istedadı ilə dünyada tanınır, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edirlər. Dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında dövlət modeli yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. 

Tarixşünaslıq Ulu Öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Dahi lider haqqında Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...” 
    Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
    Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. 
    Zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması, sadəcə, sözün redaktəsi deyildi. Bu, dünyada sovet ittifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Bütün bunlar yalnız və yalnız Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək Azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
    Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdi. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur “91-lərin müraciəti” adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Qarşıda isə Ulu Öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi...
    1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu. Prezident seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” deyərək, müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürərək onun həyata keçirilməsinə başladı.
    Ümummilli Lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz Ulu Öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi. 
    Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Azərbaycan xalqı öz böyük oğlunu yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Ulu Öndər Heydər Əliyev siyasi kursundan kənarda müstəqil Azərbaycan dövlətçiliyi yoxdur. Dahi şəxsiyyət Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O bütün vətəndaşların hüquqlarını qoruya bilən bir dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Ümummilli Liderimizin gərgin səyləri ölkədə sabitliyin yaradılmasına və normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da, ümumilikdə, dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
    Ümummilli Lider bir şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. 
    Ümummilli Liderin siyasəti milli maraqlar üzərində qurulmuşdu. Zamanın dahisi tariximizi tarixçidən, incəsənəti sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilirdi. Onun mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.
    Dünya siyasətçiləri, beynəlxalq ictimaiyyət və xalqımız bu dahi insanı Vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və davamlı inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə yüksək dəyərləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri dahi lider Heydər Əliyev şəxsiyyətini həmişə yüksək qiymətləndirmişdir.
    Dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, O, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı və yüksək analitik təfəkkürə, yenilməz iradəyə malik siyasətçi idi. Ona görə də bir sıra hallarda Ulu Öndər Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrossmeysteri” kimi xarakterizə edirlər. 
    Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz qüdrətli rəhbərin qüdrətli əlləri ilə hörülüb. Müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Ümummilli Liderimiz bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söyləyirdi.
     Zamanın dahisinin bizə ərməğan etdiyi zəngin irs bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır.
    Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və ondan faydalanır. Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşiblər.
    Əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
    Bəli, belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi, işğal altındakı torpaqlarımız azad olundu. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. 
    Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu uğurlara ölkə Prezidentinin vaxtilə dediyi “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” fikirlərinə sadiqliyin nəticəsində nail olundu.
    Ötən illərə baxdıqca bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir. Bəli, illər, qərinələr ötəcək. Dünyaya yeni nəsillər gələcək. Zamanın dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru, 
tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 13.12.2023 18:04